25 Dekabr 2024, Çərşənbə

Dünən Naxçıvan Dövlət Universitetində Azərbaycan ictimai fikir tarixinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin anadan olmasının 150 illik yubileyi münasibətilə “Həqiqətin böyüyü: Əli bəy Hüseynzadə – 150” mövzusunda  elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov açaraq  bildirib ki, 2014-cü il yanvar ayının 21-də Ə.Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamda bu görkəmli şəxsiyyətin türk dünyası xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynadığı, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürdüyü və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak etdiyi, eləcə də çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verdiyi vurğulanır.

Konfransda filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazovun “Əli bəy Hüseynzadənin həyatı və yaradıcılığı”, filologiya elmləri doktoru, professor Sədaqət Həsən­ovanın “Əli bəy Hüseynzadə və ədəbi dil problemləri”, filologiya elmləri doktoru Hüseyn Həşimlinin “Əli bəy Hüseynzadə və Avropa ədəbiyyatı”,  filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərovun “Füyuzat” jurnalında türk ədəbiyyatının təbliğ və tərənnümü” mövzularında məruzələri dinlənilib.
“Bizə fədai lazımdır! Türk hissiyyatlı, İslam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!” Məruzələrdə qeyd edilib ki, XX əsrin əvvəllərində “Füyuzat” jurnalında yer almış bu uzaqgörən çağırış tarixin müxtəlif dövrlərində hərbi, ideoloji təzyiqlərə məruz qalan xalqımız, eləcə də türk dünyası üçün bir nicat yolu, qurtuluş düsturu idi. Müasirlərinin “Qafqaz müsəlmanlarının atası”, “Türk xalqlarına kimliyini bildirən dahi”, “Bütün türk dünyasının mücahidi”, “Türkçülüyün babası (atası)” adlandırdıqları, aktuallığını bu gün də saxlayan, yuxarıda qeyd olunan fikirlərin müəllifi Əli bəy Hüseynzadə şərəfli ömrünü türk millətinin, o cümlədən Azərbaycan xalqının milli oyanış və özünüdərkinə, istiqlal mücadiləsinə, maarif və mədəniyyətinin yüksəlişinə, milli dövlətçiliyin formalaşdırılmasına həsr edib.
Vurğulanıb ki, türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən Əli bəy Hüseynzadə zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi ilə Azərbaycan maarifçiliyinə qiymətli töhfələr verib.
XX əsrin sonlarında Azərbaycanın dövlət müstəqilliyinə qovuşması Əli bəy Hüseynzadə şəxsiyyətini yenidən ictimai-siyasi fikir tariximizə qaytarıb. Onun əsərləri, eləcə də “Füyuzat” jurnalının tam dəsti latın əlifbasında nəşr edilib. Əli bəy Hüseynzadənin ictimai-siyasi, ədəbi fəaliyyətinə dair xeyli araşdırmalar aparılıb,  dəyərli monoqrafiyalar nəşr edilib, çoxsaylı elmi, elmi-kütləvi məqalələr çap olunub.
Konfransa Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov yekun vurub.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR