25 Dekabr 2024, Çərşənbə

“Oğlumun nağılları, yaxud bizim həqiqətlərimiz” silsiləsindən 5-ci nağıl

Babalarının, nənələrinin aldığı Novruz paylarını – rəngbərəng paltarları tələsik əyninə geyinən oğlumun gözlərindəki sevinci, xoşbəxtliyi görəndə gözlərimin önündə əmələ gələn boz-bulanıq duman qatı məni lap uzaqlara, 20-25 il bundan əvvəlki illərə apardı. O illər film lenti kimi gözlərimin önündə canlanmağa başladı. Oğlum bacısıyla birlikdə atılıb-düşür, məktəbdə öyrəndiyi bayram şeirlərini alınan hədiyyələr qarşılığında birnəfəsə, özünəməxsus intonasiya ilə deyərək babalarına, nənələrinə nəvə payı bəxş eləyirdi.

...Oğlum məni silkələyərək niyə ona qulaq asmadığımı irad kimi bildirəndə “hər şeyi axşam danışaram” deyib, gülümsəyərək ona qulaq asmağa başladım.

*       *       *

Axşam düşüb əl-ayaq kəsiləndən sonra yuxu saatının çatdığını və nağıl danışmalı olduğumu xatırladan oğluma bu dəfə uşaqlığımızın Novruz bayramlarından danışacağımı qətiləşdirmişdim.  

*       *       *

Bir vaxt vardı, heç nə yoxdu. Heç nə olmayan dövrlərdə balaca bir kənddə sənin kimi balaca bir oğlan vardı. O balacanın da ata-anası, nənələri, babaları onu çox istəyirdilər.
Həmin vaxtlarda da bayramlar olardı. Qədim inancları, inamları özündə yaşadan adət-ənənələri adamlar qoruyub saxlamaq üçün hər dəfə o bayramları qeyd edərdilər. O dövrlərin də ən unudulmaz bayramı Novruz bayramı idi.
O illərdə daha çox uşaqların sevincinə səbəb olan Novruz bayramını ən çox elə uşaqlar qeyd edərdilər.
20-25 il bundan əvvəl o balaca uşağın yaşadığı balaca kəndə də müharibədən ölüm xəbərləri gələrdi. Kəndə gələn şəhid cənazələri bayramları böyüklərin əlindən almışdı. Uşaqların isə öz aləmləri var idi deyə, böyüklər o aləmə müdaxilə etməz, “heç olmasa, uşaqların gözləri gülsün” düşünərək Novruz ərəfəsində ev-eşikdə bayram əhval-ruhiyyəsi yaratmağa çalışardılar.
Təkcə müharibənin gətirdiyi çətinliklər, cəbhədən gələn şəhid xəbərləri deyil, ev-eşikdə bayram keçirməyə naz-nemətin olmaması, süfrəyə Novruz atributlarının, şirniyyatlarının, boyalı yumurtaların, təndir çöçələrinin qoyulmadığı illərdə böyüklər gülməyən gözlərini uşaqlarından gizlədərdilər.
Heç nəyin olmadığı o vaxtlarda, əslində, uşaqların da bayramı indiki kimi yaxşı, təmtəraqlı keçməzdi. Valideynlər uşaqlarını qonum-qonşuya qurşaq atmağa belə göndərməzdilər. Səbəb də bəlli idi: “Bizim evimizdə nə var ki, onların da evində nə olsun, sizə bayram payı versin?!” Dünyanın get-gəlindən xəbərsiz olan uşaqlar üçün qalanmış tonqalın üzərindən tullanıb “ağırlığım-uğurluğum bu tonqala” deməklə balacaların sevinməsinə çalışardılar.

*       *       *

Oğlumun yatdığını düşünüb uşaqlıq həqiqətlərimi danışmağı dayandırmışdım ki, cavabını necə verəcəyimi düşündüyüm sualı eşitdim:
– Dədə, bəs o vaxt ata-analar, nənələr, babalar uşaqlara təzə paltarlar, hədiyyələr almırdılar?
Xeyli susandan sonra astadan cavab verməyə başladım:
– Əslində, ata-analar, nənə-babalar həmişə istəyib ki, öz övladlarına, nəvələrinə Novruz bayramında nələrsə alsınlar. Amma o vaxtlarda indiki kimi rahat həyat şəraiti yox idi. O vaxtlarda indiki kimi insanlar iş-güc sahibi deyildilər. O vaxtlarda insanların qazancı indiki kimi istədiklərini almağa yetəcək qədər olmurdu. O vaxtlarda insanların bu gündən sabaha çıxmağa ümidləri azalmışdı. O vaxtlarda həmin balaca uşaqların qayğısına indiki kimi qalan, diqqət göstərən dövlət yox idi. Ona görə də o vaxtlarda hər kəs Novruz bayramında bir anlıq da olsun, uşaqlarının, nəvələrinin çöhrəsində gülüş görmək üçün səy göstərirdilər. Bəlkə də, buna nail olurdular, amma uşaqların sevincinin yanında böyüklərin içindəki acı gerçəklər, inamsız yaşayış, ümidsiz sabahlar bu sevinci tamamlamağa imkan vermirdi.

*       *       *

Oğlumun yuxuya getdiyinə əmin olduqdan sonra dolan gözlərimi silib mənim yaşaya bilmədiyim Novruz bayramını bugünkü uşaqların doya-doya yaşamaqlarına xeyli sevindim.
Axşamdan süfrəyə düzülmüş şəkərburalar, paxlavalar, rəngbərəng yumurtalar, çərəzlər, bir sözlə, Novruz nemətləri, əslində, bugünkü günümüzlə 20-25 il bundan əvvəlki yaşayışımızın həqiqi müqayisəsi idi.

*       *       *

Səhər tezdən təzə paltarlarını geyinib, axşamdan hazır­ladığı torbasını götürüb qonum-qonşuya bayram payına yollanan oğlumun gözlərindəki sevinc üçün bu günümüzə şükür elədim.
Həmin günün axşamı yığdığı bayram paylarına toxunmayan oğlumun sözləri mənim danışdıqlarımı nağıl kimi yox, atasının uşaqlıq həqiqətləri kimi dərk etdiyini göstərirdi. Yatağına uzananda gözlərimə baxaraq “Dədə, bu yığdıqlarımı dünən axşam danışdığın nağıldakı o uşaqlara göndərmək istəyirəm. Amma istəsən, sən də nağıl danışa-danışa onlardan yeyə bilərsən”.

Elxan YURDOĞLU

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR