Yazıçı-dramaturq Əli Əmirli 8 kitabın, 25 pyesin müəllifidir. Fevral ayının 18-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında premyerası olan “Ağa Məhəmməd şah Qacar” tamaşası onun 2005-ci ildə yazdığı “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” əsəri əsasında səhnələşdirilib. Naxçıvana birgünlük qonaq gələn və yüksək anşlaqla keçən tamaşanın premyerasından sonra Əli Əmirlidən müsahibə götürmək bizə gecədən xeyli keçmiş qismət olur. Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasının qeydiyyat bölməsindən yazıçının qaldığı 508-ci otaqla əlaqə saxlayırıq və qəzetimiz üçün müsahibə almaqdan ötrü onunla görüşmək istədiyimizi bildiririk.
– Əli müəllim, əvvəlcə, bugünkü tamaşaya görə sizi təbrik etmək istərdik. Bildiyimizə görə, əvvəllər də Naxçıvanda olmusunuz və bura ilə bağlı maraqlı xatirələriniz var. Müsahibəmizə də elə bu məqamdan başlamaq istərdik.
– Çox uzun müddət bundan öncə – 1974-1975-ci illərdə mən Naxçıvanda hərbi xidmətdə olmuşam. O zaman burada olduğum bir il ərzində Naxçıvan mənə çox doğmalaşıb, çox müsbət təsir edib. O zamandan Naxçıvanın təbiəti də, insanları da mənim yaddaşımda çox böyük izlər buraxıb. 40 il əvvəlki Naxçıvan və bugünkü Naxçıvan. Müqayisə edə bilmirəm, çox şey dəyişilib, Naxçıvan böyük inkişaf yolu keçib. Bilirəm ki, bu böyük dəyişikliklər son 10-15 il ərzində baş verib.
Naxçıvana budəfəki gəlişimdə mən yaxşı mənada təəccübləndim. Şəhər çox gözəldir. Təmizlik xüsusilə məni cəlb elədi. Eyni zamanda tamaşanın başlamasına qədər qalan 5 saat müddət ərzində mən fürsətdən istifadə edib Naxçıvanın bir çox tarixi yerlərini gəzdim və bir daha təkrarlamaq istəyirəm ki, valeh oldum Naxçıvana.
– XX əsrin 70-ci illərinin Naxçıvanından yaddaşınızda nə qalıb? Və bilmək istərdik, o zamandan yaddaşınızda qalan məkanlarda hansı dəyişiklikləri gördünüz?
– Teatr binasını görərkən xatırladım, tanıdım. Mən hələ o zaman Naxçıvanda olduğum dövrlərdə ədəbi əsərlər yazsam da, dramaturgiya ilə məşğul deyildim. Lakin teatr hələ o zamanlar məni həmişə cəlb edib. Şəhərin bu hissəsini mən görəndə dostlarımıza dedim ki, bax şəhərin bu hissəsi mənə çox tanış, çox doğmadır. Hərbi xidmətdə olduğum illərdə bu küçə, bu yol məni xidmət elədiyim hərbi hissəyə aparıb çıxarırdı. Amma həmin küçədə və teatrın xarici və daxili görkəmində çox böyük dəyişikliklər var. Mən bu binaya daxil olanda gördüm ki, binanın köhnə quruluşu əsas götürülməklə teatr yenidən inşa olunub, yenidən tikilib. Binanın möhtəşəmliyi məni heyrətə saldı. Bu teatrın binası son dərəcə yüksək səviyyədə qurulub; zalın komfortluluğunu, gözəlliyini görəndə çox sevindim.
– Məlumdur ki, ədəbi əsər kiçikliyindən və böyüklüyündən asılı olmayaraq, şairin, yazıçının, dramaturqun övladı kimidir. Bu mənada yazılan dram əsərinin hansı dərəcədə səhnə həllini tapması müəllif üçün mühüm əhəmiyyət kəsb edir. Nə zaman xəbər tutdunuz bu əsərin Naxçıvanda səhnəyə qoyulacağından? Əsərin Naxçıvandakı səhnə həllini necə qiymətləndirirsiniz?
– İlk xəbəri mən sizin qəzetin internet saytı vasitəsilə almışam. Bu, əlbəttə ki, məni çox sevindirdi. Çünki 24 illik dramaturji təcrübəmdə ilk dəfə idi ki, mənim əsərim Naxçıvanda oynanılacaqdı. Bu əsərin səhnələşdirildiyini görəndə aydın oldu ki, yazdığım əsərlər getdikcə özləri özlərinə yol açır. Yəni müəllif özü müraciət eləmədən bu əsərlərə müraciət olunur. Bu, dramaturqun xoşbəxtliyidir. Bu əsər çox mürəkkəb quruluşlu və yüksək aktyor oyunu tələb edən bir əsərdir. Sonradan tamaşanın səhnələşdirildiyi və keçirilən ictimai baxış haqqında mən internetdə “Şərq qapısı” qəzetində gedən məqalə vasitəsilə məlumat aldım. Yadımda qalıb ki, axırıncı dəfə ictimai baxışdan sonra Rzayev soyadlı bir müəllifin imzası ilə qəzetinizdə geniş bir informasiya dərc edilmişdi. Oxudum ki, ictimai baxış zamanı Naxçıvan ictimaiyyəti, ziyalıları tamaşaya baxıb və bunu yüksək qiymətləndiriblər. Tamaşanın premyerasına da böyük məmnuniyyətlə gəldim. Tamaşaya baxdım. Tamaşa xoşuma gəldi. Çox sevindirici haldır ki, Qacar rolunun ifaçısı məni çox təmin elədi. Çünki hər şey Qacarın ətrafındadır bu tamaşada. Akademik Milli Dram Teatrında əsər səhnəyə qoyulanda orada baş rolu Fuad Poladov oynamışdı. Mən çox sevindim ki, burada baş rolu ifa edən Səməd Canbaxşıyev belə gənc olmasına baxmayaraq, bu rolun öhdəsindən bacarıqla gəldi. Deyim ki, o, bu rolu özünəməxsusluqla ifa etdi. Yəni mənim Bakıda gördüyüm Qacardan xeyli fərqli idi. Mənim üçün maraqlı olan o oldu ki, bu tamaşalar bir-birindən fərqli idi. Naxçıvan teatrı təlqin etməmişdi, əsərə yeni bir baxış ortaya qoymuşdu.
– Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış böhranlı vəziyyət digər sahələr kimi, teatrın inkişafına da öz mənfi təsirini göstərdi. Eyni zamanda teatrla tamaşaçı arasında bir “soyuq münasibət” yaranmışdı. Bu gün siz həm də Naxçıvan teatrının kollektivinin fəaliyyəti ilə yanaşı, Naxçıvan tamaşaçısını, teatr izləyicilərini müşahidə etmək şansı qazandınız. Bu barədə qənaətiniz necədir?
– Mən bayaq aktyorlarımızla da bu barədə söhbət edirdim. Tamaşaçının nəfəsi, tamaşaçının hər bir replikaya və ya hər hansı vacib səhnəyə münasibəti çox vacib amildir. Bugünkü premyera tam anşlaqla keçdi. Bu tamaşada mənim ən çox xoşuma gələn o oldu ki, bir telefon zəngi belə eşitmədim, bir tamaşaçı narahatlığı hiss etmədim. Tamaşanın əvvəlindən sonuna qədər tamaşaçılar səhnəni çox diqqətlə və maraqla izlədilər. Sondakı alqışlar isə tamaşaçıların razılığının göstəricisi olmaqla, həm də müəllif üçün, rejissor üçün, aktyorlar üçün ən böyük tamaşaçı hədiyyəsi idi.
Bir mühüm məqamı da vurğulamaq istərdim. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tamaşada iştirak etməyi bizi çox şərəfləndirdi. O, teatra çox yaxından bələd olan insan kimi tamaşaya, teatrın fəaliyyətinə yüksək qiymət verdi. Əlbəttə ki, bu amil tamaşaçıya da, yaradıcı heyətə də, müsbət mənada, böyük təsir göstərir. Naxçıvan Muxtar Respublikası rəhbərinin teatra bu cür isti münasibəti teatra insanların da münasibətini müəyyənləşdirir, onlara təsir edir. Bu mənada mən tamaşada iştirak etdiyi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığımı bildirirəm. Teatr elitar sənətdir, o, kütləvi sənət deyil. Onu yalnız sevənlər izləməlidirlər. Lakin teatrı sevmək üçün onu əvvəlcə sevdirmək vacib şərtdir və mənə elə gəlir ki, muxtar respublika rəhbərinin teatra göstərdiyi bu yüksək diqqət, qayğı, bu yüksək münasibət məhz buna xidmət edir. Bu sənətə sevgini aşılamaq lazımdır. Çünki teatr hər bir millətin mədəniyyətinin aynasıdır, güzgüsüdür. Bu güzgünü sındırmaq olmaz. Elə etmək lazımdır ki, bu güzgü həyatımızı, gerçəkliyi göstərməyi bacarsın. Ali Məclis Sədrinin tamaşadan sonra aktyorlarla görüşməsi aktyorlara yaradıcılıq həvəsi aşılayır. Onlar başa düşürlər ki, onların işi cəmiyyətə lazımdır, bu qiymətləndirilir.
– Bir sıra tarixi mövzuda yazılmış əsərləriniz var və bunlar təkcə tarixi mövzuda yazılmış əsər deyil, həm də bir çox tarixi şəxsiyyətlərimizə bəraət qazandıran, onları olduğu kimi tamaşaçıya təqdim edən əsərlərdir. Bu gün Ağa Məhəmməd şah Qacar obrazının simasında biz bunu bir daha gördük. Bilirsiniz ki, Naxçıvan tarixi şəxsiyyətlər diyarıdır. Bu diyarın yetirmələri olan elə şəxsiyyətlər olublar ki, əvvəlki dövrlərdə onlar haqqında bilərəkdən, subyektiv səbəblərdən insanlarda mənfi fikir formalaşdırılmağa çalışılıb: Naxçıvan xanları, muxtariyyətin qurucuları və sair. Nə zamansa Naxçıvan tarixinə aid bir əsər yazmaq niyyətiniz varmı?
– Tamaşadan qabaq burada bir neçə muzeyə baxdım, Xan Sarayında oldum. Naxçıvan torpağı o qədər böyük şəxsiyyətlər yetirib ki, bunları, sadəcə, yazmağı bacarmaq lazımdır. Hər halda düşünürəm ki, ömür vəfa eləsə, mənim üçün gələcəkdə nələrsə maraqlı ola bilər. Bunu gələcək göstərər. Ola bilsin, elə bir tarixi məqam mənə stimul verdi ki, mən belə bir mövzulu tarixi bir əsər yaradım. Tarixi əsər, tarixi dram ona görə vacibdir ki, o həm də bizə tariximizi öyrədir.
– Dəyərli vaxtınızı ayırıb bizimlə fikirlərinizi bölüşdüyünüz üçün və maraqlı müsahibəyə görə sizə minnətdarlığımızı bildiririk.
Müsahibəni apardı:
Elnur KƏLBİZADƏ