25 Dekabr 2024, Çərşənbə

Novruzun özünəməxsus adətlərindən biri də idman oyun və yarışlarının keçirilməsidir. Bu oyun və yarışlar, ilk növbədə, insanlara möhkəm iradə, dözümlülük və birlik aşılamaqdadır. Bu oyun və yarışlar həm də xalqımızın qəhrəmanlıq salnaməsindən xəbər verir. Novruz bayramı günlərində insanlar qurşaqtutma, at yarışı, oxatma kimi idman yarışları ilə güclərini sınamış, göstərdikləri şücaətə görə el arasında ad-san qazanmışlar.

Qurşaqtutma Azərbaycanda bayram günləri ilə yanaşı, digər vaxtlarda, əsasən, uşaq və gənclər arasında keçirilən qədim oyunlardan biridir. Bu, güləş yarışının ən qədim ənənəvi adlarından biridir. Müxtəlif şənlik, bayram və yığıncaqlarda pəhləvanlar qara zurnanın cəsarət, güc, döyüşkənlik aşılayan zil səsi, zərb alətlərinin gur sədası altında meydana gəlir, digər igid pəhləvanları güləşə çağırırlar. Çağırılarkən isə bu sözlər işlədilir:

    Mənəm nərlərin nəri,
    Ay oğlan,
    Mənəm ərlərin əri,
    Ay oğlan,
    Əl qolunu çatdadaram,
    Ay oğlan,
    Bağrını partladaram,
    Ay oğlan.

Pəhləvanların ənənəvi salamlaşması və özlərini təqdim etməsi mərasimindən sonra “Cəngi” sədaları altında yarış başlanır. Pəhləvanlar bir-birlərinin qurşağından yapışıb müxtəlif fəndlər işlədərək digərini yıxmağa çalışırlar.
At yarışları. Bu ənənə müasir dövrdə Azərbaycanın bəzi bölgələrində, eləcə də qədim Naxçıvanda   yaşadılmaqdadır. İki komanda halında cavanlar at belində müəyyən yarışlar keçirirlər. İlk olaraq, ortaya atılan bir quzu dərisi uğrunda mübarizə aparan cavanlar onu rəqibin təyin edilmiş ərazisinə keçirməyə çalışırlar. Bu cür yarışlar daha çox gənclərdən cəsarət, güc və at belində məharət göstərmək tələb edir. At yarışlarına daxil olan digər növdə isə bir bölgənin özünə güvənən çaparları öncədən müəyyən edilmiş məsafəni daha tez qət etməyə çalışırlar.
Oxatma (və ya ov ovlama). Bu idman növünün qədim tarixi var. Belə ki, insanlar hələ qəbilə halında yaşayarkən gəncləri daha çox bu növü öyrənməyə sövq edirdilər. Səbəbi isə ovlanan ovla qidalanmanı təmin etmək idi. Novruz bayramları ərəfəsində özünün məharətinə güvənən gənclər yarışın qaydalarına əsasən, ilk olaraq duran hədəfləri düzgün nişan almağa çalışırlar. Qalib gələnlər isə, müasir tərzdə desək, növbəti mərhələyə adlayırlar. Bu mərhələdə onları daha çətin sınaq gözləyir. Belə ki, bu dəfə “iti gözlər” kimi də adlanan hədəfçilər qaçan hədəfləri vurmağa çalışırlar. Bu hədəflər isə, adətən, dovşan olur ki, qalib gələn idmançıya həmin dövşanın dərisindən hədiyyə verilir. Bu hədiyyə isə onun kamanının dəri ilə əhatə edilməsidir.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR