25 Dekabr 2024, Çərşənbə

Qışın şaxtalı-sazaqlı günlərindən, qardan-buzdan, bomboz çəmənlərdən, qış yuxusuna getmiş ağaclara baxmaqdan o qədər doymuşuq ki, bir yerdə balaca bir yaşıllıq, tumurcuqlayan budaq görəndə sevinirik. Baharın ilıq nəfəsi duyulsa da, ana təbiət öz yaşıl bəzəyinə bürünməyə tələsmir. Ancaq təsəllimiz, gözümüzü yaşıllığa alışdıra biləcəyimiz bir çarəmiz var. O da nənələrin, bibilərin, qız-gəlinlərin evlərdə nimçələrdə yetişdirdiyi baharın yaşıl, beli qırmızı kəmərli gəlini səmənidir. Buğda ilə dolan nimçələrdə Tanrının neməti olan suyun da köməyi ilə səməni Günəşə, nura doğru boylanır. Bu nurla səməni qarşıdan gələn Novruz bayramına, güllü-çiçəkli bahara elçilik edir, “bahar gəlir, mən onun müjdəçilərindənəm” deyir.
Hər kəsin ürəyində ulu Tanrıdan  istəyi, diləyi, arzusu var. Evlərdə, ocaqlarda  qoyulan səmənilərdə də niyyət, istək, təvəqqe gizlənib. Biri övlad istəyir, biri xoşbəxt ailə, biri var-dövlət, biri də səhhət. Bir sözlə, arzular çox, xəyallar intəhasızdır. Ancaq  gerçək olan bir həqiqət var ki, o da insanların qəlbində olan inancdır və bu inanc min illərdir, xalqı sabahkı günə daha ümidlə baxmağa sövq edir.

Səməni də elə bu inancdan, ümiddən, insanların ürəklərində yanan həyat eşqindən yaranıb. İnsanlar inanıb ki, əgər bayırda şaxtadırsa, sabah mütləq isti olacaq, hər bir çətinlik arxada qalacaq.
Yurdumuza bahar gəlir. Evlərdə səməni cücərir. Buğda dənələrindən  balaca, yaşıl, Günəşə doğru boylanan həssas cücərtilər çıxır, gün keçdikcə qədd-qamətini düzəldir. Tanrının ən böyük möcüzələrindən biri də odur ki, evlərdə, saxsıdan nimçələrdə ucalan səmənilərlə, payızda qoyulan səmənilərin boyu elə eynidi. İndi deyəcəksiniz ki, payızda da səməni qoyular? İstəyərdim ki, payız fəslində səsli-küylü şəhərdən bir az kənara çıxıb bir zəminin yanında ayaq saxlayasınız. Əyilib torpaqdan Günəşə doğru boylanan yaşıl cücərtilərə baxasınız. Bunlar süfrəmizin isti çörəyi, evimizin bərəkəti olan səmənilərdir. Onları zəhmətkeş, əliqabarlı insanlar əkiblər. Ona görə əkiblər ki, bu səmənilər böyüyüb, boya-başa çatıb dən salsınlar, dəyirmanlarımız işləsin, süfrələrimizdən ətirli çörək əskik olmasın, and içib “çörək haqqı” deyəndə əlimizi bir tikə çörəyə uzada bilək.
O səməni bu səməni… Səmənilərin salınma zamanı və yeri fərqli olsa da, hər ikisində də niyyət eynidir. Niyyət xalqımızı firavan, yurdumuzu azad, insanlarımızı xoşbəxt görməkdir.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR