Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı növbəti yaradıcılıq mövsümünün ilk tamaşasının məşqlərinə başlayıb. Bu günlərdə İsveç yazıçısı Henrik İbsenin “Kuklalar evi” pyesinin masaarxası məşqləri aparılır. Tamaşanın rejissoru Tofiq Seyidov, rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Fətəli Axundzadədir. Ailə-məişət mövzusunda olan əsərin qayəsində sədaqət dayanır. Hər kəs bir-birinə hörmətlə yanaşmalı, ailə daxilindəki məsələlərdə kompromisə getməli və hər bir iş ümumi razılıqla görülməlidir. Əks halda belə ailələri son anda dağılmaq gözləyir. Bu işdə isə güc ailənin aparıcı qüvvəsi olan ata və ananın üzərinə düşür. Bəs bu problem necə həll olunacaq? “Kuklalar evi” tamaşası bu sualın cavabına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində aydınlıq gətirəcək.
Rejissor tamaşaya daha çox teatrın gənc aktyor və aktrisalarını cəlb edib. 8 obrazın canlandırıldığı səhnə əsərində rolları Nurbəniz Niftəliyeva, Elnur Rzayev, Xalq artisti Şirzad Abutalıbov, Nazlı Hüseynquliyeva, Tahir İsmayılov, Zülfiyyə Zeynalova, Anar Eyvazov və Şölə Novruzbəyli ifa edəcəklər.
Səməd CANBAXŞIYEV