25 Dekabr 2024, Çərşənbə

“Təbiət ən yaxşı sənətkardır” deyirlər. Çünki ondakı cansız daş parçası da, yamyaşıl, naxış-naxış yarpaqlardan süzülüb düşən bir yağış damlası da, bir ağac tikəsi də böyük ustalıqla hazırlanmış sənət incisi kimi insanoğlunu daim valeh etmişdir. Budəfəki yazımız da məhz bu incəlikləri dərindən duyan, quru ağacdan sənət naminə ustalıqla istifadə etməyi bacaran bir xalq sənətkarı, ağacoyma ustası Akif Həsənov haqqındadır. Qeyd edək ki, o, bu il mart ayında “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olunub.

Onunla geniş, işıqlı, ağac ətri duyulan emalatxanasında görüşürük. Emalatxanada tanınmış Azərbaycan sənətkarı Vaqif Mustafazadənin əsərlərindən biri səslənir. Elə Akif ustaya da ilk sualım “Niyə Vaqif Mustafazadə, niyə caz?” olur. Cavab maraqlıdır: “Bu bəstəkar Azərbaycan cazının tamamilə yeni, müasir üslubda inkişafına təkan verib. O, Azərbaycan muğamı əsasında caz sənətində tamamilə fərqli cərəyan yaradıb və muğam əsasında bütöv bir caz cərəyanının təməlini qoyub. Vaqif Mustafazadənin əsərlərini dinləyəndə sanki Naxçıvanın buz bulaqlı yaylaqlarını, dünyaya göz açdığım Sarvanlar məhəlləsini, altında oynadığım, barından doya-doya yediyim tut ağacını, taxtın üstündə süfrə açıb nəvələrini başına yığan nənəmi xatırlayıram. Bəlkə də, qəribə qarşılayarsınız, amma deməliyəm ki, onun musiqisində elə bir ecazkarlıq var ki, dinləyəndə burnuma təzə təndir lavaşının ətri gəlir. Yəni onun musiqiləri keçmişlə müasirliyin vəhdətindən yaranıb; bu həqiqəti isə heç cür yaddaşdan silib atmaq olmaz.   
– “Ağaclar və musiqi”. Deyəsən, onların vəhdəti sizə nəyisə axtarıb-tapmaqda, ortaya çıxarmaqda kömək edir.
– Hə, elədir. Bəzən yeni bir naxış, yeni bir fiqur ortaya çıxarmaq üçün saatlarla musiqi dinləyirəm. Və nəticə yaxşı olur. Ancaq əsas eskizlərin yaranmasında təkcə musiqinin yox, düşüncənin də çox rolu var. Çünki ağaclarla işləmək, onlardan hansısa bir sənət nümunəsi ərsəyə gətirmək o qədər də asan iş deyil. Necə deyərlər, yüz ölçüb bir biçməlisən. Təbiət abidəsi ağac kimi mülayim, həssas, səxavətli, “sözəbaxan” digər material yoxdur. Ağacoyma sənət növünə ömrünü həsr edənlər üçün ağac həm də bənzərsiz, həmişəyaşar materialdır. Ona görə ki, belə sənətkarın əlində tutduğu ağac parçasının qismətinə sobada yanmaq və ya kağız parçasına çevrilmək yox, böyük sərgilərdə nümayiş olunmaq, qiymətli bir nümunə kimi birinə hədiyyə edilmək düşür. Onun üzərindəki illərin buraxdığı izlərdən belə, naxış kimi istifadə etmək olar. Əsas odur ki, bu incəlikləri duyub tətbiq etməyi bacarasan.
– Bu sənət növünə sizdə maraq haradan yaranıb?
– Bu sənətlə tanışlığım 14 yaşımdan başlayıb. O zaman hər kəsin “Aviamodel” kimi tanıdığı bir məktəbdənkənar müəssisə var idi. Elə orada bu sənətin sirlərinə yiyələnməyə başlamışam. Ağacdan müxtəlif məmulatlar hazırlamağa böyük həvəsim olub. İlk vaxtlar taxtadan müxtəlif fiqurlar, təyyarə modelləri düzəltməyə başladım. Sonralar isə yavaş-yavaş eskizlər cızma-qara edirdim və bu eskizlər əsasında daha iri əsərlər ortaya çıxırdı. Get-gedə anladım ki, məni ağaclarla məşğul olmağa hansısa bir ilahi qüvvə sövq edir... Ağac­oyma mənim üçün məşğuliyyət yox, hər şeydir.
– Sərginizdə intarsiya, oyma, şəbəkə və xatəmkarlıq üsulu ilə hazırlanmış məmulatlar var. Bu haqda nə deyə bilərsiniz?
– İntarsiya nazik ağac lövhəciklərindən, yonqarlarından yığılmış mozaikadır. Bu mozaikalar müxtəlifölçülü və müxtəlif növ ağacların bir-birinə keçirilməsi, yapışdırılması ilə quraşdırılır. İntarsiya texnikası ilə döşəmələr, divarlar, masalar və digər mebellər bəzədilir. Bu sənət orta əsrlər zamanında Misirdə yaranıb. İntarsiya texnikası Siciliya və Əndəlus vasitəsilə xristian Avropasına yayılana qədər artıq İslam dininin yayıldığı Şimali Afrikada xeyli təkmilləşmişdi. Daha sonra bu sənət Yunanıstanda, İtaliyada, Almaniyada, Hollandiyada, İngiltərədə geniş yayılmağa başladı. İntarsiyanın da öz növləri var. Mozaika hissələri qabarıq və ya müstəvi ilə eyni səviyyədə qalan intarsiyalar mövcuddur. Qeyd edim ki, intarsiya, oyma və şəbəkə üslubu ilə işləyəndə əlavə məmulatlar lazım olmur. Ancaq xatəmkarlıqda müxtəlif materiallardan istifadə etmək lazım gəlir. Latın dilində “təbəqə və qabıqla, mərmərlə örtürəm” mənasını verən xatəmkarlıq (inkrustasiya) dekorativ-tətbiqi sənətin özünəməxsus bir növü olmaqla əşyaların bəzədilməsində, onlara estetik görkəm verilməsində istifadə olunur. Bu prosesdə hər hansı səthə əlavə olunan – oyulub yerləşdirilən naxış və təsvirlər mərmər, keramika, metal, ağac, sədəf, mina və digər materialdan olmaqla rənginə, digər xüsusiyyətlərinə görə fərqlənir. Yəni bu iş əlavə sərmayə və vaxt tələb edir. Çalışıram ki, əsərlərimdə yuxarıda sadalanan üsullara geniş yer verim.
– Bu sənətlə məşğul olmaq, uğur qazanmaq üçün insanda hansı keyfiyyətlər olmalıdır?
– Bu işdə istedad, təmkin, böyük zəhmət, dəqiqlik, incəlik tələb olunur. Bunlar kompleks şəkildə olanda yaxşı bir əsər meydana gəlir. Etiraf etməliyəm ki, çətin sənətdir. Burada xəttatlıq, nəqqaşlıq, xarratlıq, rəssamlıq kimi incəsənət növlərindən, müxtəlif peşələrdən, necə deyərlər, baş çıxarmalısan. Məsələn, ağac üzərində yaxşı bir oyma naxış çıxarmaq istəyirsənsə, onun eskizlərini də yaxşı çıxarmalısan, ölçülərini yaxşı bilməlisən.
– Sizin yolunuzu davam etdirən, yaxud bu sənəti öyrənmək istəyənlər varmı?
– Bu sənətlə oğlum məşğul olur və hal-hazırda mebel istehsal edən müəssisələrdən birində işləyir. Güclü təxəyyülü olduğunu bilirəm və onun üçün də bildiklərimi ona öyrətməyə çalışıram. Dövlətimizin dəstəyi ilə yaradılan emalatxanamda onun üçün kiçik bir guşə də ayırmışam. Böyük zəhmət tələb etməsinə baxmayaraq, bu sənətlə məşğul olmaq istəyənlər çoxdur və onların sayı kifayət qədərdir. Bu da onu deməyə əsas verir ki, bu sənət növü gələcəkdə geniş yayılacaq.
– Naxçıvan gündən-günə gözəlləşir, inkişaf edir. Bir sənətkar olaraq bu sənət növündə doğma diyarımızın simvoluna çevrilə biləcək bir nümunə yaratmağı düşünürsünüzmü? Yol kənarında qurumuş bir ağacı sizə versələr və “buyur, Akif usta, məharətini göstər”, – desələr necə əsər yaratmaq istərdiniz?
– Bu barədə təklif olsaydı, məmnuniyyətlə razı­lıq verərdim. Simvol üçün mövzu tapmaqda da çətinlik çəkməzdim. Çünki yaşı minillərlə ölçülən Naxçıvanımızın bu günü ürəkaçan mövzularla doludur. Bu mövzulardan yola çıxıb ən gözəl simvollar yaratmaq olar. Və bu simvollar muxtar respublikada ağacoyma sənətinə, ümumilikdə isə xalq sənətkarlığına göstərilən dövlət qayğısının bəhrələrindən xəbər verər.
– Rəssam qarşısına gözəl mənzərə çıxanda fırçasının, kətanının və molbertinin yanında olmamasından heyifsilənir. Bəs siz qarşınıza quru bir ağac çıxanda nədən heyifsilənirsiniz?
– Heyifsilənirəm ki, budaqlarında minbir naxış olan bu ağac kəsilib doğranacaq və ya yandırılacaq. Onda rəssamın fırça yadına düşdüyü kimi, mənim də işkənə yadıma düşür.    
– Deyirlər ki, hər bir insanın taleyini ilahi fərqli rəngdə işıqlandırıb. Və hər bir rəngdə bir məna, bir gələcək gizlədilib. Siz taleyinizə hansı rəngdə işığın düşməsini istərdiniz?
– Bənövşəyi. Mən istərdim ki, taleyimə bənövşəyi rəngdə işıq düşsün. Elə evimin pəncərələrinin şüşəsi də bənövşəyi rəngdə olsun.
– Bəs mənası?
– Mənası məndə qalsın.
– O zaman mənə sizinlə sağollaşmaq qalır.

Müsahibəni apardı:

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR