Təkcə Azərbaycanın ayrılmaz tərkib hissəsi, Yaxın Şərqin qədim mədəniyyət, Azərbaycanın isə dövlətçilik mərkəzlərindən biri deyil, böyük Vətən ilə quru yol əlaqəsi olmayan yavru Vətəndir Naxçıvan. Kiminin gözündə bəşəriyyətin ilk anası, kiminin gözündə qeyrət qalasıdır Naxçıvan. Bəzilərinin baxışlarında “Nəqşi-cahan”dır – “Dünyanın bəzəyi”dir, bəzilərinin düşüncəsində “Nuhçıxan” – Nuhun quruya ayaq basdığı torpaqdır Naxçıvan. Azərbaycanı sevən insanların dayaq nöqtəsi, Azərbaycan sözündəki “can” kəlməsidir Naxçıvan. Şairlərin ilham dünyasıdır Azərbaycanımızın qeyrət qalası Naxçıvan. Elə Naxçıvanımızın qeyrət qalası sayılan Sədərəkdə dünyaya göz açan, ömrünü bu yurdun gözəlliklərinin tərənnümünə həsr etmiş şair Vaqif Məmmədov üçün də Naxçıvan bir ayrı aləmdir, ən müqəddəs ilham qaynağıdır.
Onun Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə ərməğan etdiyi yeni kitab da bu ilhamın xəbərçisidir. O, kitabın adında Naxçıvan adını epitetlərlə, bənzətmələrlə təsvir etməyib, sadəcə, “Bura Naxçıvandır” yazıb. Kitabda şairin ayrı-ayrı illərdə qədim diyar haqqında yazdığı şeirlərin hər birində Naxçıvanın qədim tarixinin izləri var:
Əlincə mərdlərin
Haray səsidir.
Köksündə izi var
Elin-elatın.
Ötən əsrlərin
Nişanəsidir
Daşlaşan qeyrətin
Möminə xatın.
Burada hər daş, hər qaya tarixdən danışır. Bu ulu yurd bir kitabdır, vərəqləri sal qayalar, burda daşlar vərəqlənir. Hər halda şair ilhamı belə deyir:
Daşlar vərəqlənir, qopuzun, udun
Səsini bizlərə daşıyır burda.
Qoy ruhu şad olsun Dədə Qorqudun,
Tarixin daş dövrü yaşayır burda.
Naxçıvanın muxtariyyətinin 90 illik yubileyinə həsr edilmiş kitabda bu yurdun əsrarəngiz təbiətinin rəngləri misralara hopmuş, bulaqlarının suyu damcı-damcı vərəqlərə axmışdır:
Bir bulaq görmüşəm, sirli suyu var,
Deyirlər, Heyran da içib buradan.
Bura çox ölkədən gəlib qonaqlar,
Şərqin karvanları keçib buradan...
Bu təbiəti təsvir edərkən də “Bura Naxçıvandır” deyir şair:
Bura Naxçıvandır, burdan təbiət
Əsirgəməyibdir heç bir varını.
Ucalıq istəsən, Haçadağa get,
Özündə saxlayır şah vüqarını.
Kitabda Naxçıvanın gözəlliklərini təsvir edən ən axıcı şeirlərdən biri “Naxçıvan lövhələri”silsiləsindən “Naxçıvan süitası”dır. Bu diyarın tarixindən, şehindən və mehindən, qaragözlü gözəllərin taleyindən söz açan Vaqif Məmmədov Batabatın çiçəyini, Salvartının qarını nəğmələşdirmişdir:
Batabatda çiçək açıb,
Salvartıda qardı, yağır.
Haçadağın zirvəsindən
Həm sevgi, həm nurdu, yağır.
Burda yaşayan insanların vətənpərvərliyindən, qurub-yaratmaq əzmindən də güc alıb “Bura Naxçıvandır” kitabındakı şeirlər. Naxçıvanın dünənki ağrılarının Ağrı boyda olduğunu təsvir edən şair insanların əzminin ən güclü silah olduğunu diqqətə çatdırır:
Düşmən od üstünə od atır yenə,
Gör biz nə haydayıq, o nə haydadır...
Dözərik, dözmüşük biz dönə-dönə,
Onsuz da ağrımız Ağrı boydadır...
Naxçıvanın bu gününün təsviri bəs necədir? Bir zaman karvan keçən yollarda təklikdən darıxan dağlarda indi nə var, nə yox?
Karvanlar gedərdi dəstəbədəstə,
Yolların yadında bu, belə qalıb.
Təklikdən darıxan Duzdağın üstə
İndi beşulduzlu otel ucalıb.
Şərurun, Ordubadın, Culfanın, Kəngərlinin, Sədərəyin, Şahbuzun, Babəkin gözəlliklərini, dünəni və bu gününü təsvir edən şeirlərlə yanaşı, kitabda Naxçıvanda fəaliyyət göstərən təhsil ocaqları, mədəniyyət müəssisələri haqqında da maraqlı şeirlər yer alıb. Diqqətçəkən şeirlərdən biri isə Naxçıvanın muxtariyyət dövrünün salnaməsini yazan və bu şərəfli işi bu gün də ali amallarla davam etdirən “Şərq qapısı” qəzetinin şair qələmindəki təsviridir:
Neçə tufanlara o, gərdi sinə,
Hər zaman səs verdi haqqın səsinə.
Döndü Naxçıvanın salnaməsinə,
Haqq üzdə dayandı “Şərq qapısı”nda.
Kitabda bütün şəhər və rayonlarımızdan bəhs olunan şeirlərin hər biri gələcəkdə bəstəkarlarımız tərəfindən nəğməyə çevrilə biləcək qədər axıcı və musiqilidir. Qeyd edək ki, Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxan yeni kitabın redaktoru Muxtar Qasımzadədir.
Elnur KƏLBİZADƏ