Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Milli Teatr Günü münasibətilə tədbir keçirilib.
Tədbirin əvvəlində teatrsevərlərə M.F.Axundzadənin komediyası əsasında hazırlanmış “Lənkəran xanının vəziri” tamaşasından bir parça təqdim olunub.
Sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək Azərbaycan teatrının tarixindən danışıb. Qeyd olunub ki, xalqımızın yaratdığı xalq oyunları, xalq komediyaları, meydan tamaşaları, bayram məzhəkələri teatr sənətimizin ilk nümunələri kimi peşəkar milli teatrımızın yaranmasında mühüm rol oynayıb.
Nazir ümummilli lider Heydər Əliyevin Azərbaycan teatrının inkişafındakı müstəsna xidmətlərindən söhbət açaraq bu gün də teatrlara ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulayıb. Bildirilib ki, bu gün teatr binaları yenidən qurulur, təmir edilir, teatr sahəsində islahatlar həyata keçirilir. Teatrlarımıza diqqət və qayğını muxtar respublikamızda fəaliyyət göstərən sənət ocaqlarının timsalında da aydın görmək mümkündür.
Çıxışdan sonra yazıçı-dramaturq Əli Əmirlinin “Ağa Məhəmməd şah Qacar” tamaşasından bir parça göstərilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, Xalq artisti Kamran Quliyev “Azərbaycan peşəkar teatrının yaranması və inkişafı” mövzusunda çıxış edib. Qeyd olunub ki, Yaxın Şərqdə ilk dəfə olaraq peşəkar teatrın Azərbaycanda yaranması xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında və təbliğində, estetik zövqünün formalaşmasında, maariflənməsində böyük rol oynayıb, mütərəqqi ideyaların yayılmasına, teatrların işıqlı amalların carçısına çevrilməsinə səbəb olub. Ona görə də milli teatrın inkişafına fədakarlıqla xidmət etmiş sənət korifeyləri daim xatırlanır, onların mənəvi irsindən öyrənilir.
Böyük rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexovun “Ayı” və “Təklif” vodevilləri əsasında hazırlanmış “Russayağı evlənmə” tamaşasından bir parçanın nümayişi yaddaqalan olub.
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Ələkbər Qasımov “Naxçıvan teatrının yaranması və inkişafı” mövzusunda çıxış edərək qədim sənət ocağının keçdiyi şərəfli və çətin inkişaf yolundan söhbət açıb. Bildirilib ki, böyük sənətkarlarımızın xidmətləri nəticəsində teatrımız bütöv bir tamaşaçı nəslinin sevilib-seçilən sənət ocağına çevrilib. Sənətşünas-alim bu gün Naxçıvan teatrına göstərilən qayğıdan da danışıb, teatrın binasının əsaslı şəkildə yenidən qurulmasının, sənət adamlarının əməyinin qiymətləndirilməsinin bunun bariz ifadəsi olduğunu bildirib.
Sonra görkəmli şair-dramaturq İslam Səfərlinin “Göz həkimi” pyesindən bir parça təqdim olunub.
Teatrın direktor əvəzi, Xalq artisti Rza Xudiyev “Azərbaycan teatrının inkişafında Naxçıvan teatrının rolu” mövzusunda çıxış edərək bu sənət ocağının dərin mündəricəli əsərləri tamaşaya qoyması ilə teatr tariximizdə gözəl ənənələr yaratdığını bildirib.
Tədbirin sonunda M.F.Axundzadənin “Hekayəti-xırs quldurbasan” komediyasından bir parça göstərilib.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti