Tanrının insanlara bəxş etdiyi ən böyük və əvəzsiz nemət sayılan suya inamın başlıca səbəblərindən biri onun varlığı təmin edən əsas vasitələrdən biri olmasıdır. Susuz yaşayışın mümkün olmadığını düşünən əcdadlarımız məhz bu səbəbdən suya ehtiramla yanaşmış, onu qorumuşlar. Eyni zamanda ta əski çağlardan suya ruhun əksetdiricisi kimi baxılmışdır. Əcdadlarımız tərəfindən görülən bəd, qorxulu yuxunun sınsın deyə, suya, yəni suda əks olunan ruha danışılması, səfərə yollananın işi uğurlu alınsın, o, sağ-salamat qayıtsın deyə, arxasınca su səpilməsi müqəddəs ünsürə inamın göstəricisidir. Suyun murdarlanması ən böyük günahlardan sayılmışdır.
Xalqın su ilə bağlı etiqadlarında su canlı, deyiləni eşidən, başa düşən zənn olunmuşdur. Məsələn, xalqımızın qəhrəmanlıq dastanlarından olan “Kitabi-Dədə Qorqud”da Salur Qazan evinin kimlər tərəfindən talan edildiyini öyrənmək üçün “Su haqq üzün görmüşdür, mən bu suyla xəbərləşim”, – deyib suya üz tutur. Sorğusunun sonunda Qazan xanın:
Ordumun xəbərin bilirmisən, degil mana!
Qara başım qurban olsun, suyum, sana! –
deyə suya müraciəti oğuzlarda suyun doğrudan-doğruya canlı bilinməsi fikrini reallaşdırır.
Boz ayın dörd müqəddəs çərşənbələrindən birincisi – su çərşənbəsi
Əbəs deyildir ki, əcdadlarımızın əski bayramlarından olan Novruz insana həyat verən dörd müqəddəs ünsürün – suyun, odun, yelin (havanın), torpağın isinməsi, “dirilməsi” istəyi ilə bağlı yaranmışdır. Yığılan azuqə ehtiyatı tükəndikcə insanda torpağı oyatmaq, əkmək, biçmək arzusu artırdı. Torpaq isə birdən-birə “dirilmirdi”, oyanmırdı. Onun oyanması üçün su, istilik (od, Günəş) və yel (hava) lazım idi. Elə bu arzu ilə bağlı xalq çox qədimdən həmin dörd ünsürlə əlaqədar özünün zəngin adət-ənənə, etiqad və ayinlərini yaratmışdır. Təzə ilə dörd həftə qalmış bu ayin və etiqadlar icra olunmağa başlanmışdır.
Boz ayın dörd müqəddəs çərşənbəsinin birincisi əzəl çərşənbədir. Xalq arasında o, “Əvvəl çərşənbə”, “Gözəl çərşənbə”, “Su çərşənbəsi”, “Sular novruzu”, “Gül çərşənbə” kimi də tanınır. Mənbələrə görə, əzəl çərşənbədə təzə ilin gəlməsi münasibətilə ən əvvəl su təzələnir, elə buna görə də bu çərşənbə su ilə, suyun təzələnməsi ilə əlaqələndirilir.
Məlumdur ki, türk xalqlarının mifoloji təsəvvürlərində ən qədim kultlar içərisində su kultu mühüm yer tutur. Su ilə bağlı yaranmış tapınmalar içərisində su tanrısı Abanın və Nahidin adı ilə bağlı çox əski süjetlər xalq arasında geniş yayılmışdır. Elə həmin görüş və etiqadlarla bağlı təsəvvürlərin bir çoxu əzəl çərşənbənin – su çərşənbəsinin ayin-etiqadları ilə çarpazlaşmış, bu çərşənbənin adı ilə bağlı silsilə inam, etiqad, ənənə, mərasim və sair yaranmışdır. Əzəl çərşənbə suya tapınma inamı ilə başlayır. Hamı hələ gün doğmamışdan su üstünə gedir, təzə suda əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atdanır. İnama görə, “təzə su”, daha doğrusu, əzəl çərşənbənin sübh tezdən köpüklənən ağ suyu dərdlərin dərmanı imiş. Çox ehtimal ki, Xızırın dirilik çeşməsindən su içdiyi, Koroğlunun Qoşa bulağı tanıdığı gün də elə əzəl çərşənbə günü olmuşdur. Əski inamlardan üzübəri su sağlamlığın rəhni bilinib. Su çərşənbəsi günü təzə sudan keçənlərin, azarını-bezarını ona verənlərin il boyu xəstəliklərdən uzaq olacağına inanılmışdır. Elə həmin gün su üstündə bir sıra ayinlər icra edilərdi. Səsi batanlara, danışa bilməyənlərə bu sudan içirərdilər. Adamlar elə buradaca günah işlətməyəcəklərinə, ancaq və ancaq yaxşılıq edəcəklərinə and içərdilər. Mərasim suyun başına dövrə vuran adamların aşağıdakı nəğməsi ilə başa çatardı:
Sel çapar, su çapar,
Bir günah işlətdim,
Gəl onu tut, apar.
Sel çapar, su çapar,
Gəl apar, gəl apar.
Su çərşənbəsi günü adamlar səhər tezdən üz tutarlar axar suyun üstünə; çillə kəsdirər, niyyət eləyib suyun üstündən tullanar, əl-üzlərini yuyar, bir-birinin üstünə su çiləyərdilər. Təzə sudan gətirib evin dörd küncünə, həyət-bacaya, mal-qaranın üstünə çiləyərdilər. İnsanlar bununla ilin ruzi və bərəkətli olacağına inanırmışlar. Qucaqdakı körpələri, qoca və xəstələri də su üstündən hoppandırardılar ki, salamatlıq, əmin-amanlıq, xoşbəxtlik olsun. Suyun qüdrətini, müqəddəsliyini həmişə önə çəkən əcdadlarımız hətta ilin axır çərşənbəsində də “Su üstü” deyilən mərasimi təntənə ilə qeyd etmişlər. Bu ənənə Naxçıvan bölgəsinin (xüsusilə Ordubad rayonunun Tivi kəndində) əhalisi tərəfindən bu gün də yaşadılmaqdadır.
Ulularımız səfərə çıxanın, uzaq ellərə yol alanın arxasınca su atmışlar ki, Tanrı onun köməyi olsun. “Su bulanmayınca durulmaz”, “Su murdarlıq götürməz”, “Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz”, “Suyu ver susayana, içsin qana-qana”, “Su axarında salınan el-oba barlı-bəhərli olar”, “Su olan yerdə dirilik olar”, “Su içən adamı qəfil vurmazlar”, “Süfrəyə su dağılması aydınlıqdır”, “Su dolu qabla qabağına çıxsalar, işin avand olar”, “Su içəni danışdırmazlar”, “Lal axan sudan keçməzlər”, “Su içən adamı ilan çalmaz” və başqa inanclar, “Su haqqı!”, “Axar suya and olsun!” kimi andlar ulu əcdadlarımız tərəfindən su ilə bağlı yaradılan müdrik kəlamlardır.
İlaxır çərşənbələrin hər biri əcdadlarımızın elə müqəddəs etiqadları, duyğuları ilə bağlıdır ki, bu gün onları öz dünənimiz, keçmişimiz kimi öyrənməklə gələcək nəsillərə çatdırmalıyıq.
Nizami ƏZİZƏLİYEV