“Ya Məhəmməd! Minlərlə adamın (taundan) ölüm qorxusu ilə öz yurdlarını tərk edib getdiklərini görmədinmi? Allah onlara “Ölün!” – dedi və sonra da (yenidən Novruz bayramı günü) diriltdi. Həqiqətən, Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükr etməzlər!” (“Əl-Bəqərə” surəsi, 243-cü ayə).
Azərbaycanda qədim dövrlərdən bu günə qədər qeyd olunan Novruz bayramı bir çox xalqlar tərəfindən də yüksək təmtəraqla keçirilir. “Yeni gün” mənasını verən “Novruz” kəlməsi, adından da göründüyü kimi, yeni ilin, yeni fəslin gəlişini bildirir. Hələ qədimdən əkinçiliklə məşğul olan bir çox xalqlar bu günü bayram kimi qeyd etmiş, torpağa bağlı olduqları üçün torpağın oyanması hadisəsini müxtəlif rituallarla şadyanalığa çevirmişlər. Azərbaycan tarixən müxtəlif etiqadların və sivilizasiyaların yayıldığı yer olduğu üçün bu gün burada qeyd olunan Novruz bayramına da bir çox müxtəlif əlavələr olmuşdur.
Bildiyimiz kimi, İslam dini humanist bir din olaraq yayıldığı ərazidəki xalqların adət-ənənəsinə böyük hörmət göstərmişdir. Əgər həmin adət və ənənələrdə dinə zidd heç bir ünsür yoxdursa, İslam dini onu rədd etməmiş, əksinə, yayılaraq daha da inkişaf etməsinə tərəfdar olmuşdur. Novruz bayramının adətlərindən olan insanların bir-birlərini sevindirmələri, qohum-əqrəbaya, xəstələrə baş çəkilməsi, imkansız insanlara əl tutulması kimi xoş davranışlar İslamın da qəbul və tətbiq etdiyi bəşəri ideyalardandır. Diqqətlə incələsək, görərik ki, Novruz bayramı özündə mənəvi-əxlaqi dəyərləri də əks etdirir. Bu bayramda küsülülərin barışması, insanların bir-birləri ilə bayramlaşmaları, evlərində bişirdikləri yemək və şirniyyatlardan bir-birlərinə pay vermələri hər cəhətdən müsbət hallardır. Bütün bunlar İslamın da tövsiyə etdiyi gözəl əməllərdəndir.
“Qurani-Kərim”də Novruz bayramına işarə olunmasa da, İslam rəvayətlərindən bəzisində bayram kimi qeyd olunan mühüm günlər təriflənmiş və ona hörmət edilməsi qeyd edilmişdir. “Bayram” sözünə “Qurani-Kərim”də yalnız bir dəfə, “Maidə” surəsinin 114-cü ayəsində rast gəlirik: Məryəm oğlu İsa dedi: “İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir süfrə nazil et ki, o, bizim üçün, həm birincimiz, həm də sonuncumuz üçün bir bayram və Sənin tərəfindən bir nişanə və möcüzə olsun; və bizə ruzi ver. Sən ruzi verənlərin ən yaxşısısan”.
“İslam dini Novruz bayramını təsdiq edirmi?” sualı çox insanları düşündürür. Dinin məqsədi bəşəri dəyərləri ali məqama çatdırmaqdır. İslam dini bəşəri bir dindir və bütün insanları özünə cəlb edir. İslam dini heç vaxt milli adət-ənənələrlə mübarizə aparmayıb; yalnız batil ənənələrə qarşı çıxıb və insan xislətinə əks olanları qəbul etməyib. Milli adət-ənənələrin cəmiyyət üçün xeyir və savabı varsa, İslam dini onu qəbul edir. Belə qədim adət-ənənələrdən biri də Novruz bayramıdır.
Görəsən, İslam dinində Novruz bayramını rədd və ya təsdiq edən bir əmr varmı?
– Şeyx Səduq belə bir hədis nəql edir: “Hz. Əli üçün Novruz hədiyyəsi gətirdilər. Buyurdu: “Bu, nədir?” Dedilər: “Ey Əmirəl-möminin, bu gün Novruzdur. Bu gün bayram edilib, hədiyyələr bağışlanılar”. Buyurdu: “Bizim hər günümüzü Novruz edin”.
– Noman ibn Məhəmməd Təmimi “Dəaimul-İslam” kitabında rəvayət edir: “Hz. Əli üçün (gülab və şərbət) hədiyyə gətirdilər. Buyurdu: “Bu, nədir?” Dedilər: “Bu gün Novruzdur”. Buyurdu: “Əgər edə bilsəniz, hər günü Novruz edin” (yəni Allaha xatir bir-birinizə hədiyyə verin və bir-birinizin görüşünə gedin).
Novruzun məna və əhəmiyyətinə görə İslam bu dirilik bayramını qadağan etməmiş, xalqımız bu ənənəni qorumuşdur. Bu bayram İslam dinində olduğu kimi, insan xislətinə əsaslanır, insani dəyərlər aşılayır. Bütün irqçi təmayyülləri və ayrıseçkilik siyasətini rədd edən İslam yayıldığı ərazilərdə bir sıra ənənələri aradan qaldırdı, Novruz isə toxunulmaz olaraq qaldı. Başqa xalqlardan fərqli olaraq, biz baharın gəlişini Allahın bizə verdiyi nemətlərə şükr kimi qeyd edirik. Xalqımız İslamı qəbul etdiyi ilk çağlardan Novruza qarşı mübarizə görməyib, əksinə, bu bayram daha da mənəvi bir rəng alıb. Qədimdə Novruz yeni ilin başlanğıcı idi və insanlar Novruz axşamı ilin təhvil olunması ilə bağlı dualar oxuyardılar. Allahdan gələn ilin bərəkətli olmasını istəyərdilər.
Beləliklə, din və şəriət baxımından bu milli bayramın qarşısını almaq üçün heç bir hökm olmadığından onu rədd etmək olmaz. Nəyinsə şəriətimizdə yer almaması onun qadağa olunduğuna işarə etmir. Novruz bayramı Allahın bizə bəxş etdiyi nemətləri xatırladır, o nemətlərdən insanlara ehsan etməyə, bir-birini ziyarət edib mehribançılıq yaratmağa təşviq edir. Bu əməlləri elə dinimiz də bizə tövsiyə edir. Novruz bayramı onu qeyd edənləri Allaha daha da bağlayır.
Vüqar BABAYEV
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi