Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı bu missiyanın öhdəsindən gəlməyə çalışır
Azərbaycanda xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunu sübut edir. Erkən orta əsrlərdən başlayaraq, əsasən, mərasim rəqslərindən müxtəlif növ xalq rəqsləri formalaşmağa başlamışdır.
Azərbaycan xalq rəqsləri mövzu baxımından rəngarəngdir; bu rəqslər əmək, mərasim, məişət, qəhrəmanlıq, birlik və güc rəmzi olan yallılar kimi növlərə bölünür. Davametmə müddətinə, rituallarının zənginliyi və rəngarəngliyinə görə toy mərasimlərində ifa olunan rəqslər daha geniş yayılıb.
Milli rəqslərimiz zəngin mədəniyyətimizin tərkib hissəsi olub, milli dəyərlər xalımızın ən qədim naxışlarındandır. Bu naxışları müasir günümüzdə yaşatmaq baxımından Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının fəaliyyəti maraq doğurur.
55 yaşlı ansamblın yarandığı vaxtdan bu günədək keçdiyi inkişaf yolu və milli rəqslərimiz barədə filarmoniyanın direktoru, Azərbaycan Respublikasının əməkdar artisti Elman Əliyevlə həmsöhbət olduq.
Öyrəndik ki, “Qazağı”, “Heyvagülü”, “Lalə”, “Qızılgül”, “İnnabı”, “Şalaxo” kimi Azərbaycan xalq rəqsləri ansamblın repertuarından düşmür.
Elman müəllim deyir ki, milli rəqslərimiz quruluş, süjet və mövzu baxımından bir-birlərindən fərqlənən səciyyəvi xüsusiyyətlərə malikdir. “Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”, “Tərəkəmə”, “Cəngi”, “Şalaxo”, “İnnabı”, “Qazağı”, “Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”, “Naznazı”, “Vağzalı”, “Yallı” kimi milli rəqslərimiz, həqiqətən, insanın zövqünü oxşayan, onu riqqətə gətirən əvəzolunmaz, təkrarolunmaz musiqi və emosional hərəkətlər məcmusudur. Milli rəqslərimizin fövqündə insanlara birlik təlqin edən “Yallı” rəqsləri dayanır. Bu rəqslər insan qəlbində pak duyğular oyadır, onu vətənpərvərlik hissləri ilə doldurur. Kollektivimiz unudulmuş milli rəqslərimizə yazılı mənbələrdən istifadə etməklə, yaşlı nəslin nümayəndələrinin xatirələrindən bəhrələnməklə yeni həyat verməyə çalışır. Bunlardan “Qavalla”, “Üç gül”, “Tərəkəmə”, “Sarı gəlin” rəqslərinin adını çəkmək olar ki, bu milli rəqslər tam dolğunluğu ilə bərpa edilərək repertuara salınıb. Bu isə keçmişimizə hörmət, gələcəyimizə isə qiymətli ərməğandır.
Hər zaman yaradıcı axtarışlarda olan, repertuar zənginliyinə ciddi diqqət yetirən nəğməli kollektiv muxtar respublikamızda keçirilən tədbirlərdə, bayram şənliklərində, eləcə də müxtəlif ölkələrdə maraqlı konsert proqramları ilə çıxış edir. Bunlara nümunə kimi kollektivin Qazaxıstanda, Tacikistanda, Özbəkistanda keçirilən müxtəlifsəpgili tədbirlərdəki, festivallardakı uğurlu çıxışlarını göstərə bilərik.
“Ansamblın Türkiyə Respublikasının İqdır şəhərində təşkil edilən “Naxçıvan günlərində”, eləcə də Qars, Ərdahan şəhərlərində keçirilən festivallardakı çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb”, – deyən filarmoniyanın direktoru bildirir ki, 2004-cü ilin iyul ayında Bayburtdakı “Uluslararası mədəniyyət və sənət bayramı”nda Ukrayna, Bolqarıstan, Tatarıstan və Gürcüstan ansamblları arasında seçilən mahnı və rəqs ansamblımızın “Dədə Qorqud” mükafatına layiq görülməsi uğurlarımızdan xəbər verir. Milli rəqslərimizin ansamblın ifasında ərsəyə gəlməsində baletmeyster, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Tamerlan Bağırovun əməyi danılmazdır.
2009-cu ilin noyabr ayında Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən Azərbaycan mədəniyyəti günlərində ölkəmizi muxtar respublikamızın bir sıra mədəniyyət və incəsənət xadimləri də təmsil edirdilər. Tədbirdə mahnı və rəqs ansamblının üzvləri xalq mahnıları, xalq rəqslərimizlə tamaşaçılar qarşısında çıxış etmişlər. Ötən il də kollektiv üçün uğurlu illərdən olmuşdur. Belə ki, Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı may ayında qardaş Türkiyə Respublikasının Qars, iyun ayında Gümüşhanə şəhərlərində keçirilən beynəlxalq mədəniyyət və sənət festivallarında, sentyabr ayında isə X Beynəlxalq Anadolu Günləri Mədəniyyət və Sənət Festivalında ölkəmizi layiqincə təmsil etmişdir.
Qazanılan uğurlar dövlətimiz tərəfindən qiymətləndirilmiş, kollektivin 30-dan çox üzvü fəxri ad və digər dövlət mükafatlarına layiq görülmüşdür.
Böyük bir sənət yolu keçən, milli musiqi və incəsənətimizin təbliği sahəsində xidmətlər göstərən, Naxçıvan mədəniyyətinin inkişafında xüsusi yeri və layiqli xidməti olan kollektivin bugünkü fəaliyyətinə nəzər yetirdikdə istər-istəməz iftixar hissi keçirir, öyünürsən.
Sonda çıxışları arasında hansı konsert proqramının daha uğurlu və yaddaqalan olduğunu soruşduqda filarmoniyanın direktoru Elman Əliyev sualımızı belə cavablandırdı:
– Yaddaqalan çıxışlarımıza nümunə kimi doğma diyarımızın 85 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə kollektivin uğurlu çıxışını göstərmək olar. Bundan başqa, Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısı ilə əlaqədar keçirilən konsert proqramında ansamblın ifa etdiyi özbək bəstəkarı Sabir Kargərin “Ana yurd” mahnısı da nümunəvi çıxışlar sırasındadır.
Hər il rəqs kollektivinin uğurları daha da artır. İnanırıq ki, “Muxtariyyət ili”ndə belə uğurlar daha çox olacaq.
Türkan HÜSEYNLİ