Məlum olduğu kimi, xalqımızın ən geniş və təntənəli şəkildə qeyd etdiyi bayram qışın yola salınıb yazın qarşılanması ilə bağlı keçirilən Novruz bayramıdır.
Xalqların ictimai həyatında mühüm rol oynayan, mənəvi mədəniyyətin daşıyıcısı olan, kütləvi mahiyyət daşıyan bayramlar hər bir etnosun tarixini, mənəvi təkamülünü, təbiətə və cəmiyyətə münasibətini ifadə edən ictimai-bədii bir hadisədir. Tarixi köklərdən süzülüb gələn bayramlarımızın ən qədimlərindən biri Novruzdur. Dərin kökləri ilə Azərbaycan xalqının mədəniyyətinin uzaq keçmişindən xəbər verən Novruz bayramı əski çağlardan başlayaraq xalqımızın həyatında özünəməxsus, əbədi, unudulmaz bir yer tutmuşdur. Novruz dünyanın və insanın yaradılış bayramıdır. Bu bayram bütün mahiyyəti etibarilə xalqımızın milli varlığı ilə bağlıdır.
“Yeni gün” anlamını verən Novruz mərasimləri xalq təqvimilə çilləbeçənin axırında, yəni qışın bitib yazın girdiyi gün, yeni təqvimlə mart ayının 20-21-də keçirilir. Novruz bayramının məhz bu günlərdə qeyd edilməsi Günəş təqvimi ilə bağlıdır. 21 mart gecə ilə gündüzün bərabərliyi, torpağın donunun açılması, yaz-tarla işlərinin başlanması ilə səciyyələnən astronomik gündür.
Yazın gəlişi ilə yeni ilin məhsuldar, quraq və ya yağışlı keçəcəyini öyrənmək üçün insanlar dörd gün təbiəti, havanı müşahidə etmişlər. Bu uzunmüddətli müşahidələrə görə, Novruz bayramından sonrakı bu dörd gün ilin müjdəçisi sayılır. Bu dörd günün hər biri ilin bir fəslini, yəni I gün yazı, II gün yayı, III gün payızı, IV gün isə qışı təmsil edir. Məsələn, Novruzdan sonra I gün hava günəşli və yağıntılı olsa, yaz günəşli, yağıntılı və bərəkətli olacaqdır. II gün isti olsa, yay isti, soyuq olsa isə sərin keçəcəkdir. III gün yağıntılı olsa, payız yağıntılı, IV gün soyuq olarsa, qış sərt, isti olarsa, mülayim keçəcəkdir. Kənd əhalisi öz təsərrüfatını bu təqvim əsasında qurur, ayrı-ayrı fəsillərin necə keçəcəyinə uyğun olaraq təsərrüfat planı hazırlayırdı.
Ömrünü əkinçilikdə keçirən ağsaqqallarımız müəyyən etmişlər ki, Novruzdan sonra taxıl üzərində qar qalmamalıdır, yoxsa əkin boğular. Məhz buna görə də bu dövrdə üzərində qar qalan taxılın boğulmaması üçün həmin sahəyə mal-qara aparıb qarı tapdaladardılar. Nəticədə, qar əriməyə başlayar və bu yolla əkin boğulmaqdan xilas olardı.
“Yaxşı il həmişə bahardan bəlli olar” deyib atalarımız. İlin necə keçəcəyini bilmək üçün erkən yazda xalq arasında müəyyən müşahidələrə əməl edərdilər. Bu müşahidələrə görə, il yelinən gələndə quraqlıq, yağışla, çənlə gələndə bolluq olar. “Qış dumanı qar gətirər, yaz dumanı bar” deyimi buna əsaslanır. Novruz ərəfəsində yağışın yaratdığı rənglər (xalq arasında qarı nənənin hanası) əski inancla bağlı olub, üç rəmzi mənanı ifadə edir. Həmin rənglər içərisində yaşıl rəngin çox olması əkin-biçinin bolluğuna işarədir.
Bununla bərabər, ilin bol-bərəkətli olması üçün erkən yazda ilk göy gurultusu eşidiləndə yerdən torpaq götürüb əkin sahələrinə, tövləyə, bağ-bağçaya səpərdilər. Naxçıvanda həm də xalq arasında belə bir deyim var: “Göy guruldamayınca pencər (göyərti) yeyilməz” və ya “Naxçıvanda yaz ildırımın çaxmasından başlanır”.
Novruz bayramı ilə bağlı öyrəniləsi olan məsələlərdən biri də ilin təhvil olmasıdır. Topladığımız etnoqrafik materiallara görə, ilin təhvilolma vaxtını bilmək üçün bir qaba su töküb içərisinə balıq ötürərdilər. İl təhvil olan zaman balıq arxası üstə dönər və bununla da, ilin təhvil olduğu vaxt məlum olardı. Xalq arasında balığın buraxıldığı su “çil yasin” suyu adlanır. İl təhvil olanda həmin su qohum-qonşulara paylanır. Maraqlı cəhətlərdən biri də ilin təhvil olmasının balıqla bilinməsidir. Qeyd edək ki, il təhvil olan vaxt Günəş balıq bürcündən qoç bürcünə daxil olur. Burada bir əlaqənin olduğunu görürük. İlin təhvil olması ilə bağlı bir sıra başqa inamlar da vardır. Xalq arasında olan inama görə, il təhvil olanda at və uzunqulaq gövşəməyə başlayar. Həmin gecə axar suların bir anlığa dayandığı, bar verməyən ağacların (qələmə, söyüd) başlarını yerə əydikləri bildirilir. Bununla bağlı Naxçıvan Muxtar Respublikasında geniş şəkildə rəvayətlər toplanılmışdır. İl təhvil olana qədər (Novruz) məişətdə də bir sıra işlər görülməzdi. Məsələn, bu dövrə qədər küh (qırt) yatan toyuğu basdırmazlar. Bunun düşər-düşməzi olar deyərlər. Çünki ilimiz Novruzda təhvil olur.
İl təhvil olandan sonra görüşlər başlanır. İnsanlar bir-birinin bayram görüşünə gedərlər. El arasında buna “bayramlaşma” deyirlər. Xalq arasında belə bir deyim də var ki, tut, iydə, gilas yetişənə qədər bayramdır. Novruz bayramında insanların bir-birini alma ilə təbrik etməsi geniş yayılmışdır. Etnoqraf-alim H.Q.Qədirzadə yazır ki, alma məhsuldarlıq, sağlamlıq, sonsuzluqdan qurtulmaq, mübarəkbadlıq, həyatvericilik rəmzidir.
Novruz bayramında icra edilən adətlərin, keçirilən şənliklərin özünəməxsus xüsusiyyətləri vardır. Bayram günləri müxtəlif əyləncələr “Nənniasdı”, “Kosa-kosa” və sair oyun və şənliklər keçirilir. “Kosa-kosa” şənliyində Kosa yazı, Keçəl isə qışı əks etdirir. Bu mərasimdə qış fəsli ilə yaz fəslinin qarşılaşması, mübarizəsi açıq-aydın görünür. “Kosa-kosa” şənliyi yazla bağlı olub, qışın yola salınması, yazın qarşılanması münasibətilə keçirilən mərasimdir. Ancaq onu da deyə bilərik ki, bu əvəzlənmə bir xalqla, kiçik bir ərazi ilə məhdudlaşmır, daha geniş əraziyə, məzmuna malik olması ilə səciyyələnir. Bayram günlərində kəməndatma, qurşaqtutma oyunları bayrama rəngarənglik gətirərdi. Bu ayin və mərasimlərdə əslə, kökə qayıdış, milli mənliyi uca saxlamaq qayəsi əks olunur.
Xalqımızın qədim zamanlardan günümüzə qədər yaddaşlarda saxladığı səməni göyərdilməsi (göyərdilmiş səmənidən səməni halvası bişirmək adəti olmuşdur), süfrəyə yeddi nemətin (yeddiləvin) qoyulması, bayram gecəsi yandırılmış tonqalın külünün mal-qaranın, toyuq-cücənin üstünə səpilməsi, bar verməyən ağacın dibinə xına basdırılması, Novruz aşının yağından ağacların gövdəsinə sürtülməsi, yumurta boyadılması, qışdan sonra bütün ev əşyalarının təmizlənməsi, palaz-paltarların yuyulması və sair kimi Novruz adətləri yaşıllaşma, təbiətin oyanması, baharın gəlişi, nəsilartırma, xeyir-bərəkət, məhsuldarlıq və təmizlik rəmzi kimi bilinmişdir. Novruz barış, sevgi, yardımlaşma bayramıdır. Novruz bayramında qeyd edilən adət, inanc və mərasimlərin hər biri ayrı-ayrılıqda milli dəyərdir.
Asəf ORUCOV
tarix üzrə fəlsəfə doktoru