Milli adət-ənənələrin öyrənilməsi, onların milli dəyərlər sistemində tədqiqi həmişə aktual olmuşdur. Çünki milli adət-ənənələr tarixin bütün mərhələlərini özündə yaşadan mədəni dəyərlər toplusudur. Ulu öndər Heydər Əliyev mədəniyyətimizi yüksək qiymətləndirərək demişdir: “Mədəniyyəti yüksək olan xalq daim irəli gedəcək, daim yüksələcəkdir”.
Xalqımızın zəngin və qədim tarixi ənənələri ilə öyünməyə haqqı var. Bu tarixi ənənələrimizdən biri də toy mərasimidir. Toy xalqımızın qədim zamanlarından formalaşıb günümüzədək gəlib çatmış məişət mərasimlərindən biridir. Toy adətlərinin tarixi xalqımızın tarixi qədər qədim və uludur. Toylar təkcə əyləncə, şənlənmə mərasimi olmayıb, həm də dərin məna və məzmunu ilə səciyyələnir. XX əsrin ortalarına qədər xalqımızın ənənəvi toyları simvolik ayinlər, oyunlar, rəqslər, zorxanalar və sair ilə müşayiət olunurdu. Bu baxımdan Azərbaycan xalqının keçmişini, mənəvi mədəniyyətini, dünyagörüşünü tədqiq etmək üçün toy mərasimləri ən qiymətli mənbələrdən biridir. Müasir dövrdə isə toy iki nəfərin ailə-məişət mərasimindən daha çox iki nəfərin, onların ailələrinin borca salınması mərasiminə çevrilir.
Son illərdə bu mərasimdə xoşagələn müsbət cəhətlərlə yanaşı, milli mentalitetimizə yad olan ünsürlər də az deyil, hələ əksinə, yetərincədir. Bəzi kəslər səhv düşüncə ilə bu yad ünsürləri avropalaşmaq, yeniləşmək, qloballaşmaq və sair kimi adlandırırlar. Lakin müasirlik adı ilə milliliyimizin müasirliyini qorusaq, öz adət-ənənələrimizi də qorumuş olarıq.
Son zamanlar toylarımızda mentalitetimizə zidd hərəkətlər, adətlər həyata keçirilir ki, adını da müasirlik, qloballaşma qoyurlar. Toylarımızda son dövrlərdə xarici musiqilər eşidilir. Səsləndirilən bu mahnıların, demək olar ki, hamısı fonoqramla səsləndirilir. Oxunan yerli mahnıların bir neçəsini çıxmaq şərtilə qalanları məclisin ahənginə uyğun oxunmur. Akustik normalara riayət olunmaması ucbatından da müasir toylarda musiqi mənəvi zövqü oxşamaq əvəzinə başağrısına çevrilir. Öz musiqilərimiz səsləndirilmədiyi və yaxud milli rəqslərimiz ifa edilmədiyi üçün yadlaşır. Saz, zurna, balaban unudulub, muğama isə yer verilmir, bəzi hallarda yaşlı nəslin istəyini nəzərə alıb yer verilsə də, bu, cavanların narazılığına səbəb olur.
Qədim adət-ənənələrimizə görə, gəlin ər evinə “Vağzalı” musiqisi sədaları altında yola salınırdı. İndi isə şadlıq evlərində (bəzilərini çıxmaq şərti ilə) “Vağzalı” yerinə nə musiqi çalındığı bilinmir.
Toyla bağlı keçirilən mərasimlərdən biri də “xınayaxdı” mərasimidir. “Xınayaxdı” mərasiminin yaşı uzaq keçmişə gedib çıxır. Xınanı oğlan evi qız evinə toy zamanı aparırdı. Burda isə qarşılıqlı olaraq bir neçə haxıştalar deyilər, sonra oğlan adamları gəlinin əlinə xına yaxıb geri dönərdilər. Ümumiyyətlə, xına şadlıq, mübarəkbadlıq rəmzidir. İndi belə sadə mərasimin yerini ağıllı-başlı qız toyları tutur. Müasir “xınayaxdı” mərasimində gəlinlərin əli və biləyinə xına ilə bəzəklər çəkilir. Bu bəzəklər isə “tatu” (tatirovka) adlanır ki, bizim milli mentalitetə tamamilə yaddır.
İndi isə müasir toylarımızda mövcud olan bəzi adətlərə nəzər salaq. Məsələn, bəzi toylarda iki gənc (bəylə gəlin) şərabın içərisinə üzüklərini salıb içirlər. Bu, bizim həm mədəniyyətimizə, həm də dinimizə ziddir. Qloballaşma gedir, başa düşürük. Ancaq burdan bir sual ortaya çıxır: görəsən, avropalılar bizim toyla bağlı adət-ənənələrimizi (gəlinin belini qırmızı lentlə bağlamaq, gəlinin başına bolluq-bərəkət rəmzi olaraq düyü, buğda tökmək, gəlinin ər evinə daxil olarkən bəyin gəlinin başına doğranmış alma atması, gəlin içəri daxil olanda ayağı altına şər qüvvələrdən qorunmaq üçün əvvəllər şiş, indi isə qab qoymaq, gəlinin qabağında qurban kəsmək və sair kimi yüzlərlə adətlərimizi saymaq olar) niyə qəbul etmirlər? Niyə biz kimlərisə özümüz üçün hakim seçməliyik?
Milli-mənəvi dəyərlərimizə zidd olan başqa bir məsələyə toxunmaq istərdik. Bu gün toylarımızda gəlinlik paltarlarının da milliliyimizə uyğun olmadığını müşahidə edə bilirik. Belə gəlinləri görəndə istər-istəməz bir sual ağıldan keçir ki, qayınatasının qabağında bu vəziyyətdə oturan gəlin sabah onun əlindən öpüb ona xidmət edəcəkmi? Tarixən gəlinlərimiz abır, ismət rəmzi olaraq üzlərinə qırmızı rəngli duvaq salıblar. Adət-ənənələrimizə görə, toy günü gəlinin üzü görsənməməlidir. Onun üzünü ancaq bəy görə bilərdi. İndi isə bunlar tamamilə unudulmaqdadır. Duvaqdan və duvaqqapma mərasimindən isə əsər-əlamət qalmayıb. Təəssüflə qeyd etmək istəyirəm ki, toy günü qırmızı gəlinlik paltarı geyinmək adəti hazırda sıradan çıxıb, toy geyimlərimiz tamamilə Avropa geyimləri ilə əvəz olunub.
Toy adətlərimizin içərisinə daxil olan yad ünsürlərdən biri də gəlinlə bəyin şadlıq evlərini tərk edərkən gəlinin gülü (bəyin gəlinə verdiyi gülü) başının üstündən atmasıdır. İnsanlar, xüsusən gənclər arasında olan “inama” görə, bu gülü tutan şəxs (oğlan və ya qız) guya həmin il ailə quracaqdır.
Bu gün toylarımızda verilən yeməklər haqqında da bir neçə söz demək istərdik. İlk növbədə, toyda verilən yeməklər haqqında ölçü götürülməlidir. Müasir toylarımızda 5-10 cür salat hazırlanır. Çeşid-çeşid yeməklər bişirilir. Bunun müqabilində isə milli toy yeməklərimizin bir neçəsi sıradan çıxıb. Həm də verilən yeməklərin yarıdan çoxu istifadə olunmur, qalıb zay olur. İsrafçılığa yol verilir ki, bunu dinimiz qətiyyən qəbul etmir. Bəzi kəslər isə bununla fəxr edirlər ki, filankəs oğluna toy eyləyəndə stolun üstündə yeməklər tökülüb qalmışdı. Ata-babalarımız keçmişdə üç gün, üç gecə toy edərdilər, amma heç bu qədər israfçılığa yol verməzdilər. İmkansız ailələr də “qonşudan qalma geri” prinsipini əsas tutaraq borc götürüb dəbdəbəli toy edirlər. Sonra da illərlə o borcun altından çıxa bilmirlər.
Bu yazını yazarkən saytların birində oxudum ki, AŞPA-nın ölkəmiz üzrə keçmiş həmməruzəçilərindən birindən Azərbaycanda nəyə heyrətləndiyini soruşduqda o, toylarımızı göstərib. Azərbaycan toylarında onu heyrətləndirən isə məhz toy mərasimindəki bəzi insanların topa şəklində meydana girib əcaib rəqslər etməsi və bu prosesin 6-7 saat ərzində dəfələrlə təkrarlanması olub. Gəlin belə avropalıları toyla bağlı milli-mənəvi dəyərlərimizdən olan qızbəyənmədən, elçilikdən, şirinçaydan, toylarımızdakı milli rəqslərdən tutmuş duvaqqapmadan ayaqaçdıya qədər adətlərimizlə yaxşı mənada təəccübləndirək. Axı bu adətlərimizin hər biri milli dəyərimizdir.
Asəf ORUCOV
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru