25 Dekabr 2024, Çərşənbə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında” 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir.
Teatr həyatda və cəmiyyətdə baş verən hadisələri görmək, duymaq və onları dərk etmək üçün qarşılıqlı münasibətlərin inikasını yaradır, burada real həyat hadisələri obrazların dili ilə tamaşaçıya çatdırılır. Bu mənada incəsənətin heç bir növü teatrla müqayisə edilə bilməz. Çünki söz sənəti, rəssamlıq, musiqi, rəqs və digər növlərin sintezindən yaranan tamaşa dramaturqun, rejissorun, rəssamın, bəstəkarın, aktyorun və digər sənət adamlarının birgə əməyinin bəhrəsidir.
Azərbaycanda teatr sənətinin, xalq teatrımızın tarixi çox qədimlərdən başlayır. Qobustan, Gəmiqaya rəsmləri bunu bir daha təsdiq edir. Həmçinin Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, dünyagörüşü ilə bağlıdır.

Xalqımızın yaratdığı xalq oyunları, xalq komediyaları, meydan və qaravəlli tamaşaları, bayram məzhəkələri folklorumuzun bir parçası olmaqla yanaşı, həm də teatr sənətimizin ilk nümunələridir. Qədim tarixə malik “Sayaçı”, “Novruz”, “Gəvsəç” kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir. Xalqın yaradıcı­lıq təfəkkürünün imkanlarını göstərən, folklorumuzun zənginliyini ortaya qoyan bu tamaşalar peşəkar teatrın yaranmasına qədər böyük bir missiyanı yerinə yetirmişdir.
Əsası 1873-cü ilin mart ayında M.F.Axundovun “Lənkəran xanının vəziri” tamaşası ilə qoyulmuş Azərbaycan teatrı kəşməkəşli inkişaf yolu keçmişdir. Milli teatrın yaradılmasında Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlovun xüsusi xidmətləri olmuşdur. Həmin dövrdə Azərbaycan ziyalıları teatrın inkişafında böyük fədakarlıq göstərmişlər. Azərbaycan dramaturgiyasının inkişafında son dərəcə mühüm rol oynayan, mədəni quruculuq sahəsində, eləcə də teatr sənətinin təşəkkülündə böyük xidmətlər göstərən ədəbiyyat və incəsənət xadimləri, aktyor və rejissorlar öz yaradıcılıqları ilə milli teatrın inkişafında, milli və dünya dramaturqlarının klassik irsinə düzgün münasibətin müəyyənləşməsində əvəzsiz xidmət göstərmişlər.
Teatra, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşan, onlara, sözün əsl mənasında, hamilik edən ümummilli lider Heydər Əliyevin səyi və köməyi nəticəsində ötən əsrin 70-ci illərində milli teatr sənətimiz sürətli inkişaf yoluna qədəm qoymuşdur. Ümummilli liderimiz Heydər Əliyev xalqımızın zəngin yaradıcılıq ənənələrinə malik olan teatr sənətinə yüksək qiymət verərək demişdir: “Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha güclüdür. Bunlar xalqa daim sənət və xüsusən incəsənət vasitəsilə aşılanmışdır. Ədəbiyyatın insanlara böyük təsiri vardır. Ancaq bir var ki, insan hər hansı bir əsəri özü oxusun, bir də var ki, onu canlı olaraq səhnədə görsün. Ona görə də teatrın həyatımızda rolu böyükdür. Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır, orada çalışanlar fədakardırlar”.
Mədəniyyət tariximizin parlaq səhifələrini şərəflə yazan milli teatrımız ulu öndərimizin yenidən siyasi hakimiyyətə qayıdışından sonra öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Teatrlara diqqət və qayğı artırılmış, aktyor və rejissorların səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır.Yaradıcılıq şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilmiş, teatr kollektivlərinin əməkhaqları dəfələrlə artırılmış, ak­tyorların, dramaturqların, rejissorların yubileyləri qeyd olunmuş, Azərbaycan teatrının beynəlxalq əlaqələri genişlənmişdir.
Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan teatrların diqqət və qayğı ilə əhatə olunması siyasəti ölkə Prezidenti cənab İlham Əliyevin də diqqət mərkəzindədir. Bu gün teatr binaları yenidən qurulur, təmir edilir, teatr sahəsində islahatlar həyata keçirilir. 2006-cı ildə qəbul olunmuş “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu bu sahənin qanunvericilik bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətli olmuşdur. Ölkə başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli Sərəncamı isə milli teatrımıza göstərilən diqqət və qayğının daha bir nümunəsidir. Sərəncamda milli mədəniyyətimizin inkişafında böyük rol oynayan teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq potensialının yaxşılaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” da Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi, rejissor və aktyorların yaradıcılıq potensialının inkişaf etdirilməsi baxımından əhəmiyyətli olmuşdur.
Teatrlarımıza diqqət və qayğını muxtar respublikamızda fəaliyyət göstərən sənət ocaqlarının timsalında da aydın görmək mümkündür. Naxçıvanın mədəni həyatında mühüm rol oynayan teatrlarımız dövlət qayğısı ilə əhatə olunmuş, son 18 ildə muxtar respublikada teatr sənətinin davamlı inkişafının təmin edilməsi, teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu gün muxtar respublikada Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə yanaşı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı, Naxçıvan Dövlət Universitetinin tələbə teatr studiyası fəaliyyət göstərir.
2012-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi muxtar respublikanın mədəni həyatında əlamətdar hadisə olmaqla bərabər, həm də bu sənətə diqqət və qayğının real ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov teatr binasının istifadəyə verilməsi mərasimində kollektivin qarşısında mühüm vəzifələr qoyaraq demişdir: “Bu gün istifadəyə verilən bina teatrın həyatında yeni dövrün başlanğıcıdır. Ona görə də kollektiv Yaxın Şərqin ən gözəl memarlıq abidələrindən biri olan teatr binasında bundan sonra da düşündürücü, dövrün tələbləri ilə səsləşən əsərlər səhnələşdirərək insanların mədəni səviyyəsinin yüksəldilməsinə xidmət etməli, teatrda yeni ənənələr başlamalı, teatr tamaşaçı hörməti qazanmalıdır”.
Müstəqillik illərində Naxçıvan teatrı yaradıcılıq axtarışları, həm də qastrol səfərləri ilə zəngin olmuşdur. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı bu illərdə Türkiyənin Ankara, İstanbul, Bursa, Ərzurum, İqdır, Dənizli, Tarsus, İran İslam Respublikasının Təbriz, Maku, Urmiya şəhərlərinə səfərlər etmiş, göstərdiyi tamaşalarla qonşu və dost ölkələrin sənətsevərlərinin rəğbətini qazanmışdır.
Müxtəlif vaxtlarda səhnəyə qoyulan “Topal Teymur”, “İblis”, “Səyavuş”, “Dirilən adam”, “Fərhad və Şirin”, “Koroğlunun Çənlibelə qayıdışı”, “Qönçəbəyim nəğməsi”, “Mirzə Fətəli”, “Ağa Məhəmməd şah Qacar” kimi uğurlu tamaşalar onu göstərir ki, Naxçıvan teatrının yaradıcılıq axtarışları ilbəil zənginləşir. 2012-ci il may ayının 26-da Respublika Günü ərəfəsində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının və Naxçıvan Dövlət Filarmoniyasının Ü.Hacıbəylinin “Koroğlu” operasından birgə hazırladığı kompozisiya da muxtar respublikanın mədəni həyatında əlamətdar hadisə olmuşdur.
Bu il də Naxçıvan teatrının kollektivi yeni tamaşalar üzərində işləyir. Belə ki, teatrda Həsənəli Eyvazlının Naxçıvanın muxtariyyət tarixinə həsr olunan “Araz sahilində doğan Günəş” əsəri, Norveç dramaturqu Henrik İbsenin “Kuklalar evi” dramı və şair-publisist Taleh Həmidin “Yəhya bəy və Dilqəm” pyesi səhnələşdiriləcəkdir.
Yaradılmasının 25 illiyini qeyd edən M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı da yüksək qayğı ilə əhatə olunmuş, 2004-cü ildə yeni bina ilə təmin edilmişdir. Teatrın qonşu Türkiyəyə və İran İslam Respublikasına səfərləri ənənəyə çevrilməklə bu sahədə beynəlxalq əlaqələrin inkişafına təkan vermişdir. Kukla teatrı 2009-cu ildə Türkiyə Respublikasının Bursa şəhərində keçirilən 13-cü Uluslararası Qaragöz Kölgə və Kukla Oyunları Festivalında, 2010-cu ildə isə Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən “Kuklaların fantaziyası” I Beynəlxalq Kukla Teatrları Festivalında iştirak etmiş və festivalların diplomlarına layiq görülmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 4 oktyabr tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Teatrı Azərbaycanda fəaliyyət göstərən iki uşaq teatrından biridir.Teatr bu illər ərzində hazırladığı “Cəsur dovşan”, “Yaxşılıq itmir”, “Meşə əhvalatı”, “Fəridin yuxusu”, “İgidlik imtahanı”, “Bu dünya bir nağıldır”, “Ata məhəbbəti”, “İki qardaş”, “Daşdəmirin nağılı” və başqa tamaşalarla balaca tamaşaçıların qəlbinə yol tapmağı bacarmışdır. Həmçinin muxtar respublikanın xalq teatrları tərəfindən hazırlanmış “Solğun çiçəklər”, “Ezop”, “Beş manatlıq gəlin”, “Rəhmə gəl, mələyim”, “Məhəbbət nişanəsi”, “Evlikən subay” və başqa tamaşalar da ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Son illər Naxçıvan teatrının tədqiqi ilə bağlı da mühüm işlər görülmüş, bir sıra monoqrafiya və kitablar nəşr olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə nəşr olunan “Naxçıvan teatrının salnaməsi” bu baxımdan yüksək qiymətə layiqdir. Kitabda ilk dəfə olaraq Naxçıvan teatrı ilə bağlı çoxsaylı sənədlər, fotoşəkillər və digər məlumatlar öz əksini tapmışdır.

Xalqımızın qədim və zəngin mədəniyyətini yaşatmaq, vətənpərvərlik duyğularını gücləndirmək, yüksək səviyyəli estetik-mənəvi təsirə malik olan əsərləri səhnəyə gətirmək teatrlarımızın bu gün qarşısında duran əsas vəzifələrdir. “Muxtariyyət ili”ndə Naxçıvan teatrları dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət edən yüksək sənət əsərlərini səhnəyə gətirəcək, milli dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması, eləcə də tariximizin yaşadılması sahəsində şərəfli vəzifəni layiqincə yerinə yetirəcəklər.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR