Bu il ölkəmizdə xalqımızın ictimai-mədəni fikir tarixinin böyük nümayəndəsi, maarifçi, ensiklopedik yaradıcılıga malik alim, “Qüdsi” təxəllüslü şair və yazıçı Abbasqulu ağa Bakıxanovun anadan olmasının 220 illiyi qeyd olunur.
Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin “Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında” 12 fevral 2014-cü il tarixli Sərəncamında deyilir: “Ensiklopedik biliyə və əhatəli dünyagörüşünə malik şəxsiyyət kimi Abbasqulu ağa Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irs yaratmışdir. Xalqın həyatında əsaslı dəyişikliklərə yol açmış maarifçilik ideyalarının bərqərar olmasında onun mühüm xidmətləri vardır. Azərbaycanın tarixi keçmişinin müasir dünya elmi səviyyəsində yeni, sistemli tədqiqi mərhələsi Bakıxanovun adı ilə sıx baglıdır”. Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilmişdir.
Tədbirlər planında muxtar respublikanın mədəniyyət müəssisələrində sərgilərin yaradılması, oxucu konfranslarının təşkili və başqa bu kimi tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Abbasqulu ağa Bakıxanovun zəngin və hərtərəfli irsini öyrənmək, əsərlərinin nəşri tarixini tədqiq etmək həmişə alimlərimizi və tədqiqatçılarımızı düşündürmüşdür. Onun həyat və yaradıcılığı həm öyrənmək baxımından zəngin material verir, həm də zəruri tədqiqat tələb etdiyi üçün əhəmiyyətlidir.
Hələ bu böyük şəxsiyyətin sağlığında müasirləri A.S.Qriboyedov, A.Bestujev-Marlinski, V.K.Küxülbeker, A.Çavçavadze, N.Barataşvili, İ.F.Paskeviç, F.Bodenştedt, T.L.Zablotski onun haqqında yüksək fikirlər söyləmişlər. Bu fikirlər “Müasirləri Bakıxanov haqqında” (1959 və 1975) kitabında toplanmışdır.
Ensiklopedik alimin ədəbi-elmi, fəlsəfi irsinin nəşri və tədqiqinə çoxdan başlanmışdır. 1833-cü ildə onun elmi əsərlərindən fars dilinin qrammatikasına aid “Qanuni-Qüdsi”nin farsca orijinalı İranda daş basmaxanasında, 1841-ci ildə isə həmin əsərin rus dilində tərcüməsi Tiflisdə nəşr olunmuşdur. Bundan başqa, 1846-cı ildə “Kafkaz” qəzetində “Gülüstani-İrəm” əsərindən bir hissə dərc edilmişdir. Ədibin bir sıra elmi oçerkləri də o dövrün mətbuat orqanlarında çap olunmuşdur.
A.Bakıxanovun bədii əsərlərindən “Kitabi-Əsgəriyyə”ni Mirzə Əbülhəsən bəy Nəzirov (Zövi) 1861-ci ildə Peterburqda Azərbaycan dilinə aid tərtib və nəşr etdiyi müntəxəbatında nəşr etmişdir. A.Bakıxanov irsini öyrənən tədqiqatçılar rus mənbələrində maraqlı məlumatlara rast gəlirlər.
“Kafkaz” qəzetinin 1846-cı ildə işıq üzü görmüş ikinci nömrəsində akademik B.A.Dorn və M.Brossenin “Gülüstani-İrəm” haqqında yazdıqları rəy çap olunmuşdur. Professor İ.Berezinin “Dağıstan və Zaqafqaziya üzrə səyahət” (1849), Qaksthauzenin “Zaqafqaziya ölkəsi” (1854), akademik Dornun “Kaspi” (1875), alman professor Karl Koxun “Şərqə səyahət” (1847), F.Bodenştedin “Şərqdə minbir gün” (1850), fransız qraf Syuzannenin “Səyahət xatirələri” (1845) əsərlərində də A.Bakıxanova aid maraqlı məlumatlara rast gəlinir.
Ceyhun Hacıbəyli 1928-ci ildə “Jurnal Ariatik”də dərc etdirdiyi “A.Bakıxanov” məqaləsi ilə onu fransız oxucularına tanıtmağa çalışmışdır.
A.Bakıxanov irsinin nəşri və tədqiqi keçən əsrin 40-cı illərində diqqəti daha çox cəlb etməyə başlamışdır. 1944-cü ildə ensiklopedik alimin anadan olmasının 150, 1947-ci ildə isə vəfatının 100 illiyi qeyd edilərkən onun haqqında elmi-kütləvi məqalələr, oçerklər yazılmışdır. Görkəmli Azərbaycan ədəbiyyatşünası Firidun bəy Köçərlinin (1863-1920) “Azərbaycan ədəbiyyatı” kitabı üçün yazdığı oçerk bu illərdə yenidən nəşr olunmuşdur.
Tanınmış Azərbaycan ədəbiyyatşünasları H.Araslı, M.Rəfili, F.Qasımzadə, Ə.Ağayev, M.Sultanov, Ə.Seyidzadə və başqaları böyük alimin irsinin tədqiqində, əsərlərinin çapa hazırlanmasında dəyərli xidmətlər göstərmişlər.
Azərbaycanın görkəmli filosofu Heydər Hüseynovun A.Bakıxanov haqqında yazdığı irihəcmli elmi məqalələr xüsusilə diqqəti cəlb edir. Alimin 1947-ci ildə Azərbaycan Elmlər Akademiyasının “Xəbərlər”ində çap olunmuş “A.Bakıxanovun əxlaq nəzəriyyəsi” adlı elmi məqaləsi çox dəyərlidir. H.Hüseynov ilk dəfə olaraq A.Bakıxanovun “Təhzibül-əxlaq” əsərini təhlil etmiş və böyük alimin əxlaq nəzəriyyəsi haqqında yeni fikirlər söyləmişdir. H.Hüseynov öz elmi məqaləsində qeyd edir ki, A.Bakıxanov qədim yunan filosoflarının əxlaq nəzəriyyələrini, digər tərəfdən, Şərq ədəbiyyatının görkəmli nümayəndələri olan Sədinin, Hafizin və başqalarının əxlaq haqqındakı baxışlarını tədqiq edərək bir sıra maraqlı və orijinal elmi-fəlsəfi mülahizələr irəli sürmüşdür. İlk dəfə olaraq böyük maarifçinin estetik-fəlsəfi baxışlarını işıqlandıran bu məqalə 1949-cu ildə ayrıca kitabça şəklində nəşr edilmişdir.
Görkəmli ədəbiyyatşünas-alim Feyzulla Qasımzadənin A.Bakıxanov irsinin tədqiqindəki müstəsna xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Alim A.Bakıxanov haqqında 15-dən çox məqalə çap etdirmiş və A.Bakıxanova həsr etdiyi kitab 1956-cı ildə nəşr olunmuşdur. Bu kitab A.Bakıxanovun ədəbi irsini öyrənmək baxımından çox qiymətlidir. Monoqrafiya 1958-ci ildə rus dilinə də tərcümə edilmişdir.
1944-cü ildə “Azərbaycan məktəbi” jurnalında görkəmli dilçi-alim Ə.Dəmirçizadənin çap olunmuş “Birinci Azərbaycan dilçisi” adlı məqaləsində böyük alimin bu sahədəki fəaliyyətinə nəzər salınmışdır. Fəlsəfə elmləri doktoru, professor Ənvər Əhmədovun A.Bakıxanovun əsərlərində məntiqi fikirlərin şərhinə həsr olunmuş məqalələri də maraqlı tədqiqatların nəticəsidir. Filosof Ə.Əhmədovun A.Bakıxanova həsr etdiyi monoqrafiya 1989-cu ildə “Elm” nəşriyyatında çap olunmuşdur.
Ədəbiyyatşünas-alim Hidayət Əfəndiyevin A.Bakıxanovun bədii əsərlərinin nəşri ilə bağlı irihəcmli məqaləsi də ədibin yaradıcılığını öyrənmək baxımından dəyərlidir. Bu məqalə 1963-cü ildə nəşr olunmuş “Azərbaycan bədii nəsrinin tarixindən” kitabında işıq üzü görmüşdür.
Tanınmış alim Əbülfəz Xələfovun 1966-cı ildə yazdığı “Azərbaycanda kitabxana irsinin tarixindən (1828-1850)” adlı geniş elmi məqaləsində böyük maarifçinin kitabxanası və bu kitabxanadakı zəngin kitablar haqqında məlumat verilir. A.Bakıxanov haqqında N.Kərəmovun azərbaycanca “Qüdsinin səyahəti” (1983), G.Bakıxanovanın rusca “Qüdsi haqqında etüdlər” (1984) kitabları da maraq doğuracaq elmi əsərlərdəndir.
Bədii ədəbiyyatımızda A.Bakıxanovun obrazının yaradıldığı əsərlər də mövcuddur. Xalq şairləri Qabilin “Dostlar” və Nəriman Həsənzadənin “Zümrüd quşu” poemalarında böyük şairin obrazı canlandırılmışdır. Fəlsəfə doktoru Vəli Həbibbəylinin 1993-cü ildə “Gənclik” nəşriyyatında işıq üzü görmüş “Abbasqulu ağa Bakıxanov” kitabı da sanballı tədqiqiat əsəri hesab oluna bilər.
A.Bakıxanov haqqında müxtəlif illərdə “Şərq qapısı” qəzetində də məqalələr çap olunmuşdur. Şair Hüseyn Razinin “Görkəmli alim və yazıçı” məqaləsi qəzetin 21 iyun 1969-cu il tarixli sayında çap olunmuşdur. Bu məqalə haqqında məlumata Əməkdar jurnalist İttifaq Mirzəbəylinin tərtib etdiyi “Qüdsi əbədiyyəti” (2011-ci il) kitabında da rast gəlirik. Bu kitabda son illər görkəmli alim haqqında nəşr olunmuş kitablar, Bakıxanovların şəcərəsi, alim haqqında müasirlərinin fikirləri, onun haqqında rus dilində mənbələr, hərbi fəaliyyəti və sair öz əksini tapmışdır. Bu kitabın və 2008-ci ildə nəşr olunmuş “Bakıxanovların ekran təcəssümü” kitabının ərsəyə gəlməsində böyük alim və yazıçının nəslinin tanınmış nümayəndəsi, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Tofiq Bakıxanovun xidmətləri böyükdür. Kitablarda Xalq artistinin arxiv sənədlərindən istifadə edilmişdir.
A.Bakıxanovun əsərləri kitab halında dəfələrlə nəşr edilmişdir. Bu sahədə qocaman ədəbiyyatşünas-alim və tərcüməçimiz Məmmədağa Sultanovun xidmətləri əvəzsizdir. A.Bakıxanovun “Bədii əsərləri” (1964 və 1973), “Hind əfsanəsi” (1957 və 1972) və başqa kitabları onun tərtibi, tərcüməsi, müqəddimələri, şərh və lüğətləri ilə oxuculara təqdim olunmuşdur. Müstəqillik illərində A.Bakıxanovun əsərləri latın qrafikası ilə kütləvi şəkildə nəşr edilmişdir.
A.Bakıxanovun “Gülüstani-İrəm” əsərinin 1970-ci il nəşrində müqəddimə rus, Azərbaycan və ingilis dillərində verilmiş, mətn isə fars dilində nəşr olunmuşdur. Böyük alimin Əsrarül-məlaküt (“Kainatın sirləri”) əsəri ilk dəfə olaraq 1986-cı ildə ərəb dilindən Azərbaycan dilinə tərcümə edilərək kitab halında nəşr edilmişdir. Əsəri ərəbşünas-alim Sənubər Atakişiyeva tərcümə etmişdir.
Böyük ensiklopedik alim, yazıçı və şairin elmi və bədii irsinə maraq bu gün də böyükdür. A.Bakıxanovun elmi və bədii əsərləri bu gün də aktuallığını və müasirliyini qoruyub saxlayır. Azərbaycan xalqı üçün dəyərli əsərlər miras qoymuş A.Bakıxanovun xatirəsi bu gün də ehtiramla yad edilir. Qısa, lakin mənalı ömür sürmüş böyük alim və şəxsiyyətin əsərlərinin tədqiqinə və nəşrinə həmişə ehtiyac duyulacaqdır. A.Bakıxanov ensiklopedik biliklərə malik bir şəxsiyyət kimi tarix, poeziya, arxeologiya, filologiya, astronomiya, fəlsəfə, coğrafiya, etika, pedaqogika ilə müntəzəm məşğul olmuşdur. Yazını mərhum akademik Fuad Qasımzadənin 2000-ci ildə nəşr olunmuş “Qüdsi haqqında düşüncələr” kitabındakı bu fikirlə bitirmək istərdim: “A.S.Puşkin Lomonosovun ensiklopedik yaradıcılığını, gördüyü çoxtərəfli, əhatəli işləri nəzərə alıb onu “bizim universitetimiz” adlandırmışdı. Belə bir tarixi rolu bizim üçün, Azərbaycan xalqı üçün, türk dünyası üçün Abbasqulu ağa Bakıxanov oynamışdır. O, “bizim universitetimizdir”.
Əli RZAYEV