Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyində 21 mart – Beynəlxalq Poeziya Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar açaraq çıxış etmişdir.
Bildirilmişdir ki, poeziya ən qədim zamanlardan insanın mənəvi ehtiyacına çevrilmiş, onun arzu və istəklərinin, duyğu və düşüncələrinin, sevinc və kədərinin poetik tərcümanı olmuşdur. Dünyanın bir sıra mədəni xalqlarının ədəbiyyatı kimi, bəşəriyyətin söz xəzinəsini zənginləşdirən Azərbaycan poeziyası da xalqımızın tarixi qədər qədim, mənəviyyatı qədər zəngindir. YUNESKO-nun qərarı ilə 2000-ci ildən başlayaraq “Beynəlxalq Poeziya Günü” kimi qeyd edilən 21 mart tarixi 2007-ci ildən Naxçıvan Muxtar Respublikasında da qeyd olunur. Bu münasibətlə keçirilən tədbirlərdə görkəmli sənətkarların həyat və yaradıcılığına bir daha nəzər salınır, müasir poeziyanın problemləri və qarşıda duran vəzifələri müzakirə olunur. Qeyd edilmişdir ki, Azərbaycan Yazıçılar Birliyinin 80 üzvü muxtar respublikada yaşayır.
Onlar Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin ətrafında birləşərək muxtar respublikada ədəbi mühitin inkişafına çalışır, öz dəyərli əsərlərini yaradırlar. Bu gün Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi dövlət qayğısı ilə əhatə olunmuş, şair və yazıçıların fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır. Hazırda Yazıçılar Birliyi tərəfindən uşaqlar üçün bir kitab, tərcümə əsərlərindən ibarət başqa bir kitab, gənclərin yaradıcılığını əhatə edən almanax hazırlanır. Vurğulanmışdır ki, 2014-cü ilin muxtar respublikamızda “Muxtariyyət ili” elan olunması ədəbi mühitin nümayəndələri üçün yeni imkanlar açacaq, gündən-günə yeniləşən diyarımızla bağlı gözəl şeir və poemalar, publisistik əsərlər yazılacaqdır.
Tədbirdə şair Vaqif Məmmədovun Naxçıvan ədəbi mühitinin muxtariyyət illərində inkişafı, şair Elxan Yurdoğlunun gənc yazıçıların yaradıcılığı ilə bağlı çıxışları olmuşdur.
Sonda Naxçıvan ədəbi mühitinin gənc nümayəndələri tərəfindən poetik nümunələr səsləndirilmişdir.
Tədbirə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar yekun vurmuşdur.
Səbuhi HƏSƏNOV