25 Dekabr 2024, Çərşənbə

Görkəmli rus teatrşünası Stanislavski yazırdı ki, teatr asılqandan başlayır. Bu sözdə həqiqət var. Professional teatrların təməlində dram dərnəkləri və xalq teatrları dayanır. Bugünkü Naxçıvan teatrı da müstəsna deyil. Çünki bu sənəti yaşadanlar yalnız səhnə fədailəri deyil, həmçinin xalqın özüdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi münasibətilə keçirilən tədbirdə demişdir: “Naxçıvan teatrı da, necə deyərlər, quru yerdən yaranma­mış, özündən əvvəl formalaşmış ənənələrə istinad etmişdir. Bu diyarda dünyəvi teatrın yaranmasına təsir göstərən ən mühüm amillərdən biri min illər boyu formalaşmış xalq teatrı olmuşdur. Əməklə bağlı oyun və rəqslər, mövsüm bayramları, Novruz mərasimləri, aşıq-ozan sənəti, müxtəliftipli meydan-tamaşa növləri xalq teatrının əsasını müəyyən etmiş, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. Bütün bunlar isə, öz növbəsində, dünyəvi peşəkar teatr sənətinin yaranması ilə nəticələnmişdir”.

Naxçıvan Muxtar Respublikasında xalq teatrlarının fəaliyyətinə ciddi diqqət yetirilir. Burada məqsəd muxtar respublika sakinlərinin mədəni istirahətini təşkil etməklə yanaşı, həm də istedadlı insanların üzə çıxarılması, gənc mədəniyyət işçilərinin, gələcək aktyorların yetişdirilməsidir. Şahbuz rayonundakı xalq teatrı da  yeni yaradılan teatrlardandır. Onu da qeyd edək ki, xalq teatrı Şahbuz Rayon Mədəniyyət Evinin dram kollektivinin bazası əsasında yaradılmışdır. 1950-ci illərdə yaradılmış dram dərnəyi illər ərzində püxtələşərək dram kollektivi şəklində geniş fəaliyyət göstərmiş, rayon tədbirlərində, müsabiqə və festivallarda iştirak etmiş, kiçik səhnə əsərlərini ərsəyə gətirərək tamaşaçılar qarşısında çıxış etmişdir.
Ötən əsrin sonlarındakı məlum hadisələrdən sonra mədəniyyət sahəsindəki durğunluq bu kollektivdən də yan keçməmişdir. Son illər muxtar respublikada mədəniyyətin inkişafına göstərilən dövlət qayğısı nəticəsində Şahbuzda da mədəni həyat xeyli canlanmışdır.  Dram dərnəyi öz fəaliyyətini bərpa edərək bir sıra tamaşalar hazırlamışdır. Dram dərnəyinin fəaliyyətində 2011-ci il uğurlu il kimi yadda qalır. Belə ki, kollektiv Ü.Hacıbəylinin “Ər və arvad” üçpərdəli musiqili komediyasına səhnə həyatı verir. Bir həftə əvvəlcədən vurulan afişaları oxuyan rayon sakinlərinin əksəriyyəti həmin gün mədəniyyət evinə axışır.  Kollektiv sübut edir ki, hər hansı bir tamaşa ilə səhnəyə çıxmağa hazırdır. Bu tamaşadan sonra dram kollektivinə “Xalq teatrı” adı verilir. 2012-ci ildə M.S.Ordubadinin “Beş manatlıq gəlin”, 2013-cü ildə Zülfüqar Hacıbəyovun “Evliykən subay” musiqili komediyalarını tamaşaçılara təqdim edən xalq teatrı öz repertuarını genişləndirməyə çalışır. Onu da qeyd edək ki, xalq teatrı daha çox  musiqili komediyalara üstünlük verir.  
Hazırda teatr Ü.Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının stolarxası məşqlərini aparır.
Xalq teatrının uğur qazanmasında quruluşçu rejissor Ramiz Cəlilovun, musiqi tərtibatçısı, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Çingiz Haqverdiyevin böyük əməyi var. İfaçılardan  Azadə Əsgərova, İlahə Şəfiyeva, Tahirə Hacıyeva, Səadət Abdinova, Fazilə Məmmədova, Zərifə Qələndərova, Hava Quliyeva, Çingiz Haqverdiyev, Gündüz Kəlbiyev, Şahin Nəbiyev, İsa Qələndərov, Əkrəm Baxşəliyev, Nihad Hüseynov, Şahin Orucov və Aslan Məmmədovun adlarını çəkə bilərik. Onu da qeyd edim ki, kollektivin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Ötən ay kollektivin üzvü Azadə Əsgərova  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmuşdur.    
Beləcə, çoxdan bəri rayonlarımızda tamaşaçı nəfəsinə həsrət qalan tamaşa salonlarımız yenidən canlanır. Bunun üçünsə xalq teatrlarının yaradılması ideyasını irəli sürən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarıq. Onun sayəsində, bütövlükdə, xalq yaradıcılığımızı sistemli şəkildə, mərhələ-mərhələ əxz etməyə, bu ulu yurdun qədim tarixini gənc nəslə öyrətməyə nail oluruq.

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR