25 Dekabr 2024, Çərşənbə

Onlardan biri milli geyim qalereyamızı və qadın zinət əşyalarını gənc nəslə tanıdan “Tənzərə” yallısıdır.
Ta qədim zamanlardan böyük inkişaf yolu keçib gələn və zəngin irsə malik olan milli geyimlərimiz və qadın zinət əşyaları xalqımızın bədii-estetik dünyagörüşünü, onun maddi-mədəniyyət və məişət ənənələrini yaşadan ən gözəl nümunələrdəndir. Həmin sənət nümunələrində xalqın istedadı, zövqü, adət-ənənəsi, etnoqrafiyası və sair parlaq şəkildə öz əksini tapmaqdadır. Azərbaycan milli geyimləri və qadın zinət əşyaları görkəmli şairlərdən Əfzələddin Xaqaninin, Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin, Seyid Əzim Şirvaninin və başqa ədiblərin əsərlərində dönə-dönə tərənnüm olunmuşdur. Milli geyim və zinət əşyaları haqqında məlumatlara vaxtilə ölkəmizdə olmuş əcnəbi alim və səyyahların, tarixçilərin əsərlərində də rast gəlmək mümkündür. Çox maraqlıdır ki, hələ IX-X əsrlərdə ölkəmizin başqa bölgələri ilə yanaşı, Naxçıvanda da olmuş fars və ərəb səyyahlarının gündəliklərində bu yerlərin sənətkarlarından, onların mahir əlləri ilə qiymətli materiallardan hazırlanmış incə, nəfis qadın zinət əşyalarından danışılır.

Ənənəvi milli geyimlər və zinət əşyalarına televiziya və teatr tamaşalarında, tarixi kinofilmlərdə, eləcə də folklor kollektivləri üzvlərinin çıxışlarında, bayram və el şənliklərində rast gəlirik. Yallı ifaçılarının geydikləri al-əlvan, incə, nəfis geyimlər – çəpkən, vəznəli və çərkəzi çuxa, eşmək, baharı, küləcə, zərif biçimli araqçın, kəlağayı və digər yüngül baş örtükləri, baş, boyun, qol və barmağa, eləcə də libaslara bənd edilən sadə zinət əşyaları milli geyim qalereyamızı gözlərimiz önünə gətirir, onun nümunələri ilə bizləri tanış edir. Bu geyim və zinət əşyalarını tanıdan yallılardan biri də “Tənzərə” yallısıdır. “Tən” və “zər” komponent­lərindən ibarət olub, “yazı” və “zər” – bahalı zinət əşyaları mənasını daşıyan bu yallını ağbirçək nənələrimiz ifa edərkən yaxalarına, boyunlarına, qol və barmaqlarına bütün daş-qaşlarını, zinət əşyalarını vurar, ənənəvi naxış sənətinin müxtəlif növlərində hazırlanan enli kəmərlər bağlayaraq aram-aram oynayardılar. Yallı oynayan qadınların kəmərlərindən onların hansı təbəqəyə mənsub olduğu, məşğuliyyəti, hətta yaşını belə, bilmək olurmuş. Milli geyim qalereyamızı və zərif qadın bəzək əşyalarını bizə çatdıran “Tənzərə”ni üç qrupun oynadığı mənbələrdə qeyd edilir. Buradan belə bir nəticəyə gəlmək olar ki, ən qədim yallılardan sayılan “Tənzərə” Naxçıvan milli geyim və qadın zinət əşyalarının məcmusunu təşkil edir.
Xalq ruhuna oxşayan çalarlarla zəngin olan yallıların sırasında “Köçəri” yallısının da xüsusi yeri vardır. Hərəkət düzümü, ifa tərzi ilə seçilən əmək janrlı yallılardan sayılan “Köçəri” yaylaq yallısıdır. Əski çağlarda Naxçıvanda yaşayan əhalinin maldar­lıqla məşğul olan hissəsinin təsərrüfatlarını dağlıq ərazilərdəki yaylaqlarda inkişaf etdirmək məqsədilə həmin ərazilərə köç edən zaman köçün müəyyən məqamlarını – yaylağa aparılacaq əşyaların tədarük olunmasını, onların heyvanlara yüklənməsini, ağır yük götürən heyvanların çətin və dolayı, daşlı-kəsəkli yollarla hərəkətini, uzun-uzadı əzablı yolları keçəndən sonra məskən salacaqları yaylaq yerində çadır-alaçıqların qurulmasını, təsərrüfatın çəkilən zəhmət sayəsində ruzi-bərəkətli olmasını, bundan sevinən insanların şən əhval-ruhiyyəli anlarını tərənnüm edən cizgilər yallı ifaçılarının hərəkətləri ilə tamaşaçıya çatdırılırdı.
Zaman ötdükcə xalqımızın mədəniyyət incisi olan yallılar əcdadlarımızın ictimai həyat tərzinin, bədii-estetik zövqünün ayrılmaz tərkib hissəsinə çevrilmiş, gözəllik və incəliyin, həyatsevərlik və sevincin, mərdlik və mübarizliyin, vətənpərvərlik və insanpərvərliyin mükəmməl bədii ifadəsi kimi məşhurlaşmışdır.
Mənbələrdə insanların dağ aşırımlarında yaşadıqlarından və ehtiyac üzündən vəhşi heyvanları əhliləşdirmələri haqqında məlumatlara rast gəlinir. Və qeyd edilir ki, bu heyvanlardan ilki at, qoyun və dəvə olmuşdur. Dəvənin ağır yük götürə bilməsi, soyuğa, istiyə, susuzluğa, aclığa dözümlülüyü, sahibinə sədaqətli olması onun məişət üçün olduqca əlverişli heyvan olması fikrinin formalaşması ilə nəticələnmişdir. Mənbələrdə Şərur bölgəsində “Kərimbərli-Kəsəməni” adlanan qədim yaşayış yerinin olması, burada insanların dəvə saxlamaları barədə məlumata rast gəlmək mümkündür. Məlumatlarda həmçinin dəvənin, adətən, yolu kəsə gedə bilməsi faktı da diqqətə çatdırılır. Həmin prosesi özündə ehtiva edən yallılardan birinə “Hoynərə” (“Hoydu, nərim”) adının verilməsi də məhz buradan qaynaqlanır. İki sözün – “hoy” və “nər”in birləşməsindən əmələ gələn “Hoynərə” yallısında “hoy” çarvadarın dəvəni haylayarkən dediyi nida, “nər” isə “erkək dəvə” deməkdir. Sallağı oturma və qalxma hərəkətlərlə ifa edilən, hərəkətdə olan dəvə karvanının yerişini xatırladan “Hoynərə” yallısına bu adın verilməsi həm də çətinliyə düşəndə nərə çəkən dəvəyə insanların sitayişi ilə bağlı olmuşdur.
Şərur yallılarının şahı sayılan “Urfanı” yallısı isə əzəmət, vüqar, mərdlik və qəhrəmanlıq hərəkətləri ilə zəngin olan yallılardandır. Adı “ruh” sözündən götürülən bu yallı ifa edilərkən yallı üzvlərinin bütün bədən əzaları hərəkət edir. Cəld və çevik hərəkətlərlə ifa olunan yallıda yalnız kişilər iştirak edirlər. Mürəkkəb ifa hərəkətləri ilə zəngin olan “Urfanı” yallısına qadınlar və qızlar qoşula bilmirlər. Bu yallının əski çağlarda varlı, imkanlı adamlar tərəfindən ifa edildiyi mənbələrdə göstərilir. İfa xarakteri ilə seçilən “Urfanı”nı cavanlar toy şənliklərində öz məharət, qabiliyyət, istedad və bacarıqlarını nümayiş etdirmək məqsədilə sifariş verərək ifa edirmişlər. Yallının iki ifa variantı bu günümüzə qədər gəlib çatmışdır.    
Yallıların xoreoqrafiyasına görə, iki, üç və dörd addımlı hərəkətlərdən ibarət olması Naxçıvan ərazisində yayılan yallıları ölkəmizin digər ərazilərində oynanılan yallılardan fərqləndirən əsas xüsusiyyətlərindəndir. Tədqiqat materiallarında   göstərilir ki, nadir hallarda ifa olunan “Üçayağı” və “Üçaddım” yallı növləri də Naxçıvanda yaranmışdır. Bu yallılardan başqa, balaban və nağara, yaxud zurna və nağara kimi musiqi alətlərinin müşayiəti ilə ifa olunan “Köçdü balaban” (“Köşki balaban”) yallısı isə qədim Ordubad torpağının suyunu içmiş, havasını udmuş insanların tərənnüm üsulu olmuşdur.
Haqqında söhbət açılan yallılardan görünür ki, Naxçıvanda yaşayan ulu əcdadlarımız əsrlər boyu rəngarəngliyi və coşqunluğu ilə insanı valeh edən yallılar yaratmışlar.

Nizami ƏZİZƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR