25 Dekabr 2024, Çərşənbə

Bu yazını hazırlayarkən yadıma görkəmli yazıçımız Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsərindəki “İtə ataram, yada satmaram” fəsli düşdü. Böyük oğlu zindanlara atılan, ehtiyac ucbatından kiçik oğlu uşaq yaşlarında bir tikə çörək qazanmaq üçün özgə qapılara düşən ana öz əlləri ilə toxuduğu, gözünün nurunu, ürəyinin döyüntülərini həkk etdiyi xalçanı satmaq üçün həftəbazarına çıxarır. Xalçanın çox qiymətli olduğunu bir əcnəbi ilk baxışda hiss edir. Onu almaq istəyir. Dəfələrlə təkid etsə də, ana razı olmur. Ananın zəngin daxili aləmi bu vaxt üzə çıxır: “Yada satmaram”.

Bitkin bir əsər təsiri bağışlayan bu fəsildə qürurlu Azərbaycan qadınının xalqımızın ən qiymətli milli dəyərlərindən biri olan xalçaya münasibətini görəndə istər-istəməz düşünürsən: budur, dəyərlərimizə ehtiram; budur, ulu keçmişdən bizə yadigar qalan sərvətlərə məhəbbət.
Bu gün xalçaçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirləri göz önünə gətirsək, milli dəyərlərimizə ehtiram və məhəbbətin yüksək səviyyədə olduğunu görərik.

Elə buradaca qədim diyarımızda xalçaçılığın tarixinə qısa səyahət yerinə düşər.
Aparılan arxeoloji tədqiqatlar nəticəsində xalça toxunuşunda istifadə olunan ibtidai gil cəhrələr və sümükdən hazırlanmış iy ucları kimi materialların əldə edilməsi Naxçıvanın Azərbaycanın ən qədim toxuculuq mərkəzlərindən biri olduğunu sübuta yetirir. Orta əsr ərəb müəllifləri də Naxçıvanda xalçaçılığın geniş vüsət alması və bu ərazidə toxunan xalçaların şöhrət qazanması barədə öz əlyazmalarında dəyərli məlumatlar veriblər.
Azərbaycan xalça sənətini öz ənənəvi naxışları və elementləri, özünəməxsus şux rəng çalarları ilə zənginləşdirən Naxçıvan xalçaları bu gün də öz dəyərini saxlamaqdadır. Qeyd edək ki, xalça sənətinin Naxçıvanda geniş yayılmasına xalqımızın məişət və estetik tələbatı rəvac verib. Bu ərazidə istehsal edilən iriölçülü, qalın toxunuşa malik xovlu və keçə, palaz, cecim, kilim, şəddə, zili kimi xovsuz xalçalardan evlərdə döşəmələrin örtülməsində, otaqların isidilməsində və bəzədilməsində istifadə edilib. Xalça sənəti Naxçıvanın Şərur, Şahbuz, Ordubad, Culfa bölgələrində daha geniş yayılıb.
Bu yazımızda Şahbuz rayonunda xalçaçılığın yaşadılmasında əməyi olan insanlar, bu bölgədə xalça toxunuşunun xüsusiyyətləri və xalçaçılığın inkişafına göstərilən dövlət qayğısı barədə məlumat verəcəyik.
Şahbuz xalçalarını bəzəyən əsas elementlərdən şaquli istiqamətli zolaqlar, romblar, qarmaqlı həndəsi elementlər və nəbati ornamentlər, heyvan təsvirləri kimi naxışlar xalqın genetik yaddaşından silinməyən inanc və təsəvvürlərlə bağlıdır. Bu naxışlar sistemi semantika müxtəlifliyindən asılı olmayaraq, bir məkan üzərində real şəkildə ənənəvi üslubda yerləşdirilərək xalçaya ritmik və dinamik ahəngdarlıq verir. Naxçıvan xalçaları içərisində öz spesifik toxunuşu və bədii quruluşu ilə seçilən xovsuz xalça növü olan şəddə süjet semantikası baxımından çox maraqlıdır.
Rayonun Kolanı, Aşağı və Yuxarı Qışlaq, Biçənək, Qızıl Qışlaq və Güney Qışlaq yaşayış məntəqələrində xalça ustalarının yaratdıqları xalça nümunələri ən qiymətli sərvət kimi qorunub saxlanılır. Bir vaxtlar Teymur Rüstəm­ovun, Zəlbab Mədətovanın, Şükufə Lazımovanın, Aruzə Seyid­ovanın, Nənəş Həsən­ovanın və başqalarının toxuduqları xalçalar işlənmə texnikası, ilmə çeşidləri, rəng çalarları ilə seçilir. Yaxşı haldır ki, rayonda xalçaçılığın inkişafına ciddi diqqət yetirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin əvvəllərində muxtar respublikanın Şərur, Babək, Kəngərli, Culfa, Ordubad və Şahbuz rayonlarında xalçaçılıqla məşğul olan qadınlara hana, yun ip, lazım olan toxuculuq ləvazimatları verilib. Bu qayğıdan Şahbuz rayonunun Kolanı kəndində yaşayan Fizzə Quliyevaya, Adilə Namaz­ovaya, Bəsti Əhməd­ovaya, Mətanət Məmməd­ovaya da pay düşüb. Bu günlərdə xalça toxuyanlarla onların evlərində görüşdük. İş şəraitləri ilə tanış olduq. Hamısı razılıqla bildirdi ki, dövlətimiz onları öz evlərində daimi işlə təmin edib. Xalça toxumaq üçün yun və bütün ləvazimatları pulsuz verib. Bundan böyük qayğı olarmı?
Fizzə Quliyeva bu sənətin yaşadılması üçün muxtar respublikada həyata keçirilən tədbirləri ürəkdən dəstəklədiyini, onlara yaradılmış şərait üçün minnətdarlığını bildirdi. Xalçaçılıq sənətini yaşatmaq və gələcək nəsillərə ərməğan etmək üçün əllərindən gələni əsirgəməyəcəklərini vurğuladı.
Mətanət Məmmədova deyir ki, toxuduğu ilk xalçanı artıq təhvil verib. Gördüyü işə görə əməkhaqqı da alıb. İkinci xalçanı toxumağa hazır­laşır. Müsahibim əminliklə onu da bildirdi ki, bu xalçanı daha tez müddətə toxuyacaq. Çünki əli hanaya tam öyrəşib, heç bir çətinliyi yoxdur. Həm də istəyir ki, gənc qızlara da bu sənəti öyrətsin.
O, “xalçaçılıq əsl qadın sənətidir”, – deyib söhbətinə davam edir:
– Kənddə bir vaxtlar primitiv qaydada düzəldilmiş hanalardan istifadə ediblər. Həmin hanalara indi də bəzi həyətlərdə rast gəlmək olar. Ancaq dövlətimizin bizə verdiyi hanalarda işləmək çox asandır. Bu hanaları qurmaq, yerini dəyişdirmək heç də köhnə hanalar kimi çətin deyil. Yəni bir nəfərin gücü ilə də bu işi görmək olar.
Söhbətimizin bu yerində Naxçıvanda xalçaçılıqla məşğul olan yaşlı adamlardan eşitdiyim bir məsələni yada saldım.  Məlumat üçün bildirim ki, tarixən xalça toxunuşunda kollektiv əməyindən istifadə edilib. Kollektiv isə, adətən, bir tayfanın üzvlərindən ibarət olub. Danışırlar ki, hər tayfanın özünəməxsus rəmzlərindən bəzi xalçalarda istifadə edilib. Ancaq həmin xalçalar nə satışa çıxarılıb, nə də evdə ayaq altına salınıb. Belə xalçalar yalnız divarlardan asılıb. Fikrimizcə, geniş izahata ehtiyac yoxdur. Böyük dövlətçilik məktəbi yaratmış Naxçıvanda rəmzlərə belə qiymət vermək təbiidir. Kolanı xalçaçıları da bu rəmzlərdən gələcək işlərində istifadə etmək niyyətindədirlər. Bizə isə bu niyyətin yerinə yetməsində onlara uğurlar arzulamaq qalır: Niyyətinizə çatasınız!

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR