25 Dekabr 2024, Çərşənbə

Azərbaycan ədəbiyyatına C.Məmmədquluzadə, H.Cavid, M.S.Ordubadi, Ə.Qəmküsar, H.İbrahimov, M.Araz, A.Babayev, İ.Səfərli kimi görkəmli şair və yazıçılar bəxş edən Naxçıvan zaman-zaman ədəbiyyatımızın inkişafına güclü təsir göstərib.
1928-ci ildə Bakıda fəaliyyət göstərən “Gənc qələmlər” təşkilatının Naxçıvan filialı yaradılır. 1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqı fəaliyyətə başlayır. Həmin dövrdən başlayaraq Naxçıvanda yaşayıb-yaradan müəlliflər də yeni bir yaradıcı­lıq təşkilatında çalışırlar. Bir müddət Naxçıvanda Azərbaycan Yazıçılar İttifaqının filialı fəaliyyət göstərir. Lakin ittifaq üzvlərinin sayı az olduğu üçün ittifaq geniş fəaliyyət göstərə bilmir. 1941-1945-ci illər müharibəsindən sonra Yazıçılar İtti­faqının Naxçıvan filialı fəaliyyətə başlayır. Ötən əsrin 40-50-ci illərində Naxçıvan ədəbi mühitində imzaları görünən Adil Babayev, İslam Səfərli, Müzəffər Nəsirli, Nağı Nağıyev, Məmmədəli Tarverdiyev, Əbülfəz Abbasquliyev, Əvəz Sadıq, Hüseyn İbrahimov, Hüseyn Razi, Hüseyn Əzim və başqaları sonrakı dövrlərdə Azərbaycan ədəbi mühitində yaxşı tanınan şair və yazıçılar kimi öz sözlərini deyiblər.
1945-1951-ci illərdə yazıçı Nağı Nağıyev Yazıçılar İttifaqının Naxçıvan filialına rəhbərlik edib. Sonra isə Müzəffər Nəsirli və Hüseyn İbrahimov 60-cı ilə kimi ayrı-ayrı vaxtlarda filiala rəhbərlik ediblər.

1958-ci ildə Azərbaycan Yazıçılar İttifaqının Naxçıvanda səyyar plenumu keçirilir. O dövrdə ermənilərin Naxçıvana torpaq iddiaları başlamışdı. Ona görə də Rəsul Rza və Mehdi Hüseyn başda olmaqla bir qrup yazıçı Naxçıvanda olur. Həmin dövrdə Hüseyn Razi, Əliyar Yusifli, Əhməd Mahmud və Kəmalə Ağayeva Yazıçılar İttifaqına üzv qəbul olunurlar. Beləliklə, ittifaq üzvlərinin sayı çoxalır və Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan Şöbəsi yaradılır. Şöbəyə yazıçı Hüseyn İbrahimov rəhbərlik edir. 1960-cı ildə yazıçı Hüseyn İbrahimov məsul vəzifəyə irəli çəkilir. Həmin ildən şair Müzəffər Nəsirli şöbəyə məsul katib seçilir. Müzəffər Nəsirli  düz iyirmi il – 1980-ci ilin yanvarına kimi şöbəyə rəhbərlik edir.
Bu illərdə Müzəffər Nəsirlinin qayğısı sayəsində ədəbiyyata yeni qüvvələr gəlir. Elmira Qasımova, Validə Hüseynova, Adil Qasımov, Güllü Məmmədova, Akif Axundov, Həmid Arzulu,  Altay Tağızadə, Həsən Valeh, Elman Həbib, Bayram İsgəndərli, Muxtar Qasımzadə, Vaqif Məmmədov, Asim Yadigar, Rafiq Babayev, Məmməd Tahir, Rahilə Elçin, Fərəc Fərəcov, Həsənəli Eyvazlı, İbrahim Yusifoğlu, Cavanşir Eloğlu, Budaq Təhməz, İnqilab Orxan, Vaqif Kərimov və başqaları bu illər ərzində mərkəzi və yerli qəzetlərdə çıxışlar edir, bəziləri ilk kitablarını oxucuların ixtiyarına verirlər. Bu illərdə “Odlu ürəklər”, “Arazın işıqları”, “Arazın nəğmələri”, “Arpa çayı aşdı-daşdı” almanaxları çap olunur. Həmin almanaxlarda yaşlı şair və yazıçılarla yanaşı, adlarını yuxarıda qeyd etdiyimiz müəlliflərin də şeir və hekayələri işıq üzü görür.
1980-ci ildə yazıçı Hüseyn İbrahimov yenidən Azərbaycan Yazıçılar  İttifaqının Naxçıvan Şöbəsinə məsul katib seçilir. 80-ci illərdə artıq Naxçıvanda yeni ədəbi qüvvələr yetişirdi. Bu dövrdə ədəbiyyata Kəmaləddin Qədim, Xanəli Kərimli, Allahverdi Aqil, Rafiq Oday, Səhlab Məmməd­ov, Nəriman Zeynalzadə, Elbəyi Maqsudov, Sərdar Zeynal,  Kəmalə Nəsrin, Sərvər Məsum, Zeyqəm Vüqar, Hüseyn Bağır, Maarif Təmkin kimi istedadlı qələm sahibləri gəlirlər.
Həmin dövrdə şöbədə ayda bir dəfə “Gənc istedadlar klubu”nun məşğələsi keçirilirdi. Bəyənilən yazılar “Araz-1”, “Araz-2”, “Araz-3”, “Yaşıl pöhrələr”, “Qoy tanısın dünya səni” almanaxlarında çap edilirdi. XX əsrin 90-cı illərində və sonra Xalq yazıçısı Hüseyn İbrahimovun qayğısı ilə “Şəhidlik – ömrün nur çağı”, “Araz-4”, “Tərənnüm”, “Səhər nəğmələri”almanaxları çap olunub.
1970-80-ci illərdə SSRİ Yazıçılar İttifaqının Naxçıvandan cəmi 13 nəfər üzvü var idi. 1998-ci ildə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi müstəqil təşkilat kimi fəaliyyətə başlayıb. Birliyə yeni üzvlər qəbul olunub. Hal-hazırda Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin 80 üzvü vardır.
70 illik sovet dönəmində Naxçıvanda yaşayıb-yaradan şair və yazıçılarımızın 150-yə qədər kitabı çap olunduğu halda, son 15-20 ildə 800-ə qədər kitab işıq üzü görüb.
Son 15 il ərzində şair və yazıçılarımıza diqqət və qayğı daha yüksək olub. Bu illər ərzində 2 nəfər yazıçımız Prezidentin fərdi təqaüdünə, 4 nəfər yazıçımız Prezident mükafatına layiq görülüb. “Xalq yazıçısı” adına layiq görülən Hüseyn İbrahim­ov həm də “Şöhrət” ordeni ilə təltif olunmuşdu. Son illərdə akademik İsa Həbibbəyli “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, şair Elman Həbib isə “Şöhrət” ordeninə layiq görülmüşdü. Birlik üzvlərindən 3 nəfəri “Tərəqqi” medalı ilə təltif olunub. İki yazıçı Azərbaycanın “Əməkdar elm xadimi”, bir nəfər “Əməkdar incəsənət xadimi”, üç nəfər “Əməkdar müəllim” fəxri adları ilə təltif ediliblər.
Birlik üzvləri arasında AMEA-nın həqiqi üzvü, müxbir üzvü, 7 nəfər elmlər doktoru, 11 nəfər fəlsəfə doktoru, 4 nəfər Azərbaycanın qabaqcıl maarif xadimi, 11 nəfər “Qızıl qələm” mükafatı laureatı, 22 nəfər isə Azərbaycanın və muxtar respublikanın elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar jurnalisti, əməkdar müəllimi, əməkdar mədəniyyət işçisi var.
Ayrı-ayrı dövrlərdə Naxçıvanda yaşayıb-yaradan şair və yazıçılarımızın əsərləri ədəbi tənqidin diqqət mərkəzində olub. 1958, 1973, 1977-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin Naxçıvanda keçirilən səyyar plenumlarında çıxış edən yazıçı və tənqidçilərimiz özlərinin qələm yoldaşlarının fəaliyyətlərini dərindən təhlil edərək qiymətləndiriblər.
Şair və yazıçılarımızdan Hüseyn İbrahimovun, Hüseyn Razinin, Əliyar Yusiflinin, Kəmalənin, Elmira Qasımovanın, Adil Qasımlının, Muxtar Qasımzadənin, Elman Həbibin, Vaqif Məmmədovun, İbrahim Yusifoğlunun, Xanəli Kərimlinin və başqalarının yaradıcılığı haqqında Azərbaycan mətbuatında tənqidçilərimiz tərəfindən xoş sözlər deyilib.
Muxtar respublikamızda yaşıyıb-yaradan tənqidçilərimiz də Naxçıvan ədəbi mühitinin yetirmələri haqqında dəyərli məqalələr, kitablar yazıblar. Belə alimlərimizdən Əbülfəz Aman­oğlunun, Yavuz Axundlunun, Hüseyn Həşimlinin, Sevindik Vəliyevin, Elbəyi Maqsud­ovun, İman Cəfərlinin, Seyfəddin Eyvazlının, Əbülfəz Əzimlinin, Əbülfəz Muxtaroğlunun, Vaqif Məmmədovun, Xanəli Kərimlinin və başqalarının adlarını çəkə bilərik.
Aydın məsələdir ki, hər bir dövrdə ədəbi mühitdə yaşlı nəsil, orta nəsil və gənc nəslin nümayəndələri öz yazıları ilə ədəbi mühiti formalaşdırırlar. Bu baxımdan 2012-ci ilin oktyabr ayının 19-da Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransında 10 nəfər gənc yazıçı Yazıçılar Birliyinə üzv qəbul olundu. Bu gün muxtar respublikamızda bədii yaradıcılıqla məşğul olan onlarla istedadlı gənc var ki, onların bir çoxunun kitabları artıq oxuculara təqdim olunub. Qafar Qərib, Zaur Vedili, Elxan Yurdoğlu, Rahil Tahirli, Qanun Ümman kimi şairlərimizin əsərləri artıq Azərbaycan oxucusuna da yaxşı tanışdır.
Son illərdə ədəbiyyata gələn gənc­lər içərisində Tural Həsənlinin, Elnur Kəlbizadənin, Tural Atəşin, Əzizə Həsənovanın, Məftunə Hüseynbəylinin, Rühəngiz Əliyevanın, İman Əlioğlunun, Gülnarə Yusifqızının, Zeynəb Naxçıvanlının, Fərid Rəfibəylinin, Rasim Rzanın, Günay Məmmədovanın, Gülşən Azərinin, Tacirə Dünyanın, Aytəkin Dəryanın, Sərxan Yaqubun, Kəramət Hümbətoğlunun, Mövlan Əlioğlunun, Humay Nurun və başqalarının adlarını çəkə bilərik ki, onlar da öz kitabları ilə ədəbi mühitdə tanınıb-seçilən istedadlı gəncliyin yeni nümayəndələridir.
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illiyi münasibətilə “Dünyanın bəzəyi” adlı antologiya  çap olunub. Uşaqlar üçün “Uşaqlar və Günəş” adlı almanax işıq üzü görüb.Yaxın günlərdə uşaqlar üçün daha üç kitab nəşr olunacaq. Eyni zamanda bu il bir neçə tərcümə kitabı da çapdan çıxacaqdır.
Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyi münasibətilə yeni bir kitab da bu il oxucuların ixtiyarına veriləcəkdir.

Bu gün Naxçıvanda yaşayıb-yaradan şair və yazıçılarımız, filoloq alimlərimiz onlara göstərilən yüksək qayğıya cavab olaraq yeni, dəyərli əsərləri ilə oxucularını sevindirməyə çalışırlar.

Asim YADİGAR
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR