Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli bəstəkar Süleyman Ələsgərovun 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov açaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Xalq artisti, dirijor, görkəmli pedaqoq, professor Süleyman Ələsgərovun 90 illik yubileyi ölkəmizdə geniş qeyd olunur.
Bildirilmişdir ki, o, Azərbaycan musiqi mədəniyyətinə bir-birindən dəyərli bənzərsiz mahnılar, romanslar, kantatalar, opera və operettalar, pyeslər, sonatalar, kvartetlər, vokal-simfonik əsərlər bəxş etmişdir.
Bəstəkarın yaradıcılıq diapazonunun çox geniş olduğunu vurğulayan nazir qeyd etmişdir ki, o, yüzdən çox mahnı bəstələmişdir. Bu mahnılarda Vətənimizin fədakar insanlarının əməyi, gözəl guşələri tərənnüm olunur. Onun Şıxəli Qurbanovun sözlərinə bəstələnmiş və Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovaya həsr olunmuş “Bahar”, “Göygöl”, “Şuşa”, “Mingəçevir” və başqa çoxsaylı mahnıları dəyərli musiqi əsərləridir.
Qeyd olunmuşdur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Süleyman Ələsgərovun yaradıcılığını yüksək qiymətləndirmiş, dahi rəhbərin sərəncamı ilə o, “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar Yaşar Xəlilov çıxış edərək görkəmli sənətkarın həyat və yaradıcılığından geniş söhbət açmışdır. Bildirilmişdir ki, Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə Qarabağın dilbər guşəsi Şuşada anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasını bitirən S.Ələsgərov Üzeyir Hacıbəylinin qayğısı ilə böyük sənət dünyasında ilk uğurlu addımlarını atmış, ilk musiqi əsərlərini bəstələmişdir.
Vurğulanmışdır ki, onun “Yada düşdü”, “Vətənimdir”, “Sərvi Xuramanım mənim”, “Qafqaz”, “Ata”, “Küsmərəm”, “Bilmirəm”, “Neylərəm” romansları forma əlvanlığına, ifadə vasitələrinə görə böyük maraq doğurur. Süleyman Ələsgərov Azərbaycan professional musiqisində sözsüz mahnı janrının əsasını qoyan və bu janrı zənginləşdirən yeganə bəstəkardır. O, 21 belə mahnının müəllifidir.
Bəstəkar Azərbaycanda operetta janrının inkişafı ilə bağlı çox məhsuldar fəaliyyət göstərmiş, Ü.Hacıbəylinin ənənələrini davam etdirmişdir. Bəstəkarın müxtəlif illərdə yaratdığı “Ulduz”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Hardasan, ay subaylıq?”, “Həmişəxanım”, “Gurultulu məhəbbət”, “Hərənin öz ulduzu”, “Subaylarınızdan görəsiz” operettaları uğurlu yaradıcılıq axtarışlarının nəticəsidir.
Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti Elman Əliyev çıxışında bəstəkarın instrumental musiqi yaradıcılığından söhbət açmışdır.
Naxçıvan Musiqi Kollecinin müəllimi Samirə Hüseynova bəstəkarın yaradıcılığının vətənpərvərlik motivlərindən danışaraq qeyd etmişdir ki, onun “Qaytağı”, “Cəngi”, eləcə də simfonik orkestr üçün bəstələdiyi “Süita”sı hərbi-vətənpərvərlik tərbiyəsi baxımından böyük əhəmiyyət kəsb edir. S.Ələsgərovun “Naməlum əsgər haqqında ballada”sında, “Yürüş marşı”, “Birliyə çağırış” əsərlərində vətənpərvərlik tərənnüm olunur.
Çıxışlardan sonra görkəmli bəstəkarın əsərlərinin səsləndirildiyi konsert proqramı olmuşdur. Konsertdə Naxçıvan Dövlət Filarmoniyası Xalq Çalğı Alətləri Orkestrinin ifasında bəstəkarın “Rəqs-tokkata”sı səsləndirilmişdir.
Bəstəkarın Məhəmməd Füzulinin sözlərinə bəstələdiyi “Vətənimdir” romansı (ifaçı Şəhriyar Cəbiyev), Şıxəli Qurbanovun sözlərinə bəstələdiyi “Bahar” mahnısı (ifaçı Yaşar Qurbanov), İmadəddin Nəsiminin sözlərinə bəstələdiyi “Neylərəm” (ifaçı Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Azər Cəfərli), Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi “Küsmərəm” (ifaçı Qəribə Həsənova) romansları alqışlarla qarşılanmışdır.
Konsert proqramında həmçinin bəstəkarın “Rapsodiya” əsəri qanunda, “Xəyala dalarkən” əsəri balabanda, “Tarantello” əsəri kamançada, “Daimi hərəkət” əsəri tarda ifa olunmuşdur.
Sonda görkəmli bəstəkarın şair Rəfiq Zəkanın sözlərinə bəstələdiyi “Azərbaycan” kantatası səsləndirilmişdir.
Əli RZAYEV