25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikasının yaradılmasından 90 il ötür. Qədim tarixə, zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı çətin, mürəkkəb və eyni zamanda şərəfli  inkişaf və tərəqqi yolu keçmişdir. Ulu Naxçıvan torpağı həmişə özünün zəngin mədəniyyəti, ədəbiyyatı, incəsənəti və xalq yaradıcılığı ilə tariximizdə əhəmiyyətli rol oynamışdır. Naxçıvan Muxtar Respublikasının 90 illik tarixinə nəzər saldıqda görürük ki, diyarımızda mədəniyyətin və incəsənətin inkişafında qazanılan uğurlu nəticələr asanlıqla əldə edilməmişdir.

1924-1969-cu illər. Bütün Azərbaycanda olduğu kimi, 1920-1924-cü illər Naxçıvan Muxtar Respublikasında da çətin və mürəkkəb dövr kimi tarixə düşmüşdür. Bu dövrdə Naxçıvanda geniş mədəniyyət şəbəkəsi olmadığından xalqın maariflənməsində, ziyalıların təşkilatlanmasında Naxçıvan teatrı  mühüm rol oynayırdı. Naxçıvan Xalq Maarif Komissarlığının 8 fevral 1922-ci il tarixli əmri ilə Naxçıvan ölkəsində bütün teatr işlərini idarə etmək üçün Sənayeyi-nəfisə (incəsənət) şöbəsi yaratmaq qərara alınmışdır. Şöbəyə daxil olan üzvlərə isə təcili olaraq teatr işlərini  idarə etmək üçün nizamnamə tərtib edilməsi tapşırılmışdı.
Qədim diyarda mədəniyyətin, folklorun, mədəniyyət abidələrinin öyrənilməsində 1925-ci ilin mart ayında yaradılıb 1928-ci ilədək fəaliyyətini davam etdirmiş Naxçıvanı Tədqiq və Tətəbbö (öyrənmə, araşdırma) Cəmiyyətinin də  rolu qeyd olunmalıdır. Naxçıvan Muxtar Respublikasında mədəniyyət sisteminin dövlət tərəfindən tənzimlənməsinin təşkilatlanması uzun bir yol keçmişdir. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 27 aprel 1937-ci il tarixli qərarına əsasən, 1 iyuldan 3 ştat vahidi ilə Naxçıvan İncəsənət İşləri üzrə Müvəkkillik yaradılmışdır. Naxçıvan MSSR Nazirlər Sovetinin 30 mart 1946-cı il tarixli qərarı ilə Naxçıvan MSSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsi yaradılmış və təşkilat nazirliyə çevrilənədək çətin bir yol keçmişdir.
Naxçıvan MSSR Ali Sovetinin 18 aprel 1953-cü il tarixdə keçirilən III çağırış 3-cü sessiyasında Naxçıvan MSSR Nazirlər Soveti yanında Mədəniyyət Müəssisələri Komitəsi, Radio Məlumat Komitəsi, İncəsənət İşləri İdarəsi və Kinolaşdırma İdarəsi birləşdirilərək Naxçıvan MSSR Mədəniyyət Nazirliyi yaradılmışdır.
30-cu illərdə bütün ölkədə həyata keçirilməsinə başlanılan mədəni inqilab dalğası Naxçıvan Muxtar Respublikasında da  hiss olunurdu. Bol­şeviklər ölkədə geniş ideoloji mədəniyyət şəbəkəsi yaratmağa çalışırdılar. Əhali arasında maarifçilik ideyalarının, mədəniyyətin yayılmasında 1883-cü ildə yaradılan Naxçıvan teatrı yenə də mühüm rol oynayırdı.
Naxçıvanda yaradılan qadınlar klubunda bədii özfəaliyyət dram dərnəyi təşkil olunur, musiqi, ədəbiyyat, sənət məsələlərindən söhbət açılırdı. 1927-ci ildə Naxçıvana gələn Rza Təhmasib, Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadə və başqa sənətkarlar Naxçıvanda mədəniyyətə, teatra, kinoya və musiqiyə marağı daha da artırmışdılar.
Naxçıvanda musiqi mədəniyyətinin inkişafında vaxtilə burada yaşamış Zülfüqar Hacıbəyovun, sonralar isə onun qardaşı Üzeyir Hacıbəylinin böyük xidmətləri olmuşdur. Üzeyir Hacıbəyli 1937-ci ildə Naxçıvandan SSRİ Ali Sovetinin Millətlər Sovetinə deputat seçilmişdi. 1937-ci ildə Üzeyir bəyin təşəbbüsü ilə Naxçıvanda ilk musiqi məktəbi açılmış, dahi bəstəkar məktəbə “Berlin” markalı piano və not kitabları hədiyyə etmişdir. Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin 23 avqust 1937-ci il tarixli qərarı ilə yaradılan uşaq musiqi məktəbində muxtar respublikanın müxtəlif rayonlarından cəlb olunmuş şagirdlər təhsil alırdılar. Bu məktəb muxtar respublikada yeganə uşaq musiqi məktəbi kimi 1965-ci ilədək fəaliyyət göstərmişdir. 1965-ci ildə Ordubad Rayon Uşaq Musiqi Məktəbi, 1967-ci ildə Culfa Rayon Uşaq Musiqi Məktəbi, 1968-ci ildə isə Şərur Rayon Uşaq İncəsənət Məktəbi yaradılmışdır.
1940-1941-ci illərdə tanınmış rəssam Şamil Qazıyevin direktoru olduğu Naxçıvan Rəssamlıq Məktəbində bu sənətin sirləri gənc­lərə öyrədilirdi.
Muxtariyyətin ilk illərində yaradılan “Qızıl qələmlər” cəmiyyətində birləşən gənc yazıçı və şairlər Əyyub Abbasov, Məmmədhüseyn Təhmasib, Müzəffər Nəsirli, Hüseyn Əzim, Məmmədəli Tarverdiyev, Əvəz Sadıq, Nağı Nağıyev, Məmməd Əkbər və başqalarının ilk qələm təcrübələri bu dövrdə “Şərq qapısı” qəzetində müntəzəm çap edilirdi. Xalq yazıçıları Mirzə İbrahimov, Əli Vəliyev, Süleyman Rəhimov və başqalarının bu illərdə Naxçıvanda yaşayıb-yaratması bu diyarda ədəbiyyat və incəsənətin inkişafına dəyərli töhfələr vermişdir.
Naxçıvanda ilk muzey 1924-cü ildə tarix-etnoqrafiya muzeyi kimi yaradılmışdır. Naxçıvan şəhər sakinləri Balabəy Əlibəyov, Mirbağır Mirheydərzadə və başqa ziyalılar qədim diyarımızda muzey yaradılması işinin ilk təşkilatçıları olmuşlar. 1932-ci ildə Naxçıvan Tarix və Ölkəşünaslıq Muzeyinə çevrilən bu mədəniyyət müəssisəsi yenidən qurulmuşdur. Muzey müəyyən illərdə Bəhruz Kəngərlinin adını daşımışdır. Keçən əsrin 60-cı illərinin sonundan isə Dövlət Tarix Muzeyi kimi fəaliyyət göstərir. 1966-cı ilə qədər bu muzey Naxçıvan MSSR-də yeganə muzey kimi fəaliyyət göstərmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 1966-cı il tarixli qərarına müvafiq olaraq, 1967-ci il iyunun 12-də Naxçıvan şəhərində Ədəbiyyat Muzeyi açılmışdır.
Muxtariyyətin ilk illəri kitabxana işi, kitabxana şəbəkələrinin yaranması ilə əlamətdardır. Geniş kitabxana şəbəkələrinin yaradılmasına məhz bu illərdə başlanılmışdır. Hələ 1922-ci ildə Xalq Maarif Komissarlığı tərəfindən təsis edilən Naxçıvan Şəhər Kitabxanasının bazasında 1930-cu ildə Naxçıvan Respublika Kitabxanası yaradılmışdır. 1933-cü ildə respublika kitabxanasının yanında qiraət salonu təşkil edilmiş, kitabxana Naxçıvan şəhəri ilə bərabər, ətraf kəndləri də əhatə etmişdir. 1953-cü ildə Naxçıvan Respublika Kitabxanasına görkəmli yazıçı Məmməd Səid Ordubadinin adı verilmişdir. 1960-cı ildə kitabxana hazırda fəaliyyət göstərdiyi binaya köçürülmüşdür. 1972-ci ildə Məmməd Səid Ordubadinin 100 illik yubileyi təntənə ilə qeyd edilərkən kitabxananın qarşısında ədibin büstünün açılış mərasimi olmuşdur. 1935-1965-ci illərdə respublika kitabxanası nəzdində Uşaq şöbəsi də fəaliyyət göstərmişdir. Bu şöbənin bazasında 1965-ci il yanvarın 1-də Uşaq Kitabxanası yaradılmış, 1978-ci ildə isə  kitabxanaya görkəmli şair Adil Babayevin adı verilmişdir.
Qədim diyarda xalq yaradıcılığı ilə bağlı görülən müəyyən işləri qeyd etmək lazımdır. Bu dövrdə muxtar respublikanın əhalisi xalça sənətini, xalq rəqslərini, folklorumuzu yaşatmaq üçün bir sıra işlər həyata keçirmişdir. Şərur yallı kollektivinin bu illərdəki fəaliyyəti diqqəti xüsusilə cəlb edir. 1929-cu ildə yaradılan kollektiv 1936-cı ildə böyük səhnəyə qədəm qoymuşdur. 1938-ci ildə yallı kollektivi Mos­kvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmişdir. Bu kollektiv Vətəndən uzaqlarda ilk uğurlu çıxışı ilə diqqəti cəlb edir. Sonrakı illərdə, yəni 1970-ci ildən sonra isə  kollektivin xarici ölkələrə səfərləri daha intensiv xarakter daşımışdır.
1955-ci ildə Naxçıvan Dövlət Radio Komitəsinin nəzdində xalq çalğı alətləri ansamblı yaradılır. 1959-cu ildə isə 30 nəfərdən ibarət dövlət konsert briqadası təşkil olunur. 1963-cü ildə bu musiqi kollektivinə Naxçıvan Dövlət “Araz” Mahnı və Rəqs Ansamblı adı verilir. Bu dövrdə naxçıvanlı bəstəkar və musiqiçilərdən Nəriman Məmmədov, Ramiz Mirişli, Məmməd Məmmədov, Məmməd Ələkbərov, Rəşid Məmmədov, Səfər Rəcəbov, Vahid Axundov ilk musiqi əsərlərini yaradırlar.
1964-cü ildə Naxçıvan teatrı Musiqili Dram Teatr statusu alır və 1966-cı ildən C.Məmmədquluzadənin adını daşıyır. 1964-cü ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrının yeni binası istifadəyə verilir və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 40 illiyi bu binada təntənə ilə qeyd olunur.
1969-1987-ci illər. Naxçıvan Muxtar Respublikasında da mədəniyyətin inkişafı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin rəhbərliyi ilə ötən əsrin 70-ci illərindən başlayaraq muxtar respublikada mədəniyyət müəssisələrinin şəbəkəsi genişləndirilmiş, mədəniyyət sahəsində yüksəksəviyyəli kadrların hazırlanması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Dahi şəxsiyyət mədəniyyətin inkişafının mühüm əhəmiyyət kəsb etdiyini bildirərək deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.
Ötən əsrin 70-80-ci illərində respublikamızda tarix-diyarşünaslıq, xatirə, ev-muzeylərinin yaradılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Məhz bu illərdə muxtar respublikanın Ordubad, Culfa, Şərur, Şahbuz rayonlarında tarix-diyarşünaslıq muzeyləri yaradılmışdır.
Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə muxtar respublikanın bölgələrində yeni muzeylər yaradılmış, Məmməd Səid Ordubadinin ev-muzeyi (1972), Yusif Məmmədəliyevin ev-muzeyi (1975), Hüseyn Cavidin ev-muzeyi (1981), Cəmşid Naxçıvanskinin ev-muzeyi (1981) və başqa muzeylər məhz bu illərdə fəaliyyətə başlamışdır. Naxçıvan Dövlət Rəsm Qalereyası 1982-ci ildə qapılarını tamaşaçılarının üzünə açmışdır.1987-ci ildə isə Şərur rayonundakı Cəlilkənddə C.Məmmədquluzadənin xatirə muzeyi yaradılmışdır.
Ötən əsrin 70-ci illərindən başlayaraq uşaq musiqi məktəblərinin sayı əsaslı surətdə artmışdır. 1976-cı ildə Naxçıvan şəhərində, Babək rayonunda, Ordubad rayonunun Vənənd kəndində incəsənət məktəbləri, 1981-ci ildə Babək rayonunun Nehrəm, 1982-ci ildə Cəhri kənd­lərində, 1982-ci ildə Şərur rayonunun Yuxarı Daşarx, Çərçiboğan, Culfa rayonunun Bənəniyar kənd­lərində, indiki Kəngərli rayonunun Qıvraq qəsəbəsində uşaq musiqi məktəbləri yaradılmışdır.
Naxçıvanda musiqi mədəniyyətinin inkişafı üçün vacib işlər həyata keçirilmişdir. 1978-ci ildə Azərbaycan Bəstəkarlar Təşkilatının Naxçıvan şəhərində keçirilən səyyar plenumunda Naxçıvan Bəstəkarlar Təşkilatı yaradılmışdır. Təşkilat Naxçıvanda xalq mahnı və rəqslərinin toplanması, nota alınması, aşıq yaradıcılığının tədqiqi və musiqi janrlarının inkişafı, eləcə də  digər yaradıcılıq məsələləri sahəsində əhəmiyyətli tədbirlər həyata keçirir. 1975-ci ilin 28 aprelində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda orta ixtisas musiqi məktəbi yaradılmışdır. Hazırda bu məktəb Naxçıvan Musiqi Kolleci adı ilə fəaliyyətini davam etdirir.
1971-ci ildə isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə qədim diyarımızda daha bir yaradıcılıq təşkilatı olan Rəssamlar Birliyi fəaliyyətə başlayır.
1974-cü ildə Naxçıvan MSSR-in yaradılmasının 50 illiyi yüksək səviyyədə qeyd olunur. Dahi rəhbər  Heydər Əliyev muxtar respublikaya gəlir. Yarıməsrlik yubiley ili ilə bağlı muxtar respublikanın bir qrup incəsənət xadimi fəxri adlara layiq görülür.
1983-cü ildə muxtar respublikanın  həyatında daha bir mühüm mədəniyyət hadisəsi baş vermişdir. Həmin ildə Naxçıvan Dövlət “Araz” Mahnı  və Rəqs Ansamblının bazasında Naxçıvan Dövlət Filarmoniyası yaradılmışdır.
Ötən əsrin 70-80-ci illərində Naxçıvan Muxtar Respublikasında “Şərur” xalq yallı kollektivinin uğurları da qeyd olunmalıdır. 1970-ci ildə “Şərur” Xalq Yallı Ansamblı Almaniya Demokratik Respublikasında keçirilən Ümumdünya Folklor Festivalında iştirak etmək üçün dəvət alır və SSRİ-ni təmsil edərək festivalın laureatı olur. Həmin il kollektiv Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına layiq görülür. 1972-ci ildə isə Moskva televiziyası kollektivin çıxışlarını lentə alaraq ümum­ittifaq tamaşaçılarına göstərir. 1974-cü ildə Naxçıvan MSSR-in 50 illik yubileyi münasibətilə keçirilən şənliklərdə iştirakına görə ansambl Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilir.
1977-ci ildə yallı ansamblı Mos­kvada keçirilən əməkçilərin Ümumittifaq Xalq Yaradıcılığı Festivalında iştirak edir və laureat adını qazanır. Kollektivin 33 nəfər üzvünün hər birinə kiçik qızıl medallar təqdim olunur. Ansamblın özünə isə böyük qızıl medal verilir. 1980-ci ildə kollektiv Macarıstanda keçirilən Azərbaycan Respublikasının Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirak edir. Sərginin açılış konsertində iştirak edən yallı ansamblı Macarıstanın paytaxtı Budapeşt, həmçinin Debrecen və başqa şəhərlərdə uğurla çıxış edir. 1984-cü ildə “Şərur” Xalq Yallı Ansamblı Polşada keçirilən XI Beynəlxalq Folklor Festivalında iştirak edir və festivalın laureatı olur.
1982-ci ildə  görkəmli dramaturq Hüseyn Cavidin cənazəsi Uzaq Sibirdən Naxçıvana gətirilərək böyük xalq sevgisi ilə dəfn edilmiş və onun məzarı üzərində əzəmətli məqbərənin tikilməsi qərara alınmışdır. Bu fakt keçmiş Sovetlər Birliyi məkanında repressiya olunmuş şəxsə dövlət səviyyəsində göstərilmiş münasibətin yeganə cəsarətli nümunəsidir. 1982-ci ilin 6 noyabrında – Naxçıvanda Cavid Poeziya Teatrının açılışında ümummilli lider Heydər Əliyev də iştirak edir və geniş nitq söyləyir.
1987-ci ildə Tbilisi şəhərində keçirilən Ümumittifaq Teatr Festivalında Naxçıvan teatrının hazırladığı Sofoklun “Elektra” tamaşası diplomla təltif edilir. Bu uğurlu tamaşa Moskva televiziyasının əməkdaşları tərəfindən lentə alınır və ümumittifaq televiziyası ilə nümayiş etdirilir.
(ardı var)

Əli RZAYEV
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR