25 Dekabr 2024, Çərşənbə

“Molla Nəsrəddin”i zəmanə özü yaratdı”

Azərbaycan ədəbi-ictimai fikrinin çoxəsrlik tarixində əhəmiyyətli yer tutan, milli-demokratik mətbuatın zirvəsi olan “Molla Nəsrəddin” jurnalının  birinci sayı 1906-cı il aprel ayının 20-də Tiflisdə işıq üzü görmüşdür. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilən jurnalın redaktoru və müəllifi görkəmli dramaturq Cəlil Məmmədquluzadə olmuşdur. Onun səyi ilə satirik jurnalın 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çapdan çıxmışdır. Naxçıvan torpağının yetirdiyi dahi simalardan biri olan Cəlil Məmmədquluzadənin öncüllük etdiyi “Molla Nəsrəddin” jurnalının Azərbaycan mətbuatında əhəmiyyətli yeri olmuşdur.

“Molla Nəsrəddin” jurnalının ətrafında Azərbaycan xalqının mütərəqqi qüvvələri, demokratik düşüncəli insanlar –  Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri və başqa şair, yazıçı və jurnalistlər, o cümlədən Oskar Şmerlinq, İ.Rotter, Əzim Əzimzadə kimi rəssamlar cəmləşmişdilər. Ağılın ziyası olan, düşüncənin sönməz  işığı, nuru olan “Molla Nəsrəddin”  jurnalının ətrafına toplaşan pərvanələr bu ziyanın daha da şəfəqlənməsində böyük rol oynadılar, onlar öz əqidələri uğrunda bütün varlıqları ilə mübarizə apardılar.

“Molla Nəsrəddin” jurnalını XX yüzilliyin əvvəllərindəki ictimai-siyasi proseslər meydana gətirmişdi. Azərbaycan satirik poeziyasının zirvəsində dayanan Mirzə Ələkbər Sabir Azərbaycan tənqidi-realist ədəbiyyatının satirik şeir qolunu yüksək səviyyədə təmsil etdi, Cəlil Məmmədquluzadənin, Məmməd Səid Ordubadinin publisistikası isə jurnalın təməlini daha da möhkəmlətdi. Bu səbəbdən də biz “Hophopnamə”ni, bütövlükdə, “Molla Nəsrəddin” satirik şeir məktəbinin zəfəri kimi qiymətləndirə bilərik. “Molla Nəsrəddin” ədəbi məktəbində satirik nəsr üslubunu, əsasən, Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev formalaşdırmışlar. Üslubları fərqli xüsusiyyətlərə malik olsa da, bu iki sənətkarı bir əqidə birləşdirirdi. Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, “Usta Zeynal”, “Nigarançılıq”, “Yan tütəyi”, “Saqqallı uşaq” hekayələri ilə Əbdürrəhim bəy Haqverdiyevin “Şeyx Şaban”, “Bomba”, “Mirzə Səfər”, “Həmşəri pasportu” hekayələri mövzu və ideya etibarilə bir-birlərinə çox yaxındırlar.
“Molla Nəsrəddin” jurnalı sayəsində Əzim Əzimzadə Azərbaycanda milli karikatura sənətinin banisi səviyyəsinə yüksəlmiş, Xəlil Musayev, İsmayıl Axundov, Hüseyn Əliyev, Qəzənfər Xalıqov, Nəcəfqulu və başqaları “Molla Nəsrəddin” karikatura məktəbinin görkəmli nümayəndələri kimi məşhurlaşmışlar.
Cəlil Məmmədquluzadə Azərbaycan mətbuatı tarixində həm də Azərbaycan satirik publisistikasının yaradıcısı kimi tanınmışdır. Böyük ədibin “Molla Nəsrəddin” jurnalının birinci sayında nəşr olunmuş “Sizi deyib gəlmişəm” məqaləsi təkcə mollanəsrəddinçi publisistikanın deyil, bütövlükdə, milli satirik publisistikanın mayakıdır. Cəlil Məmmədquluzadənin “Bizim obrazovannılar”, “Niyə məni döyürsünüz”, “Axund və keşişin vəzi”, “Mikroblar”, “Necə qan ağlamasın”, “Bikarlar bayramı”, “Rus məxrəci”, “Millət”, “Tüstü”, “Rəndə”, “Yer yoxdur”, “Neft fəhlələri”, “İspalkom imtahanı”, “Şura qadınları” və sair publisist əsərləri Azərbaycan mətbuatına yeni nəfəs gətirmişdir. Cəlil Məmmədquluzadənin bədii yaradıcılığı kimi, mətbu fəaliyyəti və publisistikası da Azərbaycançılıq ideyaları təməlində inkişaf etmişdir. Onun “Azərbaycan” məqaləsi bu baxımdan olduqca əhəmiyyətlidir.
“Molla Nəsrəddin” jurnalının taleyində böyük publisist Ömər Faiq Nemanzadənin rolu və xidmətləri ayrıca qeyd edilməlidir. Onun “Dərdimənd” təxəllüsü ilə qələmə aldığı “Bizə hansı elmlər lazımdır”, “Cəhrəçi xala”, “Bir arvadın cavabı”, “Oyun-oyuncaq”, “Axır çərşənbə”, “Qəribə qutu” və sair kimi məqalə və felyetonları  dəyərli publisistika nümunələridir.
Azərbaycan jurnalistikası “Molla Nəsrəddin”in publisistika ənənələri ilə daha da zənginləşmişdir. Naxçıvan ədəbi mühitinin tədqiqatçılarından olan akademik İsa Həbibbəyli “Molla Nəsrəddin” jurnalının keçdiyi şərəfli yolu gələcəyə daşımaq baxımından əhəmiyyətli tədqiqatlara imza atmışdır.
Mollanəsrəddinçilər dünyada baş verən hadisələri yaxından izləyir, bu hadisələrə özünəməxsus bir şəkildə münasibət bildirirdilər. Bu səbəbdən də “Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə sevilərək oxunmuşdur.
Cəlil Məmmədquluzadə 1924-cü ildə “Kommunist” qəzetində öz qələm dostlarına ehtiramını bildirərək yazırdı: “Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin”  bir neçə  mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam”.
“Molla Nəsrəddin” jurnalı doğma dilimizi yad sözlərlə zəhərləyənləri, onu zorla xarici dillərlə əvəz etməyə çalışanları tənqid etmiş, qadın azadlığı məsələlərinə bəşəri aspektdən yanaşmış, qadınların müdafiəçisi kimi çıxış edərək qızların təhsilinin qayğısına qalmışdır.
“Molla Nəsrəddin” jurnalı Şərq ölkələrində satirik mətbuatın, ədəbiyyatın və demokratik ictimai fikrin inkişafına ciddi təkan vermişdir. Hətta indinin özündə belə, jurnalın ideyalarının davamçıları mövcuddur.
Bu da onu deməyə əsas verir ki, nəşrə başlamasından 108 il keçməsinə baxmayaraq, “Molla Nəsrəddin” jurnalı bu gün də öz ideyaları ilə yaşayır. Jurnalın cəhalət mühitinin aydınlanması uğrunda apardığı mübarizə maarif ideyalarının yayılması ilə nəticələndi. Və bu gün o işığın, maarifin var olması jurnalın uğurudur.

Nərgiz İSMAYILOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR