25 Dekabr 2024, Çərşənbə

Fevralın 21-də Naxçıvan Müəllimlər İnstitutunda Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dili mənəvi kimliyimizdir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə institutun rektoru, professor Oruc Həsənli açaraq qeyd etmişdir ki, bu gün ölkəmizdə ana dilinin qorunması, onun işləklik dairəsinin genişləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2013-cü il  9 ap­rel tarixli Sərəncamına əsasən, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Pro­qramı”nın təsdiq edilməsi bunun bariz ifadəsidir.

Vurğulanmışdır ki, bu gün muxtar respublikamızda da dövlət dil siyasəti uğurla həyata keçirilir. Son illər muxtar respublikamızda dilimizin saflığı və qorunması istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Bu gün istər danışıq, istərsə də yazı dilindən düzgün istifadə olunması, ana dilimizin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi, təbliğ olunması diqqət mərkəzində saxlanılır, muxtar diyarımızda Azərbaycan dilinin ən ali milli dəyər kimi saflığının qorunması, ifadə imkanlarının təbliği istiqamətində məqsədyönlü tədbirlər görülür.
Konfransda institutun tədris işləri üzrə prorektoru, professor Akif İmanlının “Ana dilinə dövlət qayğısı”, tərbiyə işləri üzrə prorektoru, professor Sədaqət Həsən­ovanın “Ana dili milliliyimizin ölçüsüdür” mövzularında məruzələri dinlənilmişdir.
Sonra institut tələbələrinin ifasında ana dilinə həsr olunmuş şeirlər bədii qiraət edilmişdir.

*   *   *

Dünən 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında elmi-nəzəri konfrans keçirilib. Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Həsən Kərimov açıb.
“Ana dili mənəvi kimliyimizdir” mövzusunda məruzə ilə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun tərbiyə işləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor Sədaqət Həsənova bildirib ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il fevralın 21-i “Beynəlxalq Ana Dili Günü” kimi qeyd olunur.
Dil ünsiyyət vasitəsidir, bununla yanaşı, dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir.
Qeyd olunub ki, millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam kütlənin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Əgər nəzərə alsaq ki, bu gün planetimizdə yaşayan minlərlə millət və etnik qrup sayı 200-dən çox olan dövlətlərin bayrağı altında cəmləşib və bu dövlətlərin rəsmi dövlət dillərinin sayı 70-i keçmir, onda hər hansı bir millətin öz dilinin öz dövlətində dövlət dili olmasının əhəmiyyətini dərk etmək o qədər də çətin olmaz. Bu mənada dilin dövlət dili statusu qazanması, həqiqətən, qürurverici tarixi hadisədir.
Azərbaycan dili bu tarixi hadisəni yaşayıb. Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə ümummilli lider Heydər Əliyevə minnətdarıq. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş uzaqgörən siyasətinin nəticəsidir.
Sonra Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktor müavini Rahilə Məmmədova, şöbə müdiri Yeganə Rüstəmova çıxış ediblər.
Sonda Naxçıvan Musiqi Kolleci tələbələrinin ifasında dilimizə həsr olunmuş şeirlər bədii qiraət edilib, “21 fevral Beynəlxalq Ana Dili Günüdür” adlı sərgiyə baxış olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR