“Məmməd Araz: taleyi və sənəti” kitabında ədibin həyat və çoxcəhətli yaradıcılığından bəhs edən elmi məqalələr dərc edilib
Məlum olduğu kimi, Azərbaycan milli ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2013-cü il tarixli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 iyun 2013-cü il tarixli sərəncamları olmuşdur. “Məmməd Araz: taleyi və sənəti” kitabı da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 iyun 2013-cü il tarixli Sərəncamına əsasən çap edilmişdir.
Kitabda naxçıvanlı elm adamlarının Xalq şairi Məmməd Arazın zəngin ədəbi irsi və həyatına həsr edilən elmi məqalələri toplanmışdır. Kitab Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda hazırlanmışdır. Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən ənənəvi olaraq hər il Naxçıvanın görkəmli yetirmələrindən birinə həsr olunan “taleyi və sənəti” toplusu nəşr olunur. Növbəti toplu Xalq şairi Məmməd Arazın 80 illik yubileyinə həsr edilmişdir.
Kitabda akademik İsa Həbibbəylinin, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin, filologiya elmləri doktoru Hüseyn Həşimlinin, filologiya elmləri doktoru Sədaqət Həsənovanın, filologiya üzrə fəlsəfə doktorları Firudin Rzayevin, Ramiz Qasımovun, Zülfiyyə İsmayılın, Nuray Əliyevanın, pedaqogika üzrə fəlsəfə doktoru Kamal Camallının və başqalarının Xalq şairi Məmməd Arazın həyatı, sənəti və çoxcəhətli yaradıcılığına həsr olunan elmi məqalələri dərc edilmişdir. Məqalələrdə görkəmli ədibin Azərbaycan ədəbiyyatını zənginləşdirən sənət istedadından, poetik qüdrətindən, nadir qələm manevrindən, o cümlədən yaradıcılığındakı poetik novatorluqdan, təbiəti təsvir bacarığından, yaradıcılıq dili və üslubi xüsusiyyətlərindən, milli istiqlal düşüncəsindən, milli ideologiyaya xidmətlərindən bəhs olunur.
Qeyd edilir ki, onun əsərləri müasir Azərbaycan ədəbiyyatının ən sanballı yaradıcılıq nümunələridir. Onun yaradıcılığında Azərbaycan xalqının milli istiqlal düşüncəsi və vətəndaşlıq idealları özünün poetik əksini tapmış və o, milli istiqlala xidmət edən görkəmli ədib kimi tanınmışdır. Bütün bu xidmətlərinə görə ona “Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi”, “Əməkdar incəsənət xadimi”, “Azərbaycanın xalq şairi” fəxri adları verilmiş, o, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edilmişdir. Yaradıcılığını bütövlükdə Azərbaycan xalqının taleyinə, birliyinə, Vətənin bütövlüyünə həsr edən görkəmli şairin yaradıcılığı bu gün də sevilərək oxunur, öyrənilir, tədqiq edilir.
Ramiz QASIMOV
filologiya üzrə fəlsəfə doktoru