Novruz bayramı Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürdə daşlaşmış bayramdır. Novruz gecə ilə gündüzün bərabərləşməsi, xeyir qüvvələrin şər qüvvələr üzərində qələbə çalması ilə səciyyələnən, əkinçilik və təsərrüfat həyatının müxtəlif sahələrinin başlanğıcını özündə təcəssüm etdirən bir bayramdır.
Novruz bayramının semantikasında xalq meydan tamaşalarından tutmuş ayrı-ayrı mövsümi atributlara, hətta milli mətbəx atributlarına qədər bu “mifoloji yol”un izləri özünü qoruyub saxlamışdır. Bilavasitə yazın, bununla bərabər, həm də yeni təsərrüfat ilinin başlanılması şərəfinə böyük təntənə ilə hər il qeyd olunan Novruz bayramına qədər xalq təqvimində müəyyən məqamlar mövcuddur. Məhz bu təqvim qədim əcdadlarımız tərəfindən ətraf mühitdəki hadisə və proseslərə ad verilməsi, ilin fəsil, ay və günlərinin məzmunundakı mahiyyəti ilə səciyyələnir.
Mənbələrdə göstərilir ki, qədim azərbaycanlılar ətraf mühitdə baş verən kosmoloji prosesləri xüsusən də təbiət hadisələrinin yaşayışa, güzərana necə təsir etməsinə görə çeşidli bölümlərə ayırır və həmin dəyişiklikləri özünün ilkin bədii təxəyyülündə ibtidai şəkildə də olsa, obrazlaşdırmışlar. Həyatı çətinliyə salan qida, istilik çatışmazlığı və başqa bu kimi sıxıntılarla insanları imtahana çəkən qışın obrazı əcdadlarımızın təsəvvüründə qorxulu, qara cizgilərlə canlandırılmışdır. Məhz buna görə canlı danışıqda geniş yer alan “qara qış”, “böyük çillə”, “kiçik çillə” kimi adlar təbiətin sərt iqliminin tarixi-semantik məzmun daşıyıcısı kimi ortaya çıxmışdır. Müəyyən məqamlarda “qış”ın əvəzedicisi kimi işlənən “çillə” sözü xalq etimologiyasında dərd-bəla, ağrı-acı, çətinlik, müşkül anlamlarını ifadə edir. Qışı dərd-bəla, müşkül, çətinlik, əzab-əziyyət kimi qəbul etdiyindən xalqımız onu iki yerə bölərək “böyük çillə”, (böyük çətinlik) və “kiçik çillə” (kiçik çətinlik) adlandırmışdır.
Kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününə, yəni Novruz bayramına qədər olan çağ “alaçalpo”, “ağlar-gülər”, “boz ay” adlanır. Ayın belə adlarla adlanması həmin dövrdə havaların buludlu, yağışlı, isti, soyuq, bir sözlə, dəyişkən olması ilə bağlıdır. Ətraf mühitdəki digər hadisə və proseslər kimi, ilin fəsil, ay və günlərinin məzmunundakı mahiyyəti dəyərləndirərək, kəsb etdikləri xüsusiyyətlərə görə onlara müxtəlif adlar (fevral, mart – boz ay, aprel – leysan, may – ağlar-gülər, iyun – vaynənə, iyul – qorabişirən, avqust – quyruqdoğan, quyruqdonan, elqovan, sentyabr – solyan, oktyabr – elköçdü, noyabr – qırovdüşən) vermiş əcdadlarımız boz aya münasibətini “boz ay bozara-bozara keçər” şəklində bildirmişdir. Havaların qəfil dəyişməsinə və gün ərzində bir neçə cildə düşməsinə aid şifahi xalq ədəbiyyatının müxtəlif janrlarında bu məzmunda çoxlu nümunələr yaradılmış, söyləmələr deyilmişdir.
Söyləmələrin birində deyilir ki, əski çağlarda insanlar ay haqq-hesabını bilmirdilər, məhz buna görə də günü-günə, ayı-aya qarışdırırdılar. Belə çaşqınlıqlar insanları bu qənaətə gətirir ki, ili aylara, ayları isə günlərə bölsünlər. İlə 12 ay, hər aya isə 32 gün verirlər. Ancaq bölgü vaxtı boz aya cəmi 14 gün düşür. İnciklik olmasın deyə, hər aydan bir gün götürüb boz ayın günlərinə əlavə edirlər. Görürlər, bu bölgüdə də haqsızlıq baş verdi. Hər ayın 31, boz ayın isə cəmi 25 günü oldu. Onlar yenidən aylara müraciət edirlər ki, hərəniz bir gün də boz aya verin. Ayların yarısı razılaşır, yarısı isə razılaşmır; nəhayət, biri 2, digəri 3 gününü boz aya verir. Beləliklə, boz ay olur 30 gün. Buna görə öz günlərini ilin müxtəlif fəsillərindən olan aylardan aldığı üçün boz ayda ilin bütün fəsillərinin yaşandığı təsəvvürü yaranmışdır. Boz ayın bu adla adlanması onun buludlu, yağışlı, küləkli, isti, soyuq – bir sözlə, dəyişkən olması ilə bağlıdır. O da səbəbsiz deyil ki, xalq bu aya öz münasibətini “boz ay bozara-bozara keçər” şəklində ifadə edir. Həm müstəqim, həm də məcazi məna daşıyan “boz” sözü dilimizdə bir sıra anlamlar – rəng (boz paltar, soyuqdan və ya qorxudan rəngi bomboz olmaq), xasiyyət, sərtlik, kobudluq (boz adam, üzə bozarmaq) mənalarını bildirir. “Boz ay bozara-bozara keçər” deyəndə də, yəqin ki, daha çox onun sərtliyi nəzərdə tutulur. Boz ayın sərt təbiətinə qarşı ehtiyatlı olmağa diqqətçəkən digər bir el rəvayətində deyilir ki, bir qarının şaxtalı günlərdə heyvanlar üçün tədarük etdiyi yem ehtiyatı boz aya qədər qurtarır. Bu andan da qarı havaların istiləşdiyini görüb oğlaqlarını çölə buraxır və:
Mart, gözünə barmağım,
Yaza çıxdı oğlağım, –
deyir. Qarının sözlərindən acıqlanan boz ay yaza yalvarır ki, günlərindən üçünü ona üç gün müddətinə borc versin. Yaz razı olur. Boz ay elə bir boran, tufan qoparır ki, qarının oğlaqları tələf olur. Bəzi yerlərdə, əksər rayonlarda bu üç gün “qarı borcu” da adlanır. Buradan belə nəticə çıxır ki, təsərrüfatla məşğul olan insan mal-qarası, qoyun-quzusu üçün tədarük etdiyi ot-ələfin, bəlim-samanın müəyyən hissəsini bu ay üçün mərəkdə (samanlıqda) ehtiyat saxlamalıdır. Bunu aşağıdakı bir el misalında da görmək mümkündür.
Martda mərək
Yarı gərək.
Xalq arasında boz ayın son həftəsi ilə yazın birinci həftəsində əsən quru, soyuq, şiddətli küləklərə bəzən “Xıdır Nəbi küləyi”, həmin küləkdən sonra ağaclar puçurlamağa başladığına görə bəzi hallarda buna “puçur yeli” də deyilir.
Nizami ƏZİZƏLİYEV