Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Ümumdünya Kitab və Müəllif Hüquqları Gününə həsr edilmiş konfrans keçirilib.
Konfransı Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açaraq tədbirin mahiyyətindən danışıb. O deyib ki, bu barədə qərar 1995-ci ildə Parisdə YUNESKO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu gün bütün dünyada qeyd olunur.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev mövzu ilə bağlı məruzə edib. Məruzəçi bildirib ki, Azərbaycanın müəllif hüquq sisteminin yaradıcısı ümummilli lider Heydər Əliyevdir. Ölkəmizdə müəllif hüquq sisteminin fəaliyyətini tənzimləyən Müəllif Hüquqları Agentliyi ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1993-cü ildə Azərbaycanın ilk ixtisaslaşmış mərkəzi icra hakimiyyəti orqanı statusunda dövlət orqanı kimi yaradılıb.
1996-cı ildə əqli mülkiyyət üzrə ilk müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanun qəbul olunub, bununla da, ölkəmizin əqli mülkiyyət sistemi beynəlxalq sistemə qoşulub.
Qeyd olunub ki, sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə müəllif hüquq sistemi dinamik şəkildə inkişaf etdirilib, qanunvericilik bazası müasir informasiya-kommunikasiya texnologiyalarının tələbləri səviyyəsində daha da təkmilləşdirilib, beynəlxalq standartlara uyğunlaşdırılıb. Prezident İlham Əliyevin 2005-ci il 30 avqust tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin yeni Əsasnaməsi təsdiq olunub. Hazırda agentlik 70-dək vəzifə və funksiyanı yerinə yetirir, ölkəmizdə əqli mülkiyyət sistemi sahəsinin daha da inkişaf etdirilməsi, kadrların peşəkarlığının artırılması istiqamətində tədbirlər həyata keçirir. Bu gün Azərbaycan əqli mülkiyyət üzrə ən zəngin milli qanunvericilik bazasına malik ölkələrdən biridir. Hazırda bilavasitə müəllif hüququ sahəsini tənzimləyən beş qanun fəaliyyətdədir. Ölkəmiz həmçinin müəllif hüquqları sahəsində geniş beynəlxalq əməkdaşlıq əlaqələri yaradıb. Son illərdə dövlətimizin başçısının rəhbərliyi ilə əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında qanun qəbul edilib, əqli mülkiyyət hüquqlarının təminatı mərkəzi yaradılıb, agentliyin nəzdində qaynar xətt fəaliyyət göstərir.
Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Yeganə Rüstəmova və Gülşən Allahverdiyevanın çıxışları olub.
Sonda tədbir iştirakçıları əlamətdar gün münasibətilə təşkil edilmiş sərgiyə baxıblar.
Sona MİRZƏYEVA