Dünən Azərbaycan Respublikasının xalq artisti Rövşən Hüseynovun 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov yubilyarın yaradıcılığından, Naxçıvan teatrının səhnəsində yaratdığı müxtəlifxarakterli obraz və personajlardan söhbət açmışdır. Qeyd edilmişdir ki, Xalq artistinin bu günə qədər yaratdığı obrazlar yaddaqalan olmuş, tamaşaçı rəğbətini qazanmışdır. Onun səhnəmizdə yaratdığı Özdəmir (“Şeyx Sənan”), Şmaqa (“Günahsız müqəssirlər”), Ədhəm (“Nadir şah”), Şirinbala (“Şirinbala bal yığır”), Həsənqulu bəy (“O olmasın, bu olsun”), Bəhram (“Solğun çiçəklər”), Simeon (“Qaraağaclar altında məhəbbət”), Lətif müəllim (“Sahilsiz çaylar”), Lalbyuz (“Dəli yığıncağı”), Ayəba (“Atabəylər”), Həfçi Məlik (“Adamın adamı”), Andrea (“Sükut divarı”) və başqa çoxsaylı obrazlar, personajlar aktyorun yaradıcılıq imkanlarının geniş və rəngarəngliyindən xəbər verir. Rövşən Hüseynov istər dramatik, istər faciəvi, istərsə də komik obrazları düşdüyü psixoloji mühitə uyğun canlandırmaqla geniş yaradıcılıq imkanı nümayiş etdirən sənətkarlardandır.
Vurğulanmışdır ki, Rövşən Hüseynovun teatrımızın inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, o, “Azərbaycan Respublikasının xalq artisti” fəxri adına layiq görülmüşdür.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov yubilyarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi adından təbrik etmişdir. Onun Naxçıvan teatrında xidmətlərindən danışan Rəhman Məmmədov qeyd etmişdir ki, Rövşən Hüseynov Naxçıvan teatrının səhnəsində komik və dramatik obrazları eyni sənətkarlıqla yaradan aktyorlardandır.
Sonra Xalq artistinin sənət dostları, Azərbaycan Respublikasının əməkdar artistləri, Prezident təqaüdçüləri Xəlil Hüseynov, Tofiq Mövləvi, Azərbaycan Respublikasının əməkdar artisti Yusif Allahverdiyev, Xalq artistləri Kamran Quliyev, Rza Xudiyev, Xalq rəssamı Hüseynqulu Əliyev, rejissor Tofiq Seyidov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov çıxış edərək ona yaradıcılıq uğurları arzulamışlar.
Sonda yubilyar, Xalq artisti Rövşən Hüseynov çıxış edərək yaradıcılığına verilən yüksək qiymətə, ona göstərilən diqqət və qayğıya, haqqında söylənilən xoş fikirlərə görə minnətdarlığını bildirmişdir.
Əli RZAYEV