Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə Babək Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş tədbirlər planına əsasən, rayonun Mədəniyyət və Turizm Şöbəsi tərəfindən də silsilə tədbirlər həyata keçirilir. Rayon Mədəniyyət Evinin “Zabul” instrumental ansamblı və Babək Rayon Uşaq Musiqi Məktəbinin kollektivləri rayonun Sirab kəndində konsert proqramı ilə çıxış etmişlər.
Kənd mərkəzinin qarşısında keçirilən konsert başlamazdan əvvəl aparıcılar Naxçıvanın muxtariyyət statusu qazanmasının tarixindən danışmış, ölkəmizdə, eləcə də muxtar respublikamızda mədəniyyətə göstərilən qayğıdan söz açmışlar.
Konsertdə müğənnilərdən Nərmin Hüseynlinin, Samir İsmayılovun, Mais Əliyevin, Ramil Hacıyevin, Rəfi Məmmədovun oxuduqları mahnılar, Türkan Aydının ifasında milli rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Türkan HÜSEYNLİ