25 Dekabr 2024, Çərşənbə

YUNESKO-nun 1999-cu ildə keçirilən 30-cu iclasında mart ayının 21-i “Beynəlxalq Poeziya Günü” elan edilmişdir. Azərbaycanda Beynəlxalq Poeziya Günü 2007-ci ildən qeyd olunur.
Ümummilli liderimiz Heydər Əliyev demişdir: “İnsanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, insanlığın mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur”.
Poeziya, şeir sənəti qədim dövrlərdən başlayaraq insanın mənəvi ehtiyacına çevrilmiş, insanların arzu və istəklərinin, sevinc və kədərinin poetik ifadəsi olmuşdur. Şeir bütün xalqların dilində qədimdən günümüzə qədər şifahi və yazılı şəkildə zamandan zamana, nəsildən nəslə keçmiş, yaddaşlara həkk olunaraq bəşəriyyətin söz xəzinəsini zənginləşdirmişdir. Azərbaycan poeziyası da xalqımızın tarixi qədər qədim, mənəviyyatı qədər zəngindir.

Ədəbiyyatımızda, bütövlükdə, Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatının inkişafına güclü təsir göstərmiş poeziya məktəbi formalaşmışdır. Bu poeziya məktəbinin nümayəndələrinin yaradıcı­lığında yüksək şair peşəkarlığı, sözün poetik imkanlarından istifadə bacarığı, poetik vahidlərdə özünə möhkəm yer tutmuş fikir çoxmənalılığı vardır. Məhz buna görə də Azərbaycan poeziyası bütün tarixi dövrlərdə yeni formada təzahür edir.
Dilimizin axıcılığı, ahəngdarlığı imkan verir ki, bu dildə çox səlis, rəvan poetik nümunələr yaradılsın. Məhz elə ona görə də poeziyamızın ilk nümunələri xalq yaradıcılığında özünü aydın göstərmişdir. Ağılar, bayatılar, holavarlar, sayaçı sözləri, əmək nəğmələri, digər mövsüm-mərasim nəğmələri Azərbaycan şifahi xalq ədəbiyyatının bir parçası olmaqla yanaşı, həm də poeziya sənətimizin ilkin nümunələridir. Sadaladığımız bu poetik nümunələr xalqımızın adət-ənənəsini, məişətini, mübarizə əzmini, vətənpərvərliyini təcəssüm etdirir.
Poeziya sənətimizin Qətran Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi kimi ölməz korifeylərinin yüksək sənətkarlıqla yazılmış əsərləri sonrakı dövrlərdə bir sıra qüdrətli şairlərimizin ilham qaynağı olmuşdur. İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai kimi şairlərimiz anadilli poeziyamızın inkişafında müstəsna rol oynayan qüdrətli şairlər kimi dilimizin poetik imkanlarını daha geniş mənada üzə çıxarmışlar. XVII-XVIII əsrlərdə yazıb-yaradan şairlərimiz klassik üslubda, həm də xalq yaradıcılığı formasında ədəbiyyatımıza təzə nəfəs gətirmişlər. Molla Vəli Vidadinin, Molla Pənah Vaqifin yaradıcılığı yazılı ədəbiyyatımızda poetik düşüncəni geniş mənada xalqın yaddaşına yazmışdır. Aşıq Qurbaninin, Xəstə Qasımın, Sarı Aşığın, Dilqəmin, Abbas Tufarqanlının, Aşıq Alının, Aşıq Ələsgərin qoşma və gəraylıları, təcnisləri bir daha təsdiq edir ki, Azərbaycan poeziyası çox zəngin ənənələrə malik olan bir sənət çeşməsidir.
XIX-XX əsrlərdə yaranan Azərbaycan poeziyasında daha çox milli məfkurə ön planda olmuş, şairlər bu istiqamətdə dəyərli nümunələr yaratmışlar. Bu dövr Azərbaycan poeziya sənətində Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza, İslam Səfərli kimi görkəmli şairlər öz dəst-xətti ilə seçilir. Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra yazıçı və şairlərimizin də poetik düşüncə dairəsi genişlənmiş, mövzu müxtəlifliyi artmış, bədii fikrin nadir hadisəsi olan poeziya xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş, inkişafın yeni mərhələsinə yüksəlmişdir. Şairlərimizin yaradıcılığında xalqımızın duyğu və düşüncələri, azadlıq arzuları, söz və fikir azadlığı, milli istiqlal uğrunda savaş, insanın mənəvi azadlığı, azad düşüncə, xalqın oyanışı kimi bir sıra mühüm məsələlər öz poetik əksini tapmışdır.
Ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyev Azərbaycan ədəbiyyatının, mədəniyyətinin vətənimizdən uzaqlarda da tanınmasına çox ciddi yanaşmış, klassik və müasir şairlərimizin yubileylərinin keçirilməsinə, əsərlərinin çap olunmasına, xarici dillərə tərcümə edilməsinə xüsusi diqqət göstərilmişdir. Ulu öndər şair və yazıçılarımıza yüksək qayğı göstərməklə yanaşı, eyni zamanda zəngin folklor nümunələrimizin toplanılması, nəşr olunması, xarici ölkələrdə tanıdılması baxımından da çox mühüm qərarlar vermiş, fərman və sərəncamlar imzalamışdır.
Ümummilli liderimiz Heydər Əliyevin ədəbiyyatımıza, poeziya sənətinin inkişafına göstərdiyi diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Son illər ölkə başçısının imzaladığı sərəncamlarla onlarla görkəmli şair və yazıçının yubileyləri dövlət səviyyəsində qeyd edilmiş, əsərləri külliyyat şəklində çap olunmuşdur.
Bu gün Naxçıvan Muxtar Respublikasında da ədəbiyyatın inkişafına hərtərəfli qayğı göstərilir. Muxtar respublikada Azərbaycan Yazıçılar Birliyinin 80 üzvü yaşayıb-yaradır. Son 7 ildə şair və yazıçılarımızın, filoloq alimlərimizin 450-yə yaxın kitabı nəşr olunmuş, 3 ədəbi almanax oxucuların ixtiyarına verilmişdir. Hazır­da Əcəmi Nəşriyyat Poli­qrafiya Birliyində şair və yazıçılarımızın əsərlərindən ibarət uşaqlar üçün “Təmsillər”, “Şeirlər və hekayələr”, “Poema və pyeslər” adlı 3 kitab çapa hazırlanır. Şairlərimizin doğma diyarımıza, onun təbii gözəlliklərinə, gündən-günə dəyişilən şəhər və kəndlərinə həsr etdiyi şeir və poemalardan ibarət yeni almanax hazırlanır. Bu il həmin almanax da oxucuların ixtiyarına veriləcəkdir. Şair və yazıçılarımızın doğma diyarımıza həsr etdikləri əsərlər mətbuatda çap olunur, radio və televiziyada dinləyicilərə, tamaşaçılara çatdırılır.
Muxtar respublikada yazıb-yaradan şair və yazıçılarımızın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, onlar Azərbaycan Respublikasının orden və medallarına, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, Prezident mükafatına layiq görülmüşlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə Yazıçılar Birliyinin üzvlərinə fəxri adlar verilmişdir. Hazırda Naxçıvanda 22 şair və yazıçı Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarını daşıyır.
Bu il Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri “Muxtariyyət ili”ndə daha gözəl bədii əsərlər yaradacaq, muxtar respublikamızın keçdiyi tarixi inkişaf yolu, bugünkü inkişaf dinamikası poetik nümunələrdə öz əksini tapacaqdır.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR