25 Dekabr 2024, Çərşənbə

Cahanın nəqşi Naxçıvanım. Gündüzlərin başqa, axşamların başqa aləm. Bu axşamlar sehrli nağıllara bənzəyir. Əl-ələ vermiş ulduzların altında gur işıqların parlaqlığından kənara çəkilir qaranlıq. Bu işıqlar mənəvi aləmimizə də yol tapır, işıq salır: bu, ağlımız, şüurumuzdur.
Bu sehrli aləmdə hər bir şey sanki inadedərcəsinə, bir-birilə yarışa girirmiş kimi fərqli və doyulmaz mənzərələr yaradır. Naxçıvan gecələrində təbiət həm də sanki ilhama gəlir bu gözəllikdən: bir rəssama çevrilir, insan duyğularını dilə gətirən rənglər yaradır.

Diqqətlə qulaq kəsiləndə təbiətin qaranlıqdan işığa doğru süzülən həzin, kövrək nəğməsini duyursan. Sanki hardasa bir yerdə nəğmə oxunur. İnsanın bu ecazkar nəğmənin təsiri ilə yaşamaq arzusu dilə gəlir, qurub-yaratmaq diləyi əmələ çevrilir.
Başını qaldırıb göylərə baxdıqda ulduzların əhatəsindəki Ayın səni qoruyurmuş kimi əlvan parlaqlığını duyursan. Bu gözəllikdə həm də bir səs duyulur: biri varmış, biri yoxmuş, bu şəhərdə bir şair varmış. Bu şair gecənin gözəlliyindən yazarmış. Və bu gözəllik sonsuz olduğundan sonu gəlməzmiş bu şerin. Zaman keçir, yenə də bir səs duyulur uzaqdan. Bu səs Naxçıvan gecələrini vəsf edən şeirlərin, mahnıların səsidir.
Naxçıvan gecələrində təbiət də şair ruhlu olur sanki. Elə işıqların düzülüşü bir şeir bəndinə bənzəmirmi? Fənərlər misra olur, ağaclar bir qafiyə. İnsan isə sanki elə öz şair ruhunu  təbiətə təslim edir. Yürüdükcə gecələrə doğru hüzur verən bir sakitlik, bir xoşbəxtlik duyğusu ruhumuzu sarır. Ürəyimizə hökm edən duyğular, beynimizə hakim olan hisslər gecələrin ecazkar­lığına təslim olur. Biz və gecələr. Çox qəribədir, görəsən, insanlar nə üçün gecələr hüznlənərək əzablara düçar olurlar. Bəlkə də, insanlar hüznlənmək üçün gecələri gözləyirlər? Amma Naxçıvan gecələrində bu hüzn, kədər uzaq düşür insandan. Əksinə, bu gecələrdə insan daha da fərəhlənir, çünki yaranan mənzərəni seyr etdikcə ümid çırağı yanır qəlbimizdə. Zaman keçib, qaranlıq işığa təslim olub, yalnız həyatımıza deyil, arzularımıza da işıq düşüb. Naxçıvan gecələrinin parlaqlığı bu ümiddən əvvəl bizə bir gerçəklik vəd edir. Bu, elə bizim arzularımıza doğan işıqlı Naxçıvan gecələrinin yaratdığı reallıq duyğusudur.
Naxçıvan gecələrini daha da ecazkar edən təkcə gur işıqların altında gözoxşayan binalar deyil, eyni zamanda insan ruhunu dinləndirən, ona hüzur verən sakitlikdir: gecənin qaranlığından qorxmadan küçələrdə addımlaya bilərsən.
Həyatda ən pak duyğular dilə gəlməyənlərdir. Çünki o duyğuları ifadə etməyə nə söz tapılıb, nə də cümlə. Bu gözəlliyin qarşısında, sadəcə, susur, sadəcə, şair, yaxud rəssam olmağı arzulayırsan.
    Şairə ilham verən Naxçıvan gecələri!
    Ruhumuza qanad verən Naxçıvan gecələri!
    Xəyallarımızı pərvazlandıran Naxçıvan gecələri!
Şəhər sanki babalarının ruhu onu qoruyurmuş kimi yuxuya gedir. Bu şirin yuxunu ona daşı daş üstünə qoyub möcüzə yaradanlar bəxş edib.

Aytən YUSİFOVA
Foto: Əli XUDİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR