25 Dekabr 2024, Çərşənbə

Aprelin 23-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində uşaq ədəbiyyatı silsiləsindən “Təmsillər”, “Poema və pyeslər” və “Şeirlər və hekayələr” kitablarının təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev çıxış edərək keçirilən tədbirin məqsəd və mahiyyətindən danışmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək demişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə qayıdışı ilə milli-mənəvi dəyərlərin dirçəlməsinə, iqtisadiyyatın, sosial sahələrin inkişafına güclü stimul verilmiş, bununla bərabər, hər bir ölkənin gələcək inkişafında mühüm rol oynayan uşaqlara qayğı dövlət üçün prioritet məsələyə çevrilmişdir. Azərbaycan Respublikasının parlaq gələcəyi olan uşaqlara, böyüməkdə olan gənc nəslə son dərəcə qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev deyirdi: “Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Uşağa qayğı göstərmək, uşaqları qorumaq, onları müdafiə etmək bizim vətəndaşlıq borcumuzdur”.
Ümummilli liderimiz Heydər Əliyevin yeni nəsil qarşısında qoyduğu vəzifələri həyata keçirmək üçün bu kursun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bütün zəruri imkanlar yaradılmışdır.
Bildirilmişdir ki, uşaq, yeniyetmə və gənclərin hərtərəfli inkişafını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasında da hər cür şərait yaradılmışdır. İstedadlı uşaq, yeniyetmə və gəncləri üzə çıxarmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə isə “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı ilə isə gənc istedadların “Qızıl kitabı” təsis edilmiş, 2013-cü ildə idman və musiqi sahəsində fərqlənən 3 nəfərin adı həmin kitaba yazılmışdır.
Muxtar respublikada bütün təbəqədən olan uşaqlar dövlət qayğısı ilə əhatə olunmuşlar.
Qeyd olunmuşdur ki, müasir dövrdə xalqımıza kamil, şüurca yetkin insanlar daha çox lazımdır. Belə insanların yetişdirilməsində uşaq ədəbiyyatının misilsiz əhəmiyyəti vardır. Bu baxımdan muxtar respublikamızda uşaq ədəbiyyatının inkişafına həmişə qayğı göstərilmişdir.
2010-cu ildə muxtar respublikada keçirilən Uşaqları Beynəlxalq Müdafiə Günündə çıxış edən Ali Məclisin Sədri uşaq ədəbiyyatının inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq demişdir: “Bu bir həqiqətdir ki, insanın dünyaya, ətraf aləmə və özünə münasibətinin təməli məhz uşaqlıq dövründə qoyulur. Bu yaşda oxunan folklor nümunələri, hekayə və şeirlər uşaq xarakterinin formalaşmasında əhəmiyyətli rola malikdir. Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyi uşaqlar üçün tərbiyəvi mövzuda yaradıcılıq məhsullarının hazır­lanmasına diqqətlə yanaşmalı, muxtar respublikada uşaq ədəbiyyatının inkişafına qayğı göstərməli, yaradıcı ziyalıların qüvvəsini günün aktual məsələlərinin həllinə yönəltməlidir”.
Rəhman Məmmədov demişdir ki, uşaq ədəbiyyatının inkişafı ilə əlaqədar muxtar respublika rəhbərinin Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinə verdiyi tapşırığın icrası ilə bağlı bir sıra tədbirlər görülmüş, uşaq ədəbiyyatının inkişafı nəzarətə götürülmüşdür. Ötən müddət ərzində Ali Məclis Sədrinin himayəsi ilə “Uşaqlar və Günəş” almanaxı, “Gəncliyimiz – gələcəyimiz” kitabı çap olunmuş, “Naxçıvan” jurnalının bir nömrəsi uşaqlara həsr edilmişdir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin 2012-ci ildə keçirilmiş konfransında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq tərtib edilmiş Tədbirlər Planına əsasən, uşaq ədəbiyyatı silsiləsindən “Təmsillər”, “Poema və pyeslər”, “Şeir və hekayələr” kitabları çap olunmuşdur. Qeyd olunan kitablarda mövcud olan şeir, hekayə, təmsil, poema və pyeslər böyüməkdə olan nəslin tərbiyəsində böyük əhəmiyyətə malik olmaqla balacaların vətənpərvərlik, humanizm, düşmənə nifrət, beynəlmiləlçilik ruhunda tərbiyəsində mühüm rol oynayacaqdır.
Sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova, Naxçıvan Dövlət Universitetinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Kamal Camalov, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi Elxan Məmmədov çıxış edərək son illərdə muxtar respublikamızda uşaq, yeniyetmə və gənclərin hərtərəfli inkişafına göstərilən dövlət qayğısından danışmışlar.
Mərasimdə şeir, təmsil və hekayələrdən seçmələr bədii qiraət olunmuşdur.
Sonda tədbir iştirakçılarına yeni kitablardan paylanılmışdır.

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR