YUNESKO-nun qərarı ilə 1982-ci ildən etibarən hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. Bu günün keçirilməsində məqsəd insanların diqqətini tarixi abidə və yerlərin qorunmasına yönəltməkdən ibarətdir.
Tarixi abidələr keçmişdən gələcəyə körpü rolunu oynayır. Ulu babalarımızın bizə yadigar qoyduğu tarixi abidələrimiz Azərbaycan xalqının qədim mədəniyyətinin göstəricisidir. Çünki hər bir tarixi abidə məxsus olduğu dövrün mədəni mühitini, təfəkkür və düşüncə tərzini özündə yaşadır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm işlər görülmüş, bu sahədə dövlət siyasətini həyata keçirmək üçün zəngin qanunvericilik bazası yaradılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsində tarix və mədəniyyət abidələrini qorumaq hər bir vətəndaşın vəzifəsi kimi müəyyənləşdirilmişdir. 1998-ci ildə qəbul edilən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununda da tarixi abidələrin qorunmasının dövlət təminatı, onların əhəmiyyət dərəcələri, tədqiqi, mühafizəsi, qanunvericiliyin pozulmasına görə məsuliyyət öz əksini tapmışdır.
Ölkəmizdə tarixi-mədəni irsin qorunması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, 1997-ci ildən Azərbaycan Avropa Mədəniyyət Konvensiyası və Tədqiqi Mərkəzinin üzvüdür. Ulu öndər tarix və mədəniyyət abidələrinin qorunmasının ümummilli məsələ olduğunu bildirərək demişdir: “Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi üçün zəruri qanunların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır”.
Bu gün ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən tarixi abidələrimizin bərpası, qorunması, təbliği və tədqiqi sahəsində mühüm işlər həyata keçirilir. Artıq tarixi abidələrimizin bir çoxu YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına salınmış, tarix və mədəniyyət abidələrinin bərpasına diqqət və qayğı artırılmışdır. Ölkə Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nda tarixi abidələrin qorunması, bərpası, öyrənilməsi və təbliği üzrə konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən mağaralar, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələrlə zəngindir. Qayaüstü təsvirlərin qeydə alındığı Gəmiqaya abidəsi Azərbaycanın ən qədim dövr incəsənətinin, mənəvi və maddi mədəniyyətinin canlı ensiklopediyasıdır. Gəmiqayadakı 1500-ə qədər qayaüstü rəsmlər, müxtəlif kompozisiyalı təsvirlərlə birlikdə həndəsi işarələri, piktoqrafik yazıları ilə tariximizin minilliklərindən insan təfəkkürünün, dünyagörüşünün və təsəvvürlərinin bu günə çatdırılması baxımından əvəzsiz mənbələrdir. Həmçinin Naxçıvan ərazisində mövcud olan tarixi abidələrdən – Gəmiqaya, Qazma mağarası, Əshabi-Kəhf, Kilit mağarası, I Kültəpə, II Kültəpə, Xaraba Gilan, Quyulu dağ, Möminə xatın, Qarabağlar, Yusif Küseyiroğlu, Gülüstan türbələri, Əlincə qalası, Ovçular təpəsi, Oğlanqala, Xələc, Naxçıvanqala, tarixi təbiət abidələrindən – Haçadağ, Batabat, Babək qalası, Dəvəboynu və başqa yüzlərlə abidə keçmişimizi bu günə daşıyan tarixi yaddaşımız kimi maddi və mənəvi həyatımızın güzgüsü rolunu oynayan sənət və təbiət inciləridir.
Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın hər daşının, hər qayasının tarixin canlı şahidi olduğunu bildirərək deyirdi: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”.
Bu gün Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Ali Məclis Sədrinin 2001-ci il aprelin 26-da imzaladığı “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Sərəncamından sonra Gəmiqaya rəsmləri elmi əsaslarla öyrənilmiş, bu mövzuda onlarla elmi məqalə və kitablar yazılmışdır. 2005-ci ildə Gəmiqaya abidəsinə beynəlxalq ekspedisiya təşkil edilmiş, Gəmiqaya ətrafındakı arxeoloji abidələrdə tədqiqatlar aparılaraq etnoqrafik, folklor və onomastik materiallar toplanmışdır. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il dekabrın 6-da imzaladığı Sərəncam isə muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin tədqiqində yeni mərhələnin başlanğıcını qoymuşdur. 2006-2013-cü illərdə muxtar respublikada aparılan araşdırmalar zamanı 1202 abidə qeydə alınaraq pasportlaşdırılmışdır.
Ali Məclis Sədrinin 2006-cı ildə “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında”, 2009-cu ildə “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında”, 2010-cu ildə “Şahtaxtinskilər Muzeyinin yaradılması haqqında” və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında”, 2011-ci ildə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılması haqqında”, 2012-ci ildə “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə”, 2013-cü ildə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında”, 2014-cü ildə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” imzaladığı sərəncamlar da tariximizin və mədəni irsimizin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyətə malik olan sənədlərdir.
Muxtar respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması ilə yanaşı, onların bərpası da diqqət mərkəzində saxlanılır. Son illər Möminə xatın türbəsi, Qarabağlar Memarlıq Kompleksi konservasiya edilmiş, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılmış, Yusif Küseyiroğlu və Nuh türbələri, İmamzadə, “Buzxana”, “Came” məscidi, Zaviyyə mədrəsəsi, İsmayılxan hamamı, Xan Sarayı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə, Naxçıvanqala və digər tarixi abidələr əsaslı bərpa olunmuşdur. Qədim qoç heykəllərini qorumaq, bu nadir nümunələri öyrənmək və təbliğ etmək məqsədilə Naxçıvan şəhərində Açıq Səma Altında Muzey yaradılmışdır. Bir sözlə, son 18 ildə 60-dan çox tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa olunmuşdur. Hazırda Ordubad şəhərində XIV əsrə aid olan “Buzxana” memarlıq abidəsində təmir-bərpa işləri aparılır.
Dünyanın ilkin yaşayış məskənlərindən biri olan Naxçıvanda tarixi abidələrin tədqiqi və beynəlxalq miqyasda təbliği istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan”, 2009-cu ildə “Nuh Peyğəmbər, dünya tufanı və Naxçıvan”, 2011-ci ildə “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, 2012-ci ildə “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzularında beynəlxalq simpoziumların keçirilməsi bu mənada mühüm əhəmiyyət daşıyır. Bu simpoziumlar alimlərimizin xarici ölkələrin aparıcı elmi müəssisə və mütəxəssislərinin iştirakı ilə Naxçıvan tarixinə, arxeologiyasına və folkloruna dair tədqiqatlar aparmasına, ekspedisiyaların təşkil olunmasına, müxtəlif mövzularda kitab, monoqrafiya, dərslik və elmi məqalələrin nəşr edilməsinə əsaslı təkan vermiş, beş minillik tarixi əhatə edən Naxçıvan şəhər mədəniyyəti tədqiq olunmuşdur.
Muxtar respublikamızdakı abidələrin öyrənilməsi və təbliği sahəsində də əhəmiyyətli işlər görülür. 2008-ci ildə “Naxçıvan Abidələri Ensiklopediyası”nın nəşr edilməsi yalnız Naxçıvanın deyil, bütövlükdə, Azərbaycanın mədəniyyət tarixində mühüm hadisədir. Ensiklopediya Naxçıvan abidələrinin öyrənilməsi baxımından əvəzolunmaz elmi mənbədir. Son illər “Naxçıvan tarixi atlası”, “Nuh Peyğəmbər, dünya tufanı və Naxçıvan”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Naxçıvan tarixi” çoxcildliyinin birinci cildi kimi qiymətli elmi əsərlər nəşr olunmuşdur.
Hər bir xalqın qədimliyi həm də onun əsrlər boyu yaratdığı abidələrində yaşayır. Bu mənada babalarımızın əziz yadigarlarını bərpa etmək sabaha dünənin ən yaxşı ənənələrini aparmaq, keçmişi qorumaq, gələcək haqqında düşünmək deməkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir”.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti