25 Dekabr 2024, Çərşənbə

YUNESKO bəşəriyyətin sosial və mədəni inkişafında kitabın əvəzsiz rolunu qiymətləndirmək məqsədilə 1995-ci ildə 23 apreli Ümumdünya Kitab və Müəllif Hüquqları Günü elan etmişdir. Bu gün 2001-ci ildən etibarən hər il ölkəmizdə də qeyd edilir.
Kitab və müəlliflik bir-biri ilə ayrılmaz əlaqədə, daimi təmasda olan və bir-birini tamamlayan anlayışlardır. Müəlliflik hüququ yaradıcılıq anlayışı ilə bağlıdır. Bu hüquq mədəniyyətin və biliklərin uzaq keçmişindən bəhrələnən məhsuludur. Azərbaycanda kitab nəşrinin, eləcə də müəlliflik anlayışının tarixi çox qədimdir. Xalqımız tərəfindən yaradılan qədim əmək mahnıları, əfsanələr, rəvayətlər, qəhrəmanlıq dastanları əvvəllər şifahi formada yayılmış, sonralar isə daş, ağac, gil üzərinə köçürülərək bu günümüzə gəlib çatmışdır. Orta əsrlərdən başlayaraq görkəmli Azərbaycan şairləri öz şeirlərinin sonunda poetik adlarını işlətməklə müəlliflik hüququnun ilkin səmərəli qorunma formasını yaratmışlar.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizdə kitab mədəniyyətinə, nəşriyyat işinə, kitabların yaradıcıları olan müəlliflərə hər zaman xüsusi diqqət və qayğı göstərmişdir. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq ümummilli liderimizin rəhbərliyi ilə Azərbaycanda mətbəə və nəşriyyat sahələri yenidən qurulmuş, kitab nəşri geniş vüsət almış, yaradıcı insanlar hərtərəfli qayğı ilə əhatə olunmuşlar. Müstəqillik illərində də dahi şəxsiyyətin rəhbərliyi ilə kitab nəşri və müəlliflik hüququ sahəsində ardıcıl tədbirlər həyata keçirilmiş, 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1998-ci ildə “Kitabxana işi haqqında”, 2000-ci ildə “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ölkəmiz “Müəllif hüquqları haqqında” Ümumdünya Konvensiyasına qoşularaq geniş beynəlxalq əməkdaşlığa da başlamışdır. Ulu öndər kitab nəşrinə yüksək qiymət verərək demişdir: “Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi-ictimai həyatında çox görkəmli yer tutur. Ona görə də hər birimiz kitablara borcluyuq”.
Bu gün Azərbaycanda kitab nəşri və kitabxanaların fəaliyyətinin gücləndirilməsi, o cümlədən müəllif hüquqlarının qorunması sahəsində ardıcıl işlər görülür. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahədə uğurlu addımlar atılır. Dövlət başçısının imzaladığı “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamlar görülən işlərin miqyasını daha da genişləndirmişdir. Bu sahədə Heydər Əliyev Fondu tərəfindən də mühüm tədbirlər görülür. Son illər fond tərəfindən tariximiz, mədəniyyətimiz, xalq yaradıcılığımız, musiqimiz, xalçalarımız, muğamlarımız, bir sözlə, mədəni irsimizlə bağlı nəşr olunan kitablar, elektron daşıyıcılar zəngin elmi və mədəni potensialımızın dünyada tanıdılması, xalqımızın müəlliflik hüququnun beynəlxalq aləmdə qorunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdir. Aparılan işlərin bəhrəsi olaraq xalqımızın zəngin mədəniyyətinin və tarixinin ən gözəl inciləri YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Son illər Azərbaycan yazıçılarının əsərlərinin beynəlxalq kitab yarmarkalarında, sərgilərdə nümayiş olunması da bu sahədə əldə olunan müsbət nəticələrdən xəbər verir.
Naxçıvan Muxtar Respublikasında kitab nəşri və müəllif hüquqlarının qorunması istiqamətində görülən işlərin əhatə dairəsi getdikcə genişlənir. Son illər kitabxanalarımızın təmir olunması, yeni inşa olunmuş binalara köçürülməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, elektron kitabxanaların yaradılması, nəşriyyatların müasir çap avadanlıqları və yeni bina ilə təmin edilərək istifadəyə verilməsi kitab nəşrinin sürətləndirilməsinə, müəlliflərin azad və maneəsiz fəaliyyətinə hərtərəfli imkanlar açmışdır. Bu məqsədlə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq Naxçıvan şəhərində Kitab Evi fəaliyyətə başlamış, 2012-ci ildə Naxçıvan Muxtar Respublika Kitabxanasının binası əsaslı şəkildə yenidən qurulduqdan sonra istifadəyə verilmiş, elektron kitabxananın təqdimatı olmuşdur. Ötən il isə Naxçıvan Dövlət Universitetində və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində elektron kitabxanalar istifadəyə verilmişdir. Bundan başqa, muxtar respublikada məhdud fiziki imkanlı şəxslər üçün də kitabxanalar fəaliyyət göstərir. Belə ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində yaradılan audio və elektron kitabxana sistemi bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Muxtar respublikada kitabxanaların maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, kitab fondlarının zənginləşdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli Sərəncamına əsasən nəşr olunan 400 mindən artıq elmi və bədii ədəbiyyat muxtar respublikanın kitabxanalarına paylanmışdır. İstər Naxçıvan şəhərində, istərsə də ucqar dağ kəndlərində kitabxana işinin müasir tələblər səviyyəsində qurulması insanların kitaba olan marağını artırmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğı və himayəsi sayəsində nəşr olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvan xanlığı”, “Naxçıvan tarixi atlası”, “Naxçıvan folkloru”, “Naxçıvan teatrının salnaməsi”, “Naxçıvan milli geyimləri”, “Gənc­liyimiz – gələcəyimiz”, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Nuh Peyğəmbər, dünya tufanı və Naxçıvan”, “Naxçıvan tikmələri”, “Naxçıvan mətbəxi”, “Naxçıvan tarixi” çoxcildliyinin birinci cildi tariximizi və milli dəyərlərimizi öyrənmək üçün dəyərli elmi mənbələrdir.
Bəşəriyyətin elmi və mədəni intibahı insanların yaradıcı təfəkkürünün məhsuludur. Bu mənada Ümumdünya Kitab və Müəllif Hüquqları Günü hər kəsin diqqətini kitabların müəllif hüquqlarının qorunmasına cəlb etməlidir. Xalqımıza Əcəmi Naxçıvani, Bəhruz Kəngərli, Mirzə Cəlil, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Məmməd Araz, İslam Səfərli və digər görkəmli yaradıcı şəxsiyyətlər bəxş edən Naxçıvan torpağında əqli mülkiyyət yaradıcılarının hüquqlarının qorunması sahəsindəki zəngin ənənələr bu gün də davam və inkişaf etdirilir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR