25 Dekabr 2024, Çərşənbə

Hörmətli oxucular! Naxçıvanın muxtariyyət dövründə diyarımızda mədəniyyətin inkişafı istiqamətində görülən işlərdən bəhs edən növbəti yazını təqdim edirik. Qəzetin 12 aprel tarixli sayında dərc olunan  məqalədə 1924-cü ildən müstəqillik illərinə qədər bu sahədə həyata keçirilən tədbirlərdən söhbət açmışdıq. Bu yazıda isə müstəqillik illərində mədəniyyətin inkişafına göstərilən dövlət qayğısından, bu sahənin uğurlarından bəhs edəcəyik.

1993-2003-cü illər. Bu illərdə Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə, o cümlədən mədəniyyətin və incəsənətin inkişafında əldə edilən uğurların əsasında ulu öndər Heydər Əliyevin təməlini qoyduğu inkişaf və tərəqqi strategiyası dayanır.

Bu dövrdə Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində həyata keçirilən mühüm işlərdən biri yeni muzeylərin yaradılması, mövcud muzeylərin zövqlə yenidən qurulması olmuşdur. Bir sıra muzeylər üçün yeni binalar inşa olunmuş, muzeylərimizin bəziləri yeni binalara köçürülmüş, təmir edilmiş, onların ekspozisiyaları yenidən qurulmuşdur. Bu illərdə Naxçıvan şəhərində Heydər Əliyev Muzeyi, C.Məmmədquluzadənin ev-muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, Bəhruz Kəngərli Muzeyi, Açıq Səma Altında Muzey, Xatirə Muzeyi fəaliyyətə başlamışdır. C.Məmmədquluzadənin ev-muzeyinin və Bəhruz Kəngərli Muzeyinin açılışında ulu öndər Heydər Əliyev iştirak etmiş və geniş nitq söyləmişdir.
1996-cı ilin oktyabrında Naxçıvanda böyük romantik şair və dramaturq Hüseyn Cavidin məzarüstü məqbərəsinin açılışı olmuşdur. Bu təntənəli mərasimdə geniş nitq söyləyən ulu öndər Heydər Əliyev sənətkara yüksək qiymət vermişdir. Bu təkcə böyük sənətkara deyil, Cavidlər ailəsinə ucaldılan abidədir.
Naxçıvan Dövlət Musiqili Dram Teatrı və Naxçıvan Dövlət Filarmoniyasının qardaş Türkiyə Respublikasına və İran İslam Respublikasına səfərləri təşkil edilmişdir.
2001-ci ildə “Şərur” Xalq Yallı Ansamblı Misirdə keçirilən XI Beynəlxalq Folklor Festivalında iştirak etmişdir.
Bu illərdə muxtar respublikanın bir sıra bölgələrində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin yaradılmasına başlanılmışdır. Şərur rayonunun Aralıq kəndində, Sədərək rayonunda uşaq musiqi məktəbləri yaradılmışdır.
Naxçıvan torpağının yetişdirdiyi görkəmli şəxsiyyətlərin adının əbədiləşdirilməsi üçün dəyərli işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 15 fevral 2001-ci il tarixli Sərəncamı görkəmli rəssamın adının əbədiləşdirilməsi üçün mühüm işlərin görülməsinə səbəb olmuşdur.
2003-2013-cü illər. “Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir”, – deyən ulu öndərin mədəniyyət siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı tərəfindən bu illərdə mədəniyyət və turizm sahələrinə dair 200-dən çox fərman və sərəncam imzalanması bunun bariz göstəricisidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 fevral 2006-cı il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır. Ümummilli liderimizin mədəniyyət və turizm sahəsində hazırladığı inkişaf strategiyası Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mədəniyyət və incəsənət, turizm sahələrinə qayğısı ulu öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsinin bariz ifadəsidir. Muxtar respublikada geniş vüsət almış abadlıq və qurucu­luq tədbirləri mədəniyyət, incəsənət və turizm sahələrini də əhatə etmişdir. Qədim diyarımızda yeni mədəniyyət müəssisələri, muzeylər, kitabxanalar, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri, teatrlar, turizm obyektləri üçün yeni binalar inşa olunmuş və ya əsaslı təmir edilərək istifadəyə verilmişdir. Mədəniyyət müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi sahəsində görülən işlər bu gün də uğurla davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında”, “Nuh Peyğəmbərin Naxçıvan şəhərində məzarüstü abidəsinin bərpa edilməsi haqqında”, “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” və başqa çoxsaylı sərəncamları tarixi abidələrimizə, maddi-mənəvi dəyərlərimizə, inanc yerlərimizə diqqət və qayğının ən gözəl nümunələridir. Bu gün Naxçıvan Muxtar Respublikasında 1200-dən çox tarix və mədəniyyət abidəsi qeydə alınmışdır.
Əgər 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey vardısa, hazırda qədim diyarımızda 24 müxtəlifprofilli muzey və 1 Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. Muzeylərdən 12-si Naxçıvan şəhərində yerləşir.
Hazırda muxtar respublikanın muzeylərində 110 mindən çox maddi-mədəniyyət nümunəsi qorunub mühafizə olunur.
2010-cu ildə muxtar respublikada 2 muzey yaradılmışdır. Ali Məclis Sədrinin 9 fevral 2010-cu il tarixli Sərəncamı ilə yaradılan Şahtaxtinski­lər Muzeyi, 23 oktyabr 2010-cu il tarixli Sərəncamı ilə yaradılan “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi qədim yurdun görkəmli şəxsiy­yətlərinə ehtiramın ifadəsidir. Muxtar respublikamızda dəniz səviyyəsindən 3700 metr yüksəklikdə Gəmiqaya muzeyi yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 iyun 2013-cü il tarixli “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılmısı haqqında”, 28 iyun 2013-cü il tarixli “Xalq şairi Məmməd Arazın ev-muzeyinin yaradılması haqqında”, 11 fevral 2014-cü il tarixli “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” sərəncamları bu sahədə aparılan işlərin ardıcıllığını və davam etdirildiyini göstərir.
Qədim diyarda mədəniyyətin və incəsənətin bütün sahələri qayğı ilə  əhatə olunmuşdur. 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 40 illiyi dövlət səviyyəsində qeyd edilmişdir. 2013-cü ildə isə Rəssamlar Birliyinin yeni binası və B.Kəngərli adına Sərgi Salonu istifadəyə verilmişdir.
Bu illərdə Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının fəaliyyətində də canlanma müşahidə olunmuşdur. Bu dövrdə Bəstəkarlar Təşkilatının 30 illiyi dövlət səviyyəsində qeyd edilmiş, təşkilatın hesabat konserti olmuşdur.
Teatrlarımıza dövlət qayğısını muxtar respublikamızda fəaliyyət göstərən sənət ocaqlarının timsalında aydın görmək mümkündür. Naxçıvanın mədəni həyatında mühüm rol oynayan teatrlarımız yüksək dövlət qayğısı ilə əhatə olunmuşdur. Muxtar respublikamızda teatrın  zəngin ənənələrinin qorunması, milli teatr sənətinin davamlı inkişafının təmin edilməsi, teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyevin 31 yanvar 2008-ci il tarixli Sərəncamı ilə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyi təntənə ilə qeyd edilmişdir. 2012-ci il fevralın 3-də teatrın binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 4 oktyabr  tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Teatrı ölkəmizdə fəaliyyət göstərən 2 uşaq teatrından biri kimi balaca tamaşaçıların sevimli ünvanına çevrilmişdir.
Naxçıvan Dövlət Filarmoniyasının fəaliyyəti də yaddaqalan mədəni hadisələrlə zəngindir. Dövlət qayğısı sayəsində filarmoniyanın maddi-texniki bazası möhkəmləndirilmiş, filarmoniya üçün səs avadanlıqları, musiqi alətləri, musiqi ədəbiyyatı, geyimlər alınmışdır. Bu illərdə Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri Türkiyə Respublikasında, Rusiya Federasiyasında, Türkmənistan Respublikasında keçirilən müxtəlif tədbirlərdə uğurla çıxış etmişlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 10 yanvar 2012-ci il tarixli “Naxçıvan Dövlət Filarmoniyası Estrada Orkestrinin yaradılması haqqında” Sərəncamından sonra Estrada Orkestrinin yaradılması başa çatmış və orkestrin repertuar zənginliyinə diqqət artırılmış, kollektiv üçün 20 dəst geyim alınmışdır. 2012-ci  ildə Respublika Günü ərəfəsində Naxçıvan teatrı ilə filarmoniya kollektivinin Ü.Hacıbəylinin “Koroğlu” operası əsasında birgə hazırladığı kompozisiya mədəniyyət hadisəsi  kimi dəyərləndirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 aprel 2010-cu il tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Filarmoniyası musiqi mədəniyyətimizdə mühüm hadisədir. Qeyd edək ki, filarmoniyanın xalq çalğı alətləri, kamera orkestrləri, mahnı və rəqs ansamblı, xor kollektivi istedadlı uşaqları öz ətrafında birləşdirmişdir.
Naxçıvan Muxtar Respublikasında uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə göstərilən qayğı və diqqəti xüsusilə qeyd etmək lazımdır. Muxtar respublikada gedən quruculuq işləri bu mədəniyyət ocaqlarını da əhatə etmiş, son illərdə    20-dən çox uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üçün yeni binalar tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.
Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamı xalq yaradıcılığının inkişafında yeni üfüqlər açmışdır. Bu sərəncam həm də zəngin xalq yaradıcılığı ənənələrini yaşatmaq, gələcək nəsillərə çatdırmaq baxımından dəyərlidir. Bu gün muxtar respublikada xalq yaradıcılığına qayğı öz bəhrəsini verməkdədir. Muxtar respublikada Aşıqlar Birliyi yaradılmışdır. 2009-cu ildən başlayaraq Novruz bayramında xalq yaradıcılığı günləri keçirilir. Bu şənliklərdə xalq sənətkarlarının əl işləri, Azərbaycan xalqının tarixini özündə yaşadan müxtəlif əşyalar, muzey eksponatları, milli mətbəx nümunələri nümayiş etdirilir, xalq oyunlarını və musiqisini, yallıları, xalq rəqslərini, toy adətlərini, aşıq musiqisini yaşadan folklor kollektivləri çıxış edirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 aprel 2009-cu il tarixli Sərəncamı ilə yaradılan “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi xalq yaradıcılığının ən qədim və zəngin sahələrindən olan kulinariya mədəniyyətinin sistemli şəkildə öyrənilməsi və təbliğ olunması, tanıdılması sahəsində müəyyən işlər həyata keçirmişdir. Bu dövrdə mərkəzin əməkdaşları Çin Xalq Respublikası, Türkiyə Respublikasında keçirilən tədbir və festivallarda iştirak etmiş, medal və diplomlara layiq görülmüşlər.
Müstəqillik illərində muxtar respublikada gedən mədəni yüksəliş kitabxanalara da öz təsirini göstərmişdir. Muxtar respublikanın bölgələrində inşa olunan 100-dən çox kənd mərkəzində kitabxanalar      üçün nümunəvi şərait yaradılmışdır.     2005-ci ildən başlayaraq Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli Sərəncamı ilə nəşr olunan latın qrafikalı 400 mindən çox kitab kitabxanalara hədiyyə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 aprel 2012-ci il tarixli “Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq, burada Elektron kitabxana yaradılmışdır.
Yüksək zövq və nəfis tərtibatla nəşr olunmuş “Naxçıvan teatrının salnaməsi”, “Naxçıvan milli geyimləri”, “Naxçıvan tikmələri”, “Naxçıvan mətbəxi”, “Azərbaycan xalçaları: Naxçıvan qrupu”, “Naxçıvan xalçaçıları” və başqa kitablar mədəniyyətimizin, incəsənətimizin təbliği baxımından olduqca dəyərli nəşrlərdir.
Naxçıvan torpağının yetişdirdiyi görkəmli şəxsiyyətlərin adının əbədiləşdirilməsi və yubileylərinin keçirilməsi istiqamətində də mühüm işlər görülmüşdür. M.T.Sidqi, M.Şahtaxtlı, B.Şahtaxtinski, H.Cavid, Ə.Cavid, C.Məmmədquluzadə, B.Kəngərli, M.S.Ordubadi, İ.Səfərli, M.Arazın yubileylərinin yüksək səviyyədə qeyd olunması Naxçıvanda böyük mədəni hadisələr kimi dəyərləndirilməlidir.
2009-cu il oktyabrın 14-də Bakıda keçirilən İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması muxtar respublikamızın nüfuzunun və ona göstərilən etimadın nəticəsidir.
Mədəniyyətin inkişaf etdirilməsi həm də qədim diyarımızın regionda tanıdılması və mədəni mərkəz rolu oynamasını şərtləndirir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir”.

Əli RZAYEV
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR