Yazın gəlişini ovçuluqla, maldarlıqla, əkinçiliklə məşğul olan bütün soy birləşmələri, qəbilə birləşmələri, xalqlar, o sıradan azərbaycanlılar səbirsizliklə gözləmişlər. Yaz özü ilə ruzi-bərəkət, istilik gətirir. Əski insan, ulu ata-babalar məhz buna görə də yazı qarşılamaq üçün onun istisinin şərəfinə mərasim keçirirdilər.
Əcdadlarımız oda xoşbəxtlik, insana uğur bəxş edən hami – canlı kimi baxmış, ona and içmiş, dua etmiş, alqış və etiqadlar yaratmışlar. Odla bağlı “Qodu xan” etiqadında deyilir: od çərşənbəsində adamlar sübh tezdən hündür bir təpənin üstündə tonqal qalayardılar. Həmin tonqalın dövrəsinə toplaşıb Günəşin doğmasını gözləyərdilər. Elə ki Günəş doğdu, hamı onu salamlayan “Qodu xan” nəğməsini oxuyar, tonqalın başında dövrə vurar, sonra da hərə tonqaldan bir üskü götürüb ocağını alışdırmaq üçün evə tələsərdi. Adamlar tonqalın dövrəsinə dolandıqda, eləcə də gəlib öz ocaqlarını yandırdıqda oxuyardılar:
Qodu xan, Qodu xan,
Söndürmə odu, xan.
At üstə qod gətir,
Ulusa od gətir.
Sözü bal Qodu xan,
Özü al Qodu xan.
Çərşənbələrdə tonqalqalama, göyə yanar üsküləratma, odun üstündən atlanma və sair el adətlərindəndir, daha doğrusu, əski mifik dünyagörüşlə bağlı bir məsələdir. İşığın, Günəşin gücünə inanan qədim insan odun, alovun köməyi ilə yad-yabançı ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanmışdır. Burada bütün məqamlarda od Günəşin rəmzi kimi düşünülür.
Kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününə qədər olan dövr ərzində dörd ünsürlə bağlı çərşənbələr qeyd olunur. Od çərşənbəsi sayılan ikinci çərşənbə əski görüşlərlə bağlı olub, Günəşə, oda, odu qoruyub saxlama inancı ilə əlaqədar yaranan ilaxır çərşənbələrin ikincisidir. Buna xalq arasında “Üsgü çərşənbə”, “Üsgü gecəsi”, “İkinci çərşənbə”, yaxud da əzizləmə məqsədilə “Addı çərşənbə” də deyilir. İnsanlar arasında belə bir etiqad yaranmışdır ki, onlar Günəşi və odu nə qədər əzizləsələr, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.
Qədim inam və etiqadlara görə, Günəş-od-atəş tapınmasının ilk nümunəsi, daha doğrusu, mənbəyi ağacın gövdəsində yatan istiliklə də bağlı olmuşdur. Əski etiqadlarda insanın qızındığı istiliyin ilk mənbəyi də Ağac kultu hesab olunurdu.
“Dağdağan, zoğal, əncir və tut ağaclarını odda yandırmazlar”, “Ağacın istisinə isinərlər”, “Od çərşənbəsində “ağlayan” ağacı kəsən sonsuz qalar”, “Palıd ağacının istisi sağlamlıq gətirər” və sair kimi yaranan inamlar da Ağac kultu ilə əlaqəlidir. Ulu babalarımız bunun şərəfinə “Şəhrivər” adlı şənliklər də keçirərdilər. İnsan bədənində və təbiətin özündə qorunub saxlanılan istilik də müqəddəs hesab olunurdu. Göründüyü kimi, od çərşənbəsində Günəş-od-atəş anlamı çox geniş ölçülərdə qəbul və dərk olunmuş, təbiətin dörd ünsüründən biri olan oda erkən inam və etiqadlar silsiləsini yaratmışdır.
Ulularımızın od-ocaq qarşısında səcdəyə durmalarını, əyilib ocaqdan od almalarını, odun ətrafında ayin, oyun və əyləncələri icra etmələrini ağbirçək nənələrimizin, ağsaqqal babalarımızın dilindən eşitmişik. Onlar insanın yaşadığı yerə, yurda, elə, obaya bağlılığını, insanın məskən saldığı yerə “ocaq” dediklərini od duyğusu ilə bizə çatdırıblar. Odsevər əcdadlarımız ta qədim zamanlardan bütün el şənliklərini, toy-bayram büsatlarını alovla, tonqalla rövnəqləndirib, evlərdə, eyvanlarda çıraqlar yandırıb, gəlin köçən qızların yoluna çıraq tutublar və sair. Xalqımızın odla bağlı uzaq keçmişindən yadigar qalan bu kimi adət və ənənələr bu gün də yaşayır.
“Oda dərdini deyən xeyir aparar”, “Ocaq sönməyən yerdə məskən salarlar”, “Odsuz ocaq olmaz”, “Od düşdüyü yeri yandırar”, “Oda pənah aparanın ocağı sönməz”, “Gün düşən yerdə xəstəlik olmaz”, “Gün doğanda ziyarətə yola düşərlər”, “Çıraq yeri qibləyə olan ev uğurlu olar”, “Od haqqı!”, “Ocaq haqqı!”, “Ocağa and olsun!”, “Ocağın bərəkətli olsun!” və sair kimi folklor nümunələri oda inam və etiqaddan yaranmışdır. Günəşlə, odla, ocaqla bağlı əski çağlarda keçirilən mərasimlər xalqımızın ən qədim görüşlərindən olub, bir sıra qayaüstü rəsmlərdə əks olunmuşdur. Şübhəsiz ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan əhalisinin mədəni inkişaf tarixini özündə yaşadan Ordubad rayonu ərazisindəki Gəmiqayada arxeoloqlar tərəfindən öyrənilmiş qayaüstü təsvirlər arasında qayanın mərkəzi hissəsində od və Günəş rəmzi sayılan kiçik dairə, onun ətrafında isə rəqs edən insan təsviri də əcdadlarımızın Günəşə, oda, atəşə olan etiqad və inamlarını ifadə etməkdədir.
Nizami ƏZİZƏLİYEV