Ulu əcdadlarımız bu çərşənbəni ən şən, ən şux mərasim və ayinlərlə qarşılamışlar
Tarixi olduqca qədimlərə gedib çıxan Novruz bayramı gecə ilə gündüzün bərabərləşməsi, xeyir qüvvələrin şər qüvvələr üzərində qələbə çalması və əkinçilik həyatının başlanğıcını özündə təcəssüm etdirən bir bayramdır. Novruzun təbiət bayramı olduğunu bildirən mütəxəssislər onun türk xalqlarının yaddaşına bahar bayramı kimi həkk olunduğunu qeyd edirlər.
Qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan xalqının əski çağlardan ərməğan gətirdiyi mənəvi dəyərlərdən sayılan Novruz bayramı ərəfəsindəki çərşənbələrin sonuncusu torpaq çərşənbəsidir. Bu çərşənbə xalq arasında “Yer çərşənbəsi” adı ilə də tanınır. Məlum olduğu kimi, torpaq çərşənbəsində torpaq oyanır. Torpaqda su, istilik normallaşır; bununla da, o artıq əkinə hazırdır, torpağa toxum səpmək olar. Torpağın oyanmasını ulu əcdadlarımız ən şən, şux mərasımlər, nəğmələr, ayinlərlə qeyd etmişlər. Xalq arasında belə bir inam olmuşdur ki, dörd müqəddəs ünsürdən ikisinin oyanması ilə torpaq daha böyük güc alır, ərzin donunu dəyişir, adamlar yoxsulluq və qıtlıqdan, çətinlik və məhrumiyyətlərdən qurtulmaq üçün özündə daha böyük qüvvə tapır. Elə bu inamla bağlı xalq arasında yayılmış əski bir mifoloji təsəvvürə görə, adamların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir gündə sel (su) və atəş (od) torpaq xatının yeraltı məbədinə qonaq gəlirlər.
Məbəddə yatmış torpaq xatını oyadıb adamların aclıq və qıtlıq çəkdiklərini ona söyləyirlər. Torpaq xatın: “Adamları fəlakətə salan özü fəlakətə düşər”, – deyib yerindən qalxır. Sel, atəş və torpaq xatın əl-ələ verib oxuya-oxuya işıqlı dünyaya çıxırlar. Deyirlər, həmin gün ilin ən əziz günü olan torpaq çərşənbəsi günü imiş.
İlaxır çərşənbələrin mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən zəngini sayılan torpaq çərşənbəsi kütləvi xalq şənlikləri ilə qeyd olunur. Bu çərşənbənin şənlik və mərasimləri özünəməxsusluğu ilə seçilir. Şənliklər sübh tezdən su üzərinə getmə adəti ilə başlayır. Adamlar su üstünə çıxır, su üstündən atlanır, dərdini, kədərini, arzu və istəyini suya danışır, beləliklə, kədərinin orada qaldığına, arzularının çin olacağına inanırlar... Ədalətsiz iş görənləri, ədavət salanları, nahaq qan tökənləri suya tapşırma xalq arasında geniş yayılmışdır. Torpaq çərşənbəsinin axşam şənlikləri daha əhatəli keçirilərdi. Üzərlik yandırılar, tonqallar alovlanar, bacalardan torbalar sallanar, qurşaq atılar, qulaq falına çıxılardı. Torpaq çərşənbəsi günü yeni əkiləcək torpaq sahələrində, əkin yerlərində kütləvi xalq şənlikləri keçirilər, bir çox hallarda isə sayaçıların, cütçülərin nəğmələri, mərasimləri yada düşərdi. Torpaq əzizlənər, adamlar torpağı təmizləməyə çıxar, bostan və dirriklərdə də müxtəlif ayinlər icra edilərdi.
Torpaq çərşənbəsi elin əziz günlərindən biridir. Xalq arasında onunla bağlı çoxlu bədii nümunələr yaşamaqdadır. Ulularımız torpağın qayğısını, nazını çəkənləri, onun qarşısında əyilənləri həmişə sevib-əzizləyiblər. Torpaq yaradıcı, yaşadıcı, törədici olduğundan ona “Ana torpaq” deyə ehtiram göstərilib. Torpaq sevilməyə başlanandan, tər töküb gülüstan yaradılandan müqəddəsləşib, vətənləşib. Torpağa göstərilən sədaqət, məhəbbət anaya, Vətənə məhəbbətlə bərabər tutulub eyniləşdirilib.
Torpağın bol, tükənməz nemətlərinə sahib olduğuna görə insanın güclü və qüdrətli olduğuna arxayın olan babalarımız and içəndə “Torpaq haqqı!”, “Yer haqqı!”, alqış söyləyəndə “Torpağın həmişə gül bitirsin!”, “Torpağın həmişə bar yetirsin!”, “Torpağın bərəkətli olsun!”, “Torpağın yada qismət olmasın!”, qarğış edəndə “Torpağını torba ilə daşısınlar”, “Torpağında ağac bitməsin”, “Üstünü örtməyə torpaq tapılmasın”, “Torpaq üzünə həsrət qalasan”, “Torpaq başına tökülsün”, – deyiblər. “Torpağa əyilən namərdə əyilməz”, “Torpaqla əlləşən xoşbəxtliklə rastlaşar”, “Torpağa var versən, o da sənə bar verər”, “ Torpağın sirrini əli torpaqda olanlar bilər”, “Torpağa göz ağardanda üz ağardar”, “Torpağa xor baxsan, o da sənə kor baxar”, “Torpağın qarası üz ağardar” və sair kimi xalq tərəfindən yaradılan folklor nümunələri müqəddəsləşən, vətənləşən torpağa olan sədaqət və məhəbbətdən qaynaqlanmışdır.
Nizami ƏZİZƏLİYEV