25 Dekabr 2024, Çərşənbə

Fəsillərin nazlı qızı, təbiətin dan ulduzu yaz gəlir yurdumuza. O qədər nazlıdır ki, bu yaz fəslinin hər il yenidən yurdumuza qədəm basması üçün dörd dəfə səsləyərik onu. Öncə qışın şaxtalı zəncirini qırıb bəndinə-bərəsinə sığmayan Arazdan su götürüb yollarına səpərik “su aydınlıqdır”, – deyib. Amma nazlanar fəsillərin nazlı qızı. Biz də bunu görüb Əlincədən bir tonqal çatarıq, od qalayarıq gəldiyi yollarına işıq saçılsın deyə. Salvartıdan qalxan yellər saçlarını darayar, yenə də naz-qəmzəsini əskik etməz yaz. Gözləyər, gözləyər. Nuhun torpağa qədəm basdığı çərşənbəni gözləyər və Nuhruz dediyimiz Nuhun günündə elimizə qədəm qoyar.

Qış Göygöl ətrafında öz yerini alınca sağollaşar fəsillərin nazlı qızı. Yol alar Gəmiqayadan üzü aşağıya. Bir nəzər salar Ordubada; taqulbabı ilə taqqıldadar qədim Ordubad evlərinin qapısını. Dadlı-ləziz Ordubad şirniyyatlarını dadmaq üçün qapılara ilk qurşaq atar. Xan Arazın gecə-gündüz keşiyini çəkdiyi Ordubadda xanbəzəmə mərasimlərinə baxar.
“Ambaras”lı, “Kürdətal”lı,”Üçtürləngə”li, “Mingis”li, “Sərşəhər”li cavanların meydana girib bir-biri ilə qurşaq tutmasına, meydanda hünər göstərməsinə baxar, elimizə-obamıza göz dikən yağı düşmənə sinəsini sipər edən igidləri alqışlayar. “Qaraçanaq”lı, “Dilbər”li, “Əngəç”li, “Qarahovuzbaşı”lı, “Əsgərxan”lı, “Varsan”lı, “Körpübaşı”lı, “Bəylər”li, “Meyrəmçə”li, “Peçi”li, “Düz”lü, “Qoşqar”lı, “Musa təngi”li gözəllərin bişirdikləri naz-nemətlərdən dadıb yol alar Culfaya doğru.
Bir zamanlar Çindən gələn karvanların, o karvanlar qarşısında addımlayan sarvanların yetişincə nəfəs dərib dayandığı qoca şəhər. Bütün Şərqə yaz deyirlər, burdan gələr. Araza doğru boylanıb az da olsa, hüznlənər fəsillərin nazlı qızı. Növbəti duracağı mənzildir bu yurdumun əyilməzlik simvolu olan Əlincə. Xanəgahlı gənclər Əlincə üzərində yazın gəlişini xəbər verən tonqalları qalarlar o gəlincə.
Bu diyarda şəhərlər anası Naxçıvanın – nəqşi-cahanın əlini öpmək üçün buraya da qədəm basar fəsillərin nazlı qızı. Qızlar bulağından su içər, Möminə xatının hüzurundan keçər. Fərəhlə çiçəklənən bu yurda baxar. Dağlarından-dərələrindən bənövşə ətri gələn Şahbuza doğru qalxar. Küküdə alma ağacları çiçəklərlə qarşılar onu. Badamlıda badam qıran, noğul paylayan, yumurta döyüşdürən uşaqlara baxıb gülümsəyər fəsillərin nazlı qızı. Ağbulağın ağ günündən fərəhlənər, Külüsdə bir səmənd atın üstə minər. Banuçiçək kimi Biçənəyə səyirdər atını. Nəfəs dərər Batabatda. Sonra enər yavaş-yavaş Kəngərlinin düzlərinə. Qarabağlar, Yurdçu, Qıvraq, Şahtaxtıda salam deyər tariximin izlərinə.
“Sarı gəlin” yallısının sədasını eşidincə qalxar gedər Arpaçayın sahilinə. Və canlanar, yeni nəfəs alar yenə Şərur düzü. Şirbiləkli oğulları, özündən də nazlı olan gözəlləri Sədərəkdə görən anda gülər fəsillərin nazlı qızının üzü.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR