25 Dekabr 2024, Çərşənbə

Əvvəlcə Nehrəm toponimi haqqında
Babək rayon inzibati ərazi vahidinə daxil olan Nehrəm kəndi Naxçıvan şəhərindən 15 kilometr aralı, Naxçıvan-Culfa avtomobil yolunun sağında, Araz çayının sol sahilində, strateji cəhətdən əlverişli, düzənlik və geniş bir sahədə yerləşir. Tarix boyu kəndin əsas məşğuliyyətini taxılçılıq, üzümçülük, bostançılıq, heyvandar­lıq, maldarlıq, tərəvəzçilik təşkil etmiş, kəndin Çamur ağıl, Sarı ağıl, Ölən şəhər, Kənd dərəsi, Şorsu, Göy ağıl, At ağıl, Bağırsaqdərə, Qızıl gədik kimi ərazilərində arpa, buğda, sumax, darı, kərdiyər, pərinc, mərcimək, noxud, kərəsnə, paxla, kəlül, gənəgərçək, pambıq, üzüm kimi məhsullar əkilmiş, əkin sahələri Naxçıvançaydan çəkilən Nehrəm arxı və ondan ayrılan digər arxlar vasitəsilə  suvarılmışdır.

Nehrəm tarixi kənddir. 1885-ci ildə burada ilk dünyəvi məktəb açılmışdır. C.Məmmədquluzadə 7 ildən çox (15 yanvar 1890-10 iyul 1897) Nehrəm məktəbində müəllim və nəzarətçi (müdir) işləmiş, yerli əkinçilərin əməyini yüngülləşdirmək məqsədilə 1893-cü ildə Tiflisdəki “Ekker” firmasından kəndə ilk dəmir kotan gətirməyə nail olmuşdur. Yazıçı “Kişmiş oyunu”(1892), “Danabaş kəndinin əhvalatları” (1894), “Danabaş kəndinin məktəbi”(1896) əsərlərini burada yazmış, mahalda ilk dəfə olaraq qızları təhsilə cəlb etmiş və məktəbdə tarixşünaslıq muzeyi yaratmışdır.
Nehrəm kəndi 1590-cı ildə Naxçıvan, 1728-ci ildə isə Qışlağat nahiyələrinin tərkibində olmuş, 1925-ci ildən Tumbul, 1933-cü ildən Naxçıvan, 1978-ci ildən isə Babək rayonunun inzibati ərazi vahidlərinə daxil olmuş və kəndin adı tarixən eyni fonetik variantda yazılmışdır. Xalq etimologiyası toponimin yaranma tarixini Nuh Peyğəmbər dövrünə aid edir. Yerli əhali arasında və bəzi mənbələrdə belə fikir əksini tapır ki, Nuh Peyğəmbər ilk dəfə Naxçıvan ərazisində (Gəmiqayada) yer üzünə çıxdığı zaman onun adamlarının məskən saldığı kəndlərdən biri də Nehrəm olmuş və kəndin adı da Nuh Peyğəmbərin adı əsasında yaranmışdır. Bu fikir bəzi müəlliflər tərəfindən müdafiə olunsa da, kənd adının izahı üçün əsas ola bilmir. Çünki toponimi Nuh+rəm şəklində komponentlərə ayırmaq olmaz.
Bu fikirdən fərqli olaraq, XIX-XX əsrlərə aid rus tədqiqatçıları yazırlar ki, “Nehrəm” sözü “nəhr” sözü ilə əlaqədardır. Kənd Naxçıvançayla Əlincəçayın kəsişdiyi ərazidə, Araz çayının suyu bol olan hissəsində yerləşdiyi üçün belə adlandırılmışdır. Naxçıvan şəhərində su şəxsi adamların, mülkədarların idarəsi altında olduğundan əhali sudan kütləvi şəkildə istifadə edə bilmirdi. Ancaq Nehrəm kəndində sudan ümumi istifadə olunduğu üçün kəndə “bütün icmaya, ümumi kütləyə məxsus su” anlamı bildirən “Nehrəm” adı verilmişdir. Demək, belə qənaətə gəlmək olar ki, kəndin adı “nehr” – böyük çay və “əm” – icma, cəmiyyət sözlərinin birləşməsindən ibarət olub, mənası “böyük arx və ya çay kənarında yaşayış məskəni” deməkdir. Nehrəm toponiminin nəhr-çay, su ilə bağlı olması fikrini kəndin relyef mövqeyi, üç çay arasında – Əlincəçay, Naxçıvançay və Araz çayının qovuşduğu vadidə yerləşməsi də təsdiqləyir.
“Çeşməbasar” “saf su”, “saf bulaq” mənasında işlənən addır
Qədim tarixə malik Çeşməbasar kəndi Babək rayonu ərazisində, Naxçıvan-Ordubad avtomobil yolunun kənarında yerləşir. Kəndin salınma tarixi dəqiq məlum deyil. XIX əsrə aid mənbələrdə toponimin “Çeşməsara” və “Çeşməbazar” variantlarına da rast gəlinir. Faktlar sübut edir ki, kənd tarixən mövcud olmuş, ancaq müxtəlif səbəblər üzündən bir neçə dəfə dağılmış, sonra kənddə həyat yenidən bərpa olunmuşdur. Məsələn, 1827-1828-ci illərdə baş vermiş rus-İran müharibəsi zamanı Çeşməbasar kəndinin əhalisi İrana və Naxçıvanın digər kəndlərinə köçmüş, qonşu Güznüt kəndindən 45 ailə İrana, 2 ailə İrəvan əyalətinə, 5 ailə Naxçıvanın ayrı-ayrı kəndlərinə köçmüş, hər iki kənddə yaşayış olma­mışdır. Ancaq bu kəndlərdə yaşayışı təmin etmək üçün Abbas Mirzə hər güznütlüyə, bütünlüklə, səkkiz min manat gümüş pul təyin etmiş, ətraf kəndlər və Mərənddən buraya ailələr köçürmüşdür. Həmin dövrdə yaşayış olmayan Çeşməbasar kəndi “Küznüt kəndinin əkin sahələri” olmuş, ancaq az sonra vaxtilə kənddən köçmüş ailələr geri qayıtmış, kənddə yaşayış təmin olunmuşdur. Çeşməbasar kəndi 1905-1907-ci illərdə yenidən boşalmış, əhalinin xeyli hissəsi (əsasən, qadınlar və uşaqlar) başqa yerlərə köçmüşdür. Ancaq naxçıvanlıların qəhrəmanlığı sayəsində daşnak Andranik ərazidən qovulduqdan sonra yurd-yuvasından didərgin düşmüş əhali geri qayıtmışdır. Kənd əhalisi geri qayıdarkən Araz kənarındakı keçmiş Yamxana  kəndində məskən salmış, sonra öz kəndlərinə köçmüşdür.
Xalq etimologiyasına görə, Çeşməbasar “su basan yer” deməkdir. Mənbələrdə kəndin “bulaq suyunun suvara bildiyi ərazidə yerləşdiyi üçün belə adlandırıldığı” qeyd olunur. Digər tədqiqatçıların fikrincə isə adın mənşəyi “çeşmə” (bulaq) və “basar” (ətraf ərazi) sözlərindən yaranıb, “bulaq ətrafı” mənasını verir. Aydındır ki, “Çeşməbasar” adı “çeşmə” və “basar” komponent­lərindən ibarətdir. “Çeşmə” “bulaq, dirilik bulağı, həyat bulağı, göz bəbəyi” mənasını bildirir. Adın ikinci komponenti “basar” və “bazar” variantlarında özünü göstərir və bəzi mənbələrdə “Çeşməbazar” şəklində də yazılır.
Onu da qeyd edək ki, qədim türklərdə “Bazar” adlı tayfa olub. Bunu nəzərə alan tədqiqatçıların bir qismi toponimin bazar komponentini həmin tayfa adı ilə əlaqələndirir və Qarğabazar, Bazar yurdu və Bazar düzü oronimlərinin mənşəyinə bu mövqedən yanaşırlar. Ancaq qeyd etmək lazımdır ki, Çeşməbasar və Qarğabazar toponimlərinin “basar//bazar” komponenti tayfa adı ilə bağlı deyil. Bu söz qədim  türk dillərində “cərgə”, “sıra”, “silsilə”, “dil formalı şiş uclu qaya”, “üst-üstə düşmüş buzlaq daşları”, yaxud  “bir şeyin (adamların, quşların və hətta cansız obyektlərin, məsələn, buzlaq daşlarının) bol yeri, yığın yeri” mənalarında işlənmişdir. Digər tərəfdən, orta əsrlərdə Azərbaycanda “basar” dedikdə çayın və ya bulaqdan (kəhrizdən) çəkilmiş arxın suvara bildiyi əkin sahəsi nəzərdə tutulurdu. Biz də bu mövqedən çıxış edərək belə qənaətə gəlirik ki, “Çeşməbasar” kənd adı “bol, bolluq” anlamında işlənərək “saf su, saf bulaq, çoxlu çeşməsi, təmiz suyu olan yer” mənasını ifadə edir. Çeşməbasara yaxın ərazidə – Naxçıvanın 7 verstliyində dağ çayının axarı boyunca “Naxışnərgiz” adlı karbonat bulaqlara rast gəlinməsi və kəndin ərazisindən bulağın çıxması bu adın yaranmasına səbəb olub. Qarğabazar oroniminin ikinci komponenti də bu qəbildəndir. Oronimin tərkibindəki, bazar sözü “cərgə”, “sıra”, “silsilə”, “dil formalı şiş uclu qaya”, “üst-üstə düşmüş buzlaq daşları”, “qarğa, quzğun bol olan yer”, “qarğa, quzğun yaşayan qaya” mənasını bildirir.

Adil BAĞIROV
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, filologiya elmləri doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR