25 Dekabr 2024, Çərşənbə

Türkeş kəngərlilərin tayfa qoludur  

Türkeş kəndi Şahbuz rayon mərkəzindən 13 kilometr aralı, dağətəyi ərazidə yerləşir. Bölgənin toponimiyasında kənd adı ilə bağlı “Türkeş kəndi”, “Türkeş dağı”, “Türkeş çayı”, “Türkeş nekropolu” kimi onomastik adlar qeydə alınmışdır. Oykonim mənbələrdə “Tirkeş” və “Tirkəş” şəkillərində yazılmış və 2003-cü idə “Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişik­liklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Türkeş şəklində rəsmiləşdirilmişdir.
Bəzi tədqiqatçılar Tirkeş sözünü yer səthinin quruluşu ilə bağlı “çay qollarının qovuşduğu yer” mənasında açıqlayır. Bu fikirdən fərqli olaraq, Q.Qeybullayev oykonimin mənşəyini Tibet və Çin ərazilərində yaranmış Türkeş xaqanlığının adı ilə əlaqələndirir və türkeşlərin qədim tayfa birləşməsinə aid olduğunu, başqırd, tatar, tuva, altay dillərində də bu tayfa adının qeydə alındığını yazır. Müəllif digər əsərində isə məsələyə aşağıdakı şəkildə yanaşır: “VII-VIII əsrlərdə Qərbi türk xaqanlığına daxil olan bir tayfa “Qurqəş” (“Tirqəş”) adlanırdı. VIII əsrin sonlarında bu tayfa türk xanlığına son qoymuş və bir müddət öz xaqanlığını yaratmışdır. Sonrakı əsrlərdə siyasi hadisələrlə əlaqədar müxtəlif ərazilərə köçmüşlər. Tatarların və başqırdların içərisində “Tirkəş” adlı tayfalar vardır. Dağlıq Altayda bir türkdilli etnoqrafik qrup indi də “tirkəş” adlanır. Ehtimal ki,  türkəşlər monqolların tərkibində Azərbaycana gəlmişlər”.

Fikrimizcə, Şahbuz rayonu ərazisindəki Türkeş oykonimi Çin, Tibet və Dağlıq Altayda yaşayan eyniadlı tayfalarla birbaşa bağlı deyil. Əvvəla, ərazidə bu etnosla bağlı digər iz görünmür və ya tarixi mənbələr  türkeş tayfalarının Naxçıvana gəlişi haqda da heç nə demir. Monqolların tərkibində Azərbaycana, o cümlədən Naxçıvana gəlmiş türkeşlərin birbaşa bu kəndə köçmə ehtimalı da azdır. Belə qənaətə gəlirik ki, toponim Naxçıvan ərazisi, burada baş verən ictimai-siyasi hadisələrlə bağlı yaranmış, kəngərlilərə məxsus tayfa adı əsasında formalaşmışdır. Kəngərlilərin kəlfirli tirəsi tarixən bu kənddə yaşamış və kəndin bütün əhalisi bu tayfaya məxsus olmuşdur. Türkeşlər vaxtilə Kəngərli tayfaları ilə qaynayıb-qarışmış və kəlfirli tayfası ilə qarışıq bir tirə yaranmışdır. Ona görə də “Tirkeş” adını kəngərlilərə məxsus tayfa (tirə) qolu kimi açıqlamaq daha inandırıcıdır. Bu faktı hazırda kənddə  kəlfirlilərə məxsus tayfa nəsillərinin yaşaması da təsdiqləyir.

“Xalxal” da Kəngərli tayfalarına məxsus kənd adıdır

“Xalxal” Babək rayonu ərazisində, Naxçıvançayın sahilində yerləşən kənd adıdır. Bu adda oykonimlər XIII əsrdə indiki İran, XIX əsrdə Naxçıvan və Gürcüstan ərazilərində qeydə alınmışdır. Xalxal toponiminin tarixi bizim eranın ilk yüzilliklərinə aid edilir. Bu haqda danışan T.Hacıyev yazır ki, qərb qrupu dialektlərimizdə “mal-qara saxlanan daldanacaq”, “koma”, “xırda yaşayış yeri” mənasında işlənən “xalxal” sözü eramızın əvvəllərində hunlar tərəfindən tikilən Xalxal şəhərinin adı ilə bağlıdır. Bu şəhər haqqında məlumata Yaqut əl Həməvi və Həmdullah Qəzvininin əsərlərində də rast gəlirik. Digər bir müəllif M.Kalankatlının “Alban tarixi” əsərinə istinadən yazır: “Bizim eranın I minilliyində alban çarlarının indiki Qazax və Ağstafa zonasında qış iqamətgahları “Xalxal” adlanırdı. Bu söz Azərbaycan dilində sonrakı əsrlərdə də “mal ağılı”, “qışlaq”, “tövlə” mənalarında işlənmiş və bununla əlaqədar olaraq “Xalxal” kimi toponimlər yaranmışdır. Ehtimal ki, hələ V əsrdə mövcud olmuş Xalxal təkcə aran çarlarının qış iqamətgahı yox, ümumiyyətlə, aranlıların qışlağı olmuşdur”.
Yuxarıdakı müəlliflərdən fərqli olaraq, M.Vəliyev (Baharlı) xalxallıları dərvişliklə məşğul olub, Səfəvilər dövründə Azərbaycana gələn, köçəri həyat tərzi keçirən, sonralar ölkənin müxtəlif ərazilərində məskunlaşan bir tayfa kimi təqdim edir. Toponimin ilkin yaranışı heyvandarlıqla bağlı olsa da, sonralar məzmununu itirmiş, zaman keçdikcə etnonim və oykonim kimi formalaşmışdır. Belə ki, XIX əsrdə Xalxallı tayfası kəngərlilərin bir qolu kimi Vayxır kəndində qeydə alınıb. Bu tayfaya məxsus ailələr kəndin indiki ərazisindən qışlaq kimi istifadə edib və zaman keçdikcə ərazini daimi yaşayış məntəqəsinə çevirmişlər. Demək, “Xalxal” Kəngərli tayfalarına məxsus kənd adıdır.

Adil BAĞIROV
filologiya elmləri doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR