8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində qəzetimiz üçün maraqlı müsahib seçmişdim: müxtəlif muzeyləri bəzəyən əl işlərinin sahibini oxucularımıza daha yaxından tanış etmək üçün. Bu xanım dekorativ-tətbiqi sənət növü olan ağac üzərinə naxışişləmə sənəti ilə məşğuldur. Məlumdur ki, bu sənətlə ən çox kişilər məşğul olurlar. Çünki sənətkarlara görə, bu sənət sahəsi bilək işidir, güc tələb edir. Azərbaycan qadınının həyat tərzi, kişilərdən heç də geri qalmaması bizə onlarla öyünmək haqqı verir. O bir əlində nənni yüyrüyü tutub, bir əlində qılınc kişilərlə bərabər yurd, torpaq qoruyub. Bir əli çörəkli, unlu olub, bir əli çöl işlərində, əkin-biçində olub. Döyüş meydanında ər kimi vuruşub, şəhid olub, əmək cəbhəsində hünər, qəhrəmanlıq göstərib. Zəkası, qüdrəti elmdə böyük kəşflərlə üzə çıxıb.
Budur, Afət Əhmədovanın iş yerinin qarşısındayam. İçəri daxil olanda Afət xanım yeni əl işinin üzərində işləyirdi. Özümü təqdim etdikdən sonra ona işinə davam eləməsini xahiş etdim. Fikirləşirəm ki, ağac budağını və ya taxta parçasını yolda görəndə üstündən addımlayıb gedirik. Ancaq insanlar var ki, bu parçalar üzərində böyük sənət əsəri ərsəyə gətirirlər. Üzərində işləyəcəyi ağacı qarşısına qoyub uzun müddət baxır, onunla danışmağa, dil tapmağa çalışır. İşləyəndə də elə bil ağacı yonmur, oymur, incitmir, artıq-əskiyini nizamlayır, şəkildən-şəklə salır, gözəlləşdirir, daha yaraşıqlı, daha cazibəli biçimə salır.
Onu da qeyd edim ki, Azərbaycan xalqı özünün çoxəsrlik tarixi boyunca zəngin, özünəməxsus mədəniyyət yaratmışdır və bu mədəniyyətin inkişaf etmiş sahələrindən biri də dekorativ-tətbiqi sənətdir. Bu sənətlər qədimdən mövcuddur. Və özündə bədii sənətin müxtəlif növlərini birləşdirir. Bunlara misal olaraq döymə sənətini və zərgərliyi, metal üzərində işləmələri, ağac, daş və sümük üzərində oyma naxışı, xalçaçılığı, hörgünü, ornamental toxuculuq və basmanaxışı, toxuma, bədii tikmələr və bir çox digərlərini göstərə bilərik. Dekorativ-tətbiqi sənətə el arasında “xalq sənəti” də deyilir. Afət xanım da bu sənətin ağac üzərinə naxışsalma növünü yaşadır.
Afət xanım onu heyranlıqla izlədiyimi sezib deyir:
– Həyatda deyə bilmədiklərimi ağaclara deyirəm. Elə olur ki, kənardan gələn səsi də eşitmirəm. Mən bu işdə yorulanda da dincliyimi elə bu işdən alıram. Tamamladığım bir əsəri qarşıma qoyub beşcə dəqiqə ona baxanda bütün yorğunluğum çıxır. Bu iş mənim imzamdır. Ona nə qədər çox şey verə bilsən, alacağın da o qədər çox olur.
Şahbuz rayonunda anadan olan Afət xanım 1991-ci ildə Tibb Kollecinə daxil olur. Uzun müddət tibb bacısı kimi fəaliyyət göstərir. Tibb bacısı peşəsindən dekorativ-tətbiqi sənətə gedən yol daha çox diqqətimizi çəkir. “Bəs necə oldu, bu sənətə yiyələndiniz?” Afət xanımın dediklərindən:
– Uzun illərdir, xarici ölkədə yaşayırdıq. Yaxın qohumum Oqtay usta da ağac üzərində naxış işi ilə məşğuldur. Hazırda birgə çalışırıq. Bir gün iş başında Oqtay usta ayağından zədə aldı və uzun müddət işindən uzaq qaldı. Həmin vaxt Oqtay usta iş sifarişi almışdı. Onu vaxtında çatdırmalı idi. Uzun illər onun necə işlədiyini izləyirdim. Arada kömək də edirdim. Xəstə olduğu müddətdə həmin işi öz üzərimə götürüb başa çatdırdım.
Elə bu yerdə sözə qoşulan Oqtay usta deyir:
– Onda gözlərimə inanmamışdım. Çoxlu tələbələrim olub. Amma heç kəs Afət kimi olmayıb. Daim öz üzərində çalışır, gördüyü işi həvəslə yerinə yetirir. 8 ildir, birgə fəaliyyət göstəririk. Hətta bir sıra əl işlərimizi birgə ərsəyə gətiririk.
– Afət xanım, necə oldu, yenidən Naxçıvana qayıtdınız?
– Xarici ölkədə yaşasaq da, tez-tez Naxçıvana gəlirdik. Bir dəfə Novruz bayramı münasibətilə keçirilən tədbirdə əl işlərim sərgiləndi. Həmin gündən sənətimə böyük dəstək gördüm. Fikirləşdim, yad ölkədə bu işi niyə görməliyəm? Həmin dəstək və qayğını indiyə qədər daim öz üzərimdə hiss edirəm: bizə yer verildi, şərait yaradıldı, əl işlərimizin satışı təşkil olundu. Bir sənət adamı bundan artıq nə istəyə bilər? Bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olundum. İnanın, o qədər sevincliyəm ki, bu hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm.
Afət xanım əlavə edir:
– Bütün bunlar məsuliyyətimi daha da artırır. Sahibkarlığa göstərilən qayğıdan bəhrələnərək fəaliyyətimizi daha da genişləndirməyi nəzərdə tutmuşuq. Çünki öyrənmək istəyən gənclər çoxdur. Onlara həvəslə bu sənəti öyrətmək istəyirəm. Özü də onu deyim ki, son illər bu sənətə maraq artır. Bizdən sonra gələcək nəsil bu sənəti yaşatmalıdır.
Divardan asılan diplomlar, sertifikatlar diqqətimizi çəkir. Öyrəndim ki, Afət xanımın əl işləri bir sıra xarici dövlətlərdə sərgilənib, yaradıcılıq mükafatları alıb. Ötən il Bakı şəhərində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Müstəqil Dövlətlər Birliyi ölkələrinin iştirakı ilə keçirilmiş sərgidə sertifikata layiq görülüb.
Xalq yaradıcılığının, əsrlər boyu yaranan mənəvi və maddi-mədəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ olunması mühüm əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, muxtar respublikada həyata keçirilən tədbirlər sayəsində belə sənət sahələri unudulmur, inkişaf etdirilir, sistemli şəkildə təbliğ olunur və gələcək nəslə çatdırılır.
Sara ƏZİMOVA