Naxçıvan Dövlət Kukla Teatrı xarici ölkələrdə keçirilən teatr festivallarında ölkəmizi uğurla təmsil edir. Teatr hazırda Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən “Kuklaların fantaziyası” IV Beynəlxalq Kukla Teatrları Festivalında iştirak etmək üçün bu ölkədədir. Qeyd edək ki, ənənəvi olaraq 2 ildən bir keçirilən bu festivalda Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı artıq üçüncü dəfədir, iştirak edir. Teatr 2010-cu ildə Düşənbədə keçirilən festivalda Səməd Canbaxşıyevin “Cik-cik xanım”, 2012-ci ildə isə Səbuhi Hüseynovun “Möcüzəli adanın sakinləri” tamaşasını təqdim etmişdir.
Naxçıvan Dövlət Kukla Teatrı budəfəki festivalda dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşasını göstərəcəkdir. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının xalq artisti Yasəmən Ramazanova, quruluşçu rəssamı isə Rəfael Qədimovdur.
Kollektivin üçüncü dəfə iştirak etdiyi bu festivala İran İslam Respublikasının, Rusiya Federasiyasının, Qazaxıstanın, Qırğız Respublikasının və başqa ölkələrin kukla teatrlarının kollektivləri də qatılmışlar.
Əli RZAYEV