25 Dekabr 2024, Çərşənbə

YUNESKO-nun 1999-cu ildə qəbul etdiyi qərara əsasən, hər il fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.
Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə qeyd edilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. İnsanlar arasında ən mühüm ünsiyyət vasitəsi olan dil xalqın varlığının təzahürü, onun milli sərvətidir. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranmışdır.
Azərbaycan dili çox qədimlərdən etibarən böyük bir inkişaf yolu keçmişdir. Bu dil uzaq keçmişdə xalqımızın ictimai həyatında böyük nüfuz qazanmış, tarixin ayrı-ayrı dövrlərində dövlət dili kimi işlənmiş, geniş məkanda ünsiyyət vasitəsinə çevrilmişdir. Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə, milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir.

Azərbaycan dili öz ifadə imkanlarının zənginliyi, səs tərkibinin səlisliyi və qrammatik strukturunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili ictimai-siyasi, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir.
Dilimizin müasir dövrdə beynəlxalq münasibətlər sisteminə yol açması, dünyanın mötəbər kürsülərindən eşidilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”, – deyən ümummilli lider Sovetlər Birliyi dövründə dil siyasətinə mühüm əhəmiyyət vermiş, 1970-ci illərdən etibarən Azərbaycan dilinin tarixi elmi şəkildə öyrənilmiş, müasir Azərbaycan dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yaradılmışdır. Ali məktəblər üçün yazılmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi 1974-cü ildə məhz ulu öndərin təşəbbüsü ilə respublikanın Dövlət mükafatına layiq görülmüşdür. Sovet imperiyası dövründə ümummilli liderimiz böyük cəsarət göstərərək Azərbaycan ədəbi dilinin qorunması və inkişafına xüsusi diqqət yetirmiş, ana dilimizin 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olmuş, hətta keçirilən mötəbər tədbirlərdə Azərbaycan dilində çıxış edərək doğma dilinə sonsuz məhəbbətini bir daha nümayiş etdirmişdir.
Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlamışdır. Ulu öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə olduğu kimi, ikinci dövründə də dövlət dil siyasəti aparıcı mövqeyə yüksəlmiş, ana dilimizin qorunub-yaşadılmasına mühüm əhəmiyyət verilmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli liderimizin yüksək diqqət və qayğısı ilə Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyətə malik olmuş, 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.
Dahi şəxsiyyətin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli fərmanları ilə ədəbi dilimizin istifadə imkanları daha da genişləndirilmiş, Azərbaycan dilinin potensialı bir daha üzə çıxarılmış, bütünlükdə, dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılmışdır. Azərbaycan dilinə böyük məhəbbət və diqqətlə yanaşan ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi və inkişaf etməsi də bizim nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi deyil, həm də Azərbaycançılıq məsələsidir”.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət dil siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidentinin “Azərbaycan Milli Ensiklo­pediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamlarına əsasən, latın qrafikalı Azərbaycan əlifbası ilə dərsliklər, elmi əsərlər, lüğətlər və bədii ədəbiyyatlar çap olunaraq ölkə kitabxanalarına paylanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli Sərəncamı ilə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair konkret dövlət proqramının hazırlanması qərara alınmış, bu istiqamətdə ardıcıl tədbirlər görülmüşdür. Dövlət başçısının 2013-cü il 9 aprel tarixli Sərəncamına əsasən isə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət proqramında Azərbaycan dilinin tədrisinin və tətbiqinin genişləndirilməsi, Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiq edilməsi və kütləvi informasiya vasitələrində təbliği öz əksini tapmış, teleradiolarda dil və nitq mədəniyyətinin qorunması məqsədilə bədii şuralar yaradılmışdır.
Bu gün muxtar respublikamızda da dövlət dil siyasəti uğurla həyata keçirilir. Son illər muxtar respublikamızda dilimizin saflığı və qorunması istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Bu gün istər danışıq, istərsə də yazı dilindən düzgün istifadə olunması, ana dilimizin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi, təbliğ olunması diqqət mərkəzində saxlanılır. Muxtar respublikamızda ən ali milli dəyərimiz olan Azərbaycan dilinin saflığının qorunması, dilimizin imkanlarının təbliği istiqamətində məqsədyönlü tədbirlər görülür. Həmçinin ötən ilin avqust ayında muxtar respublikanın teleradiolarında bədii şuralar yaradılaraq fəaliyyətləri təmin edilmişdir.
Azərbaycan dili xalqımızın özünütəsdiq imkanı, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlət müstəqilliyimizin başlıca rəmzlərindəndir. Ona görə də ümumişlək ünsiyyət vasitəsinə çevrilmiş dilimizin öyrənilməsində, onun qorunub saxlanılmasında hər birimiz səy göstərməliyik.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR