25 Dekabr 2024, Çərşənbə

Muxtariyyətdən öncəki Naxçıvan səhiyyəsi “Molla Nəsrəddin” jurnalında

– Ağa, mənim oğlum naxoşdu, bu saat ölüm halətindədi... Həyə inanmırsan, gəl, elə bu saat gedək öz gözlərinlə də gör ki, mən yalan demirəm. Niyə mənə nə olub, sinnimin bu vaxtında yalan deyim? Xeyr. Bə bir də ki, yalan niyə deyirəm? Əgər yalan desəm, adam başıma qəhətdi? Bir adam tapa bilmirəm, gərək elə gəlib səni tovlayam? Allaha and olsun!
“Danabaş kəndinin məktəbi” povestində Mirzə Cəlilin qüdrətli sənətkar qələmi ilə təsvir edilmiş bir epizodda maarif və mədəniyyət məsələsində qəti mövqeyi olan kəndlinin hökumət məmuru qarşısında and-amanıdır bu. “Əsgərlik”, “məktəb” sözlərindən şübhələnərək oğlunu ağılagəlməyən yerdə gizlətmiş kəndli öz yalanını ən inandırıcı amillə körükləyir. Çünki bu cəmiyyətdə xəstələnmək, ölüm halətində olmaq ən inandırıcı fakt, xəstə cəmiyyətin xəstə övladlar yetirməsi heç kəsdə şəkk-şübhə doğurmayan yeganə dəlil idi.

İyirminci əsrin əvvəllərində meydana gələn “Molla Nəsrəddin” jurnalı cəmiyyətdəki epidemioloji vəziyyəti belə təsvir edirdi: “Hər yan tüstüdür; məclislərdə və evlərdə duxaniyyət və məşrubat tüstüsü, küçələrdə hamam tüstüsü, mənəviyyatda mövhumat tüstüsü, ruhda və qəlbdə kəsafət tüstüsü. Millət tüstü içində boğulmaqdadır və boğula-boğula nicata müntəzirdir.
– Kimdən?
– Hər bir vicdan sahibindən, hər bir həqiqi vətən dostundan, hər bir bəni-növ bəşərə rəhmi gələnlərdən”.
Mirzə Cəlilin doğma vətənindəki mühit jurnalın təqdimatında daha tünd boyalarla öz əksini tapır. Şəhər başdan-başa antisanitariya vəziyyətindədir. Hər tərəf toz-torpaqlı, zığ-palçıqlıdır. Şəhərin duma rəisi balaqlarını dizə qədər çirmələmiş halda dəvə üstündə evdən vəzifə yerinə – şəhər idarəsinə gedir. Yeddi ildə xəzinəsinin suyu dəyişdirilən hamamın suyu iy verir, qoturlu və qotursuzlar birgə çarhovuzda yuyunur. Uşaqlar ölü pişiyin quyruğuna ip bağlayıb sürüyür, dərsə gedən şagirdlərin dalına düşüb onları hoydu-hoyduya götürür.
Məscidin üç addımlığında yerləşən bazarda türkəçarə dərmanlar satan qırmızısaqqal və mömin dükançı təsbeh əlində müştəriyə deyir: “Dünən Xoydan mənə altmış pud it qarası göndəriblər, hər kəs bir xörək qaşığı salıb içsə, hər dərdü-bəladan qurtarar və bundan başqa, iki yüz pişik pətənəsi bu günlərdə gələcək, keçəlliyi, çibanı, qarayaranı, traxomanı o saat sağaldacaq” (“Molla Nəsrəddin”, 1907-ci il,12 avqust, №30).
“Molla Nəsrəddin” jurnalı milli genefondu təhlükə qarşısında qoyan belə bir səhiyyə sistemini gələcəyə qoyulmuş bomba hesab edir, elə ilk nömrəsindən başlayaraq ona qarşı amansız mübarizə aparırdı. Jurnalda insanları narahat edən, düşündürən mövzular arasında səhiyyənin özünəməxsus yeri vardı. Mollanəsrəddinçilər adı ətrafında birləşən M.Ə.Sabir, Ü.Hacıbəyov, Ə.Haqverdiyev, Ə.Nəzmi və digərləri bir məfkurə altında xalqın, millətin yolunda müqəddəs iş görürdülər. Sonralar jurnalın ikinci redaktoru olmuş Əliqulu Qəmküsar 1909-cu ildə “Molla Nəsrəddin” jurnalının 33-cü nömrəsində nəşr etdirdiyi “Çirk” adlı felyetonunda 1908-ci ildə Naxçıvanda kütləvi yayılan qızdırma xəstəliyindən və ona qarşı aparılan müalicədən yazır. Burada Qəmküsarı düşündürən birinci məsələ zamanı üçün səhiyyənin müəyyən qədər inkişaf etdiyi bir dönəmdə “Naxçıvandakı bəndələrin” qəribə “türkəçarələridir”. Bunu, sözün əsl mənasında, bir çarəsizlik kimi də qiymətləndirmək olar. Sözügedən xəstə­likdən yüzlərlə insan dünyasını dəyişib. Ancaq sakinlərin “yeganə ümid” hesab etdikləri “doktor” – “şəhərimizin vaizi molla Zülənam cənabları vəz əsnasında tərləyib və çirklənmiş köynəyinin tərini və çirkini onlara şəfa verdi. Belə ki, şəhərimizin hamı müsəlman övrətləri balaca şüşə götürüb axundgildən pul ilə o mücərrəb (təcrübədən keçirilmiş) davadan alıb hansı bir qızdırmalının canına və hansı boğazı gəlmişin boğazına sürtdülərsə, filfövr şəfa tapıb, canları bidin və laməzhəb rus həkimlərinin əlindən qurtardı. Əlhəmdülillah, bu il şəhərimizdə bir nəfər də qızdırmalı və naxoş tapılmır”. Qəmküsarın dönə-dönə nifrətlə yad etdiyi, özünü Peyğəmbərin yadigarı hesab edən Mir Pırttaşıq, Molla Mahmud Çakər, Molla Zülənam kimi neçə-neçə Naxçıvanın “hikmət” sahibləri mühitin həqiqi təəssübkeşlərini düşmən sifətində görürdülər.
Jurnal öz səhifələrində mollaların, ara həkimlərinin və digər şarlatanların apardıqları türkəçarə “müalicə” üsullarını ifşa edib, onların nadanlığına iztehza edirdi. Çar Rusiyası dövründə müstəmləkə vəziyyətində olan Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan bölgəsində də iqtisadi və sosial gerilik, məişət və əmək şəraitinin aşağı səviyyədə olması, yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin həyata keçirilməməsi, ümumiyyətlə, sağlamlığı qoruyan dövlət sisteminin olmaması nəticəsində tez-tez ağır epidemiyalar baş vermiş, kütləvi ölüm halları olmuşdur. Təkcə 1904-cü ilin 3 ayı ərzində vəba epidemiyası nəticəsində Naxçıvan və Şərur qəzalarında 1674 nəfər bu xəstəliyə tutulmuş, onlardan 1286 nəfəri, yəni 76,2 faizi ölmüşdü.
Dövrün məşhur maarifpərvər ziyalısı olan Məhəmməd Tağı Sidqi yaranmış bu vəziyyətə görə qəzəbini cilovlaya bilməyərək yazırdı: “Bu vətən bir gülə bənzəyir ki, onun gülabını tikanlar sorur, bir məhbubəyə bənzəyir ki, əğyarın ağuşundadır... Ona havadarlıq etdik, bizi söydülər, xeyirxahlıq etdik, bizi bədnam etdilər... Vətən, vətən, nə vətəndir bu, tüf belə vətənin valilərinə”.
Naxçıvandan Qurbanəli Şərifzadə Sidqini dəstəkləyərək davam edir: “Bu vətən zəif və əlacsız xəstədir ki, onun canı bir neçə cahil və nadan təbibin əlində qalmışdır. Heç kəs onun sağalacağına ümid etmir”.
Jurnal 1909-cu il 19-cu nömrəsində əhalinin içdiyi suyun təmizliyinə, ekoloji saflığına cavabdeh olan komissiya üzvlərinin rəyinə yer ayırıb: “Bəli, getdik, suya baxdıq, suyun üstü açıqdır, it-pişik düşsə də, yağış təmizləyir, bəli, biz izin veririk ki, içəsiniz”.
“Molla Nəsrəddin” həmin il 40-cı nömrəsində qəzəblə yazır ki, yox, sərkari-mən, hər suyu içmək olmaz, istər yağış yağsın, istər yağmasın. Bir çayın başı azarlı vilayətlərdən axıb gələndə çayın aşağısında həkimlər onun suyunu içməyi qadağan eləyirlər.
“Mikroblar” felyetonunda yenə səhiyyə mövzusuna toxunan müəllif bildirir ki, bir naxoşun üstə həkim gələndə əvvəl biləyindən tutub nəbzini ölçər, sonra qulağını qoyar döşünə və deyər ki, sənin azarın, məsələn, qızdırmadır, yainki boğazağrısıdır. Əgər həkim bircə bu sözləri deyəndən sonra durub getsə, müalicə yolunu göstərməsə, biz həkimə çert qəpik də vermərik; amma həkim xəstənin azarını biləndən sonra qızdırmaya kinə verir, boğazı ağrıyanın boğazına yod sürtür, xolera tutana butin davası verir, yaralının yarasına yodform sürtür. Bu dərmanlar həşəratı puça çıxardır ki, axırda xəstə şəfa tapır.
Mirzə Cəlil və mollanəsrəddinçilər də o təbiblərə bənzəyirdilər ki, onlar fərdlərin deyil, bütövlükdə, cəmiyyətin nəbzinə baxıb naxoşluğuna diaqnoz qoyandan sonra börklərini götürüb “xudahafiz” deyərək getmir, əksinə, qərinələrlə millətin şirin canına daraşıb qanını soran, bədnam edən mikrobların kökünü kəsmək üçün çarə axtarırdılar. Amma neynəyəsən ki, “Molla Nəsrəddin” belə mətləblərdən söhbət açanda bu problemləri həll etməli olan məsul şəxslər arvadlar kimi boğma çıxardıb deyərdilər; “qadam ürəyinə, söz danışan!”
Bütövlükdə, jurnalın, demək olar ki, hər bir nömrəsində rast gəlinən səhiyyə  mövzusu bədii və publisistik formada əksini tapır. Mövzuya dair çəkilən karikaturalarda tənqid birbaşa hədəfə ünvanlanır.
Naxçıvanda səhiyyənin dövlət səviyyəsində təşkilatlandığı 1924-cü ildən sonra isə bu sahədə görülən işlər muxtariyyətin bəhrəsi kimi dəyərləndirilir. Məsələn, jurnalın 1926-cı il 13-cü nömrəsindəki “Vəlvələ” adlı felyetonda bildirilir ki, 18 nəfər türk (azərbaycanlı) qadını mamalıq dərsini qurtarıb şəhadətnamə alıblar. Onlar Azərbaycanın qəzalarına, o cümlədən Naxçıvana dağılışanda vəlvələ törənəcək. Vəlvələyə düşənlər kim olacaq; əvvəla, küpəgirən qarılar. Səbəb budur ki, oxumuş, elm təhsil etmiş mamanı qoyub heç bir kəndli avam və nadan bir övrət xəlayiqini mamalığa çağırmayacaq. Məşədi və hacılar  üzüaçıq türk mamalarını görəndə deyəcəklər: Allah sizə lənət eləsin! Allah sizin toxumunuzu yer üzündən kəssin.
“Molla Nəsrəddin”in “Cümhuriyyət”məqaləsində vətəndaşlara, öz oxucusuna xitabı, bütövlükdə, cümhuriyyət və muxtariyyətə münasibətin ifadəsi idi: – Vətəndaşlar, əgər bizdə insanlıq hissi əgər ölməyibsə, güman edirəm ki, ölməyib, o vədə gərək uca səs ilə cümhuriyyət qəhrəmanlarını alqışlayıb deyək:
– Yaşasın cümhuriyyət!

Hüseyn ƏSGƏROV
Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR