Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə muxtar respublikanın bugünkü ədəbi mühiti nümayəndələrinin yazdıqları şeirlərdən nümunələr seçmək istədim. Bir-iki şeri çıxmaq şərti ilə poetik duyumu, tərənnüm olan şeir nümunəsi tapa bilmədim.
...Söz Ulu Tanrının bizə bəxş etdiyi nemətlərdən biri, mənəvi dünyamızın açarıdır. Xoşbəxtlikdən söz sarıdan Azərbaycan xalqının bəxti gətirib. Dünyanın mənəm-mənəm deyən söz meydanına çıxarmağa qüdrətli söz sərraflarımız var. Əlbəttə, hamı Füzuli, Nəsimi, Hüseyn Cavid, Səməd Vurğun, Məmməd Araz ola bilməz. Heç bu cür düşüncə tərzi də düzgün deyil. Hər bir qələm sahibinin öz duyğuları, düşüncələri, tərənnüm və təsvir üslubu, təfəkkürü, sözə fərdi münasibəti var. Amma ən məşhur qəzəlxan da, heca vəznində yazan da, sərbəst şeir qoşan şair də ana dilimizin ahəng qanununa, qrammatik qaydalarına, şeir üçün vacib sayılan vəznə, qafiyəyə, daxili bağlılığa, bədii məzmuna, ən çox da özünəməxsusluğa, əsl şeriyyətə mütləq əməl etməlidir. Min dəfə deyilmiş, qulağı döyənək etmiş, nimdaşlaşmış məlum qafiyələri bugünkü poeziyada işlətmək daha əvvəlki effekti vermir. Atalar demişkən, sözün varsa, danış, yoxdursa, başqalarını dəng etməyin əbəsdir.
Yazımızın əsas mövzusuna keçməmişdən onu da qeyd edim ki, son illər muxtar respublikamızda kitab çapında xüsusi bir canlanma müşahidə olunur. Bu da regionda yazıçı və şairlər üçün yaradılan imkanların nəticəsidir. Vaxtilə yerli müəlliflər kitab çapı üçün ölkə paytaxtına üz tuturdular. İndi regionda fəaliyyət göstərən nəşriyyatlar bu sarıdan müəlliflərin problemlərini aradan qaldırıb. Əcəmi Nəşriyyat Poliqrafiya Birliyində dünyanın müasir mətbəələrində istifadə olunan çap avadanlıqları quraşdırılıb. Halbuki qonşu ölkələrin yaxın vilayət mərkəzlərində belə modern nəşriyyat mövcud deyil. Ancaq bir məsələ var. O da bundan ibarətdir ki, nəşr olunan şeir kitablarının sayı çoxalsa da, onların əksəriyyəti oxucu tələbini qəti ödəmir, əksinə, zövqlərin korlanmasında, əsl mənada, başlıca rol oynayır. Həmin “şeir kitablarında” dərc olunan “şeirlərdə” qafiyə xatirinə yerinə düşməyən elə sözlər yan-yana düzülüblər ki, bu “şeriyyət” şeri də hörmətdən salır, şairliyi də, müəlliflərin özlərini də. Söz bu gün naşı adamların əlində qova çevrilib. Belə demək daha dəqiq olar: bu gün haqqında bəhs edilən “şeir kitabları” ilə sözümüzün əsl faciəsi başlayıb. Bu qənaətə isə ötən il nəşr olunan şeir kitablarına nəzər yetirərkən gəldim.
Onlar arasında yeni “şairə”lərə də rast gəlmək olur. Bunlardan Zərövşən Xəlilqızının adını xüsusilə qeyd etməliyəm. Ötən il nəşr olunan “Daha inanmıram mən bu sevdaya” adlı kitabda ilk olaraq “Ön söz” diqqətimizi çəkir. Oxuduqca düşünürsən ki, ədəbi mühitimizə istedadlı şairə gəlir. Yazdığı şeirlər ilk qələm təcrübəsidir. Əbülfəz Ülvi “Ön söz”də onun yaradıcılıq məziyyətləri haqqında söz açarkən müəllifin bədii nümunələrini “orijinal tapıntılar” kimi qiymətləndirir. Həmin “orijinal tapıntılar”a kitabda olduğu kimi diqqət yetirək:
Sənsiz Zərövşənə həyat dar kimi,
Baxır şəklinə də diri, yar kimi,
Sən məni yaşatdın krallar kimi,
Mən səni dünyada saxlayanmadım.
“Dar”, “yar”, “krallar” sözlərini “daxili qafiyə” seçən və “qələtə dönər” kimi ifadələr işlədən müəllifin “uğurlu” poetik axtarışları göz önündədir.
Məmmədrza Püsyanlının “Sarı quşun nəğmələri” adlı kitabı “Qızıldağ” mətbəəsində işıq üzü görüb. Kitabda hələ müəllifin adının düzgün yazılmadığını və nümunələrdə olan çoxlu sayda orfoqrafik səhvləri bir kənara qoyuruq. Kitabın redaktoru Asim Yadigardır. Düşündük ki, bu gün ədəbi mühitdə sayılıb-seçilən qələm sahibi Asim Yadigarın bu kitaba redaktor olması buna işarədir ki, burada oxumalı və qəzet səhifələrinə çıxarmalı nəsə var. Ya da son zamanların bir dəbi olduğunu bir anlıq unutduq. Zəif kitab müəllifləri tanınmış ziyalıların imzaları olan “Ön söz”dən və redaktor adından daha çox yararlanaraq bəri başdan sanki oxucuya demək istəyirlər ki, bax mənimlə işiniz olmasın ha, gör bu şeirləri kim bəyənib. Əlqərəz. Kitabı vərəqlədikcə bənd kənara dursun, dolğun bir misraya, poetik ifadəyə belə rast gəlmədik. Bu “şeirlərdə” o qədər məhdudluq, dayazlıq, kasadlıq var ki, “orijinallıq”, “təzəlik” sözlərini bu “şeirlər” haqqında ifadə etmək həmin sözlərə hörmətsizlik olar. Zahirən qafiyələnmiş, əslində, boş, mənasız söz toplusundan ibarət misralar müəllifin təkcə mövzu kasıblığından deyil, həm də istedadsızlığından xəbər verir. Çünki söz mənəvi aləmin güzgüsüdür.
Hanı kəndimizin o kişiləri
Hər səhər yağ ilə xəşil yeyərdi.
Hanı kəndimizin o kişiləri
Arvad söz deyəndə söyüb, döyərdi.
Deyirəm, “şerə”, “poeziyaya”, “ifadələrə” bax.
Müəllif çəkinmədən şeirlərində özünü “şair” adlandırır. Bu yerdə M.Müşfiqin sözləri yada düşür:
“Şairəm” söyləyir yerindən duran,
Adamın üzündə həya gərəkdir.
Sürəyya Nəsibin “Zirvələrdə mərd dayanan qartalam” adlı kitabındakı nümunələrə diqqət yetiririk. Buradan bir nümunə seçməkdə çətinlik çəkirik. Elə buradaca müdriklərin bu sözləri yada düşür: “Deyirlər, insan özü özünü yazır. Amma yazdıqlarında başqası da özünü tapmalıdır. Sənin yazdıqlarında heç olmazsa, on adam özünü tapa bilmirsə, deməli, sən heç özünü də yaza bilmirsən”. Sürəyya Nəsib kitabdakı bu nümunələri özü üçün yazıb və çap etdirib. Oxuduqca düşünürsən ki, dadsız, duzsuz, şit, bayağı dillə qələmə alınmış bu “əsərlər”ə nə ehtiyac var? Müəllif yazır:
Mən can söyləyirəm, o canı yaxır,
Saçın darayanda güzgüyə baxır,
Dözməyib ya əvvəl, ya da ki, axır,
Desəm mən aynanam, vecinə gəlmir.
Əlbəttə, poeziya haqqında dərs vermək fikrində deyiləm. Mən bunları, sadəcə, bir oxucu kimi və ya jurnalist kimi təhlil edirəm. Düşünürəm ki, əgər ədəbi mühitimizdə ədəbi tənqid olsa idi, bu gün belə yararsız kitablar Naxçıvan Yazıçılar Birliyinin kitabxanasına yol tapmazdı. Vaxtilə Naxçıvan mətbuatında ədəbi tənqidi yazılara geniş yer verilib. Ən yaxşı əsərlər belə, ədəbi tənqidin hədəfi olub. Ədəbi tənqid olmadığından müasir dövrdə oxucu zövqünü korlayan kitabların da artması təbiidir. Hansısa müəllifin inciməsindən çəkinmək lazım deyil; əsas odur ki, ədəbiyyat sağlam yolla getsin. Məhəbbəti, sevgini sözün solğunluğunda urvatsızlaşdırmaq bağışlanılmazdır. Yazmaq qəbahət deyil. Kimsə ailəsi, dostları üçün nəsə yaza bilər. Ancaq bunu kitab halında çap etdirmək... Bu, hər şeydən əvvəl, özümüzü məsxərəyə tuş etməkdir. Unutmaq olmaz ki, söz güclü bir silaha da çevrilə bilər, uğursuz küt alətə də. Burada əsas məsələ ondan necə istifadə etməkdir. Vay o gündən ki, söz naşı adamın dilində oyuncağa çevrilə. Sözün oyuncağa çevrildiyi kitablardan birinə nəzər yetirirəm. Bu, Yaqub Şirinoğlunun “Tarix yazdım neçə daşa” adlı kitabıdır. Müəllif yazır:
Günbəgün də bədən şişir,
Demək olmur mədən şişir,
Özü bilir gödən şişir,
Yeməyindən geri qalmır.
Kitabda şeir adlanan bu cızma-qaralardan digərinə baxaq:
Bel hissəmə parafini,
Boynuma da tok verdilər,
Tanımadan mən heç kimi,
Sağalarsan çox dedilər.
Bu nümunələr haqqında düşünməyi oxucuların ixtiyarına buraxırıq.
Sözə xilqət, varlıq kimi baxılıb. Onun qüdrətindən şah misralar, əsərlər yaranıb. İnsanın mənəviyyatına təsir edən, onun daxili zənginliyinə səbəb olan poetik nümunələr əsrlərin dizlərini qatlayaraq dünyanın diqqətini ədəbiyyatımıza çəkib, həmin müəlliflərin adları bəşər mədəniyyətinin yaradıcıları siyahısına salınıb. Bəs indi bəziləri niyə ağıllarına gələni oxucuya sırıyırlar? Məgər bu, söz azadlığıdır?
Başqa mövzuları demirik, bu “yazarların” hansının vətənpərvərliyə həsr olunmuş bədii kamilliyi ilə seçilən şeir nümunələri var? 2012-ci ilin oktyabr ayında Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu məsələyə toxunaraq demişdir: “Bu dövrün ədəbiyyatı, birinci növbədə, vətənpərvər ədəbiyyat olmalıdır. Ədəbi məhsullarda “Vətən” sözünü çox işlətməklə vətənpərvərlik mövzusunda ədəbiyyat yaratmaq mümkün deyil. Vətənpərvərlik yazıçı və ya şairin yaradıcılığının bütün mahiyyətini ifadə etməli, vətəndaşlıq duyğusunun daşıyıcısına çevrilməlidir”.
Kitablara yazılan “ön söz”lərdə “vətənpərvər şair”, “doğma yurda bağlı şair” ifadələrinə tez-tez rast gəlirik. Sanki kitab müəllifi vətən haqqında böyük sənət əsəri yaradıb. Halbuki vətən haqqında bir şeir yazır, kitabının birinci səhifəsinə yerləşdirir. Qalan şeirlərini ya qohumuna, ya dost-tanışına, ya da nəvəsinə həsr edir. Budurmu vətənpərvər şair?
Ələsgər Nehrəmlinin ötən il nəşr olunan “Bir əlimdə tardı, bir əlimdə saz” kitabındakı “Vətəndaş” adlı şerinə baxaq:
Bizik bu Vətənin torpağı, daşı,
Gəlin Vətən Daşı olaq, vətəndaş!
Vətənsiz bir insan heç insan deyil,
Ağıla, kamala dolaq, vətəndaş!
Bu bəndi oxuyarkən “Vətən daşı” ifadəsini insanın həyat amalına çevirən Məmməd Arazdan bir oxucu kimi utandım. Utandım ki, bu “şeir” gözəl bir gülüstanın sinəsinə alaq otlarının toxumunu səpməyə bənzəyir. Vətən böyük məfhumdur. Onu dilə, sözə gətirəndə diqqətli olmaq lazımdır. Vətən barədə yazılmış şeirlər insana bu Vətən torpağına damcı-damcı hopmaq arzusu aşılamalıdır.
Müqəddəs bildiklərimiz yerə düşərsə, onları öpüb uca yerə qoymaq mümkündür. Vay o gündən ki, sözün yerə düşə. Məlhəm şəfalığında, qılınc kəsərliyində olan sözümüzü gəlin tapdağa çevirməyək. Nizaminin təbirincə desək, “bulud ağlamazsa, çəmən gülməz”. Niyyətimiz də elə bu bulud xeyirxahlığına qapı açmaqdır ki, nəhəng nəhrlərin qarşısındakı çör-çöpləri təmizləsin. Qoy ömrünü söz uğrunda girov qoyanların yazıları, sözün əsl mənasında, ədəbi nümunələr haqqında fikirləşək, onları oxucuya çatdıraq. Və bir daha çap və mütaliə mədəniyyətimiz haqqında düşünək: mənəvi aclığımız üçün biz nə oxuyuruq və ya nə oxumalıyıq?
Sara ƏZİMOVA