22 Dekabr 2024, Bazar

(“İskəndərnamə” poeması əsasında)


Hər bir böyük sənətkar öz yaradıcılığında üç ədəbi-fəlsəfi konsepsiyanı şərh etmək istəyir: dünya nədir, insan kimdir, zaman nədir. Bu konsepsiyalarda insanın daxili aləmini, dünyanın yaranışını və insan-zaman kəsişməsini şərh edə bilən sənətkar əbədi yaşamaq hüququ qazanır. Bir sıra hallarda ötəri mövzularda yazılan ədəbi əsərlər yaşamır, ancaq yuxarıda adıçəkilən ədəbi kredonun tələblərini ödəyən əsərlər yaşayır. Nümunə üçün Səməd Vurğunun siyasi basqılara cavab vermək üçün yazdığı “Komsomol poeması” şairin öz təbiri ilə desək, “öldü”, amma həmin poemanın sonundaki “Dünya” şeiri ölmədi, çünki, orada şairin dünya haqqında düşüncələri yer almışdır. 

Şərqin mütəfəkkir şairi Nizami Gəncəvinin “Pənc gənc” ( Beş xəzinə), yəni “Xəmsə” si özündən sonra bir sıra şairlər, o cümlədən Hafiz Şirazi, Bədr Şirvani və başqaları tərəfindən yüksək qiymətləndirilmiş, Nizami əsərləri mövzusunda 500-ə qədər şair nəzirə yazmışdır. Bu ardıcıllar içərisində sənətkarlıq baxımından hind şairi Əmir Xosrov Dəhləvi (1253-1325), Azərbaycan şairi Əşrəf Marağeyi, özbək şairi Əmir Əlişir Nəvai (1441-1501) və başqaları daha çox seçilmişdir.

Nizami əsərlərini onun yaş salnaməsinə böləndə belə, məlum olur ki, o, bir yazdığını bir daha pozmamışdır.
Uzun bir dövrdə Qərbdə Hegeldən üzü bu yana, o cümlədən E.Renan, B.Rassel belə fikir irəli sürmüşlər ki, Şərqdə əsl mənada filosof olmamışdır. Onların fikrincə, Şərqdə yalnız şairlərin əsərlərində fəlsəfi fikirlər vardır. Və adıçəkilən filosoflar da bu cür düşünmüşlər ki, Şərq xalqlarının düşüncəsində sxolastika və mistikadan başqa bir şey olmamışdır. Zakir Məmmədov “Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir” monoqrafiyasında (Elm-1978) bu fikri alt-üst etmişdir.
Məlumdur ki, Azərbaycanda və ümumiyyətlə, müsəlman ölkələrində ərəb və fars dilləri uzun bir dövrdə dominant olmuşdur. Təhsilin ərəb dilində olması milliyyətcə başqalarının, o cümlədən azərbaycanlıların bu dildə əsərlər yazmasını mütləqləşdirirdi. Bu ənənə XIX əsrə qədər davam etmişdir, hətta Abbasqulu ağa Bakıxanov (1794-1847) belə, öz fəlsəfi əsərlərini “Əsrarül-mələkət” ərəb dilində yazmışdır. Azərbaycanda fəlsəfi fikir o dövrün müsəlman dünyası fəlsəfi fikri ilə sıx bağlı olmuşdur. Bəhmənyar, Eynəlqüzzat, Şihabəddin Suhrəvərdi, Əbuhəfs Ömər Suhrəvərdi, Siracəddin Mahmud Urməvi kimi Azərbaycan mütəfəkkirlərinin fəlsəfi irsi Biruni, Fərabi, İbn Sina kimi şəxsiyyətlərin davamı kimi səciyyələndirilir.

Nizaminin əsərlərində boş bir misra belə, yoxdur. Böyük şairin əsərlərində son fikir şairin özünə məxsusdur və müəyyən ictimai-fəlsəfi mündəricə daşıyır. Məsələn, “Sultan Səncər və Qarı” hekayətində son olaraq Nizami, Qarının dili ilə deyir: “Darğaların məni döydü, söydü, mənim abrım getdi, sənin ədalətin”.
Hər bir yazıçının yaradıcılığını onun “yaş senzi” ilə əlaqələndirsək, belə fikir yürütmək olar ki, müdriklik yaşında o, daha təkmil əsərlər yaradır. Məsələn, M.F.Axundov gənc­liyində şeir, nəsr, orta yaşında dram, qoca yaşında isə “Kəmalüddövlə məktubları” kimi fəlsəfi-ictimai traktatını yazıb.
Nizaminin “İskəndərnamə”si, bu mənada, şairin ədəbi kredosunun yekunudur. Buna görə də şair “İskəndərin yeddi alim ilə xəlvətə çəkilməsi” hissəsində şərti olaraq filosofları bir yerə yığır. İskəndər onlara dünyanın yaradılışı haqqında sual verir:

Kimsənin qəlbinə heç toxunmadan,
Yeddi filosofu seçdi bu zaman.
Ərəstu – tədbirli bir vəzir idi.
Bəlinas – cavanmərd, Sokrat – pir idi.
Valislə Əflatun bir də Fərfiryus –
Heyrandı onlara o rühülqüds.

Padşah “varlığın ilk tarixindən” danışmaq üçün birinci sözü Ərəstuya verir. Ərəstu –Aristotel, məlum olduğuna görə, həm “Metafizika” yazıb, həm də “Poetika”. Sonuncu əsər filoloji nəzəriyyədə dərslik rolu oynayır və bu gün də əhəmiyyətini itirməyib. Onun məşhur kəlamı vardır: “Platon mənim dostumdur, ancaq həqiqət dostluqdan üstündür”.
Ərəstunun dedikləri bugünkü heliosentrik nəzəriyyəyə yaxındır. Bu gün belə düşünülür ki, əvvəl, xaos olub, sonra kosmos yaranıb, daha sonra bizim planetlər Günəş ətrafında düzülüş-nizam mərhələsinə gəliblər. Ərəstu deyir:

Əvvəl vardı ancaq bir hərəkət,
Onu iki yerə ayırdı sürət.
Bu iki hərəkət gəlib bir yerə,
Yeni bir hərəkət doğurdu hərə.
Əvvəlki hərəkət ayrıldı yenə,
Bu üçü qoşuldu biri-birinə.
Üç xətt zahir oldu üç hərəkətdən,
Üç dövrə yarandı ondakı xətdən.
Mərkəzdən ayrıldı həmin dövrələr,
Yaranıb ortaya çıxdı bir cövhər.
Cövhər keşməkesdən doğub parladı,
“Hərəkət eyləyən cism” oldu adı.

Burada diqqəti çəkən məqam yuxarıda qeyd etdiyimiz Xaosun hətəkəti və onun Kosmosu yaratması fikridir. Xaotik hərəkətin fizikadakı adı onun qanunauyğunluğunu kəşf edən alimin adı ilə “Broun hərəkəti” adlanır. Bu fizika qanunu asanlıqla cəmiyyətə şamil olunur. Belə ki, ictimai formasiyaların dəyişməsi zamanı xaotik hərəkət, sanki bir “qanunauyğunluğa” çevrilir. Bu zaman cəmiyyətdəki qanun pozuntuları “qaynar qazan”dakı hərəkətə oxşayır. Nizamsızlıq tədricən nizama çevrilir və statik hala gəlir. Buradan belə bir nəticə hasil olur ki,” dünyagörüşü” sözü “kosmogörüş”dən kiçikdir. Zira, biz nəinki dünyanın, təbiətin , həm də kosmosun bir hissəsiyik. Və indi bizim işlətdiyimiz bir sıra ölçülər bizim “arşınımıza görə”dir. Məsələn, gecə və gündüz bizim dünyamızın zaman ölçüləridir, kosmosda, artıq bu “zaman” işə yaramır, orada başqa ölçülər var. Və ya yuxunun sürəti ilə bizim zamanın sürəti uyğun gəlmir.
Bundan sonra Nizami, filosofun Göy, Yer, – dörd ünsür – od, su, torpaq və hava, daha sonra bitkilər və nəbatat haqqında fikirlərini poetik dillə təqdim edir. Bu və bundan sonra da görəcəyik ki, Nizami filosofların fikirlərini oxucuya təqdim edərkən həm onların yaradıcılığına bələdliyini nümayiş etdirir, həm də onlara yaradıcı münasibətini göstərir.
Ərəstunun mərkəzəqaçma anlayışı çox mütərəqqi bir anlayış olmuşdur. Məlumdur ki, mərkəzəqaçma mexanizmi cisimlərin kütlə sıxlığını müəyyən edir və kiçik cisimlər böyük cisimlər tərəfindən cəzb edilir. Ay Yerin təbii peykinə, planetlər Günəşin təbii peykinə çevrilir. Bu zaman böyük cisim kiçik cismi cəzbetmə trayektoriyasına salır.
Valisin (Fales – qədim yunan filosofu Miletli Fales. (e.ə.634-548) fikrincə, əvvəl su olmuşdur, qızğın hərəkətdən od əmələ gəlmişdir. Onun “suyun qatılığından Yer yarandı” fikri Ərəstunun “təmiz su xıltdan ayrıldı və həmin xıltdan torpaq yarandı” fikirləri ilə səsləşir. Valisə görə, “Sudan kainat yarana bilməz” fikrinə zidd gedənlər nütfəni yada salsınlar.
Əgər əvvəlki iki filosofun materialist düşüncə tərzi görünürdüsə, Bəlinas idealist cəbhədən çıxış edir. “Gözü nur, nuru göz yaratmışdır”, – deyən Bəlinas birinci işıqlı odu, ikinci havanı, üçüncü suyu, dördüncü torpağı əsas götürür.
Sokrat da öz idealist fikirlərini İskəndərin hüzurunda belə şərh edir: O, güman edir ki, İldırım, Günəş, ay, Ülkər, şimşək, yağış... hamısı Yaradanın işidir.
Fərfuryus idealist cəhətdən çıxış etsə də, belə qərara gəlir ki, hərəkət edən və sükunətdə qalan varlıqlar dünyanın maddi formasıdır.

İskəndər məclisi xətm eləyərək bildirir ki:
Dünyanın nəqşini bir nəqş edən var.
Bundan artıq demək mənasız olar.

Göründüyü kimi, İskəndər də idealist anlayışı rədd etmir. Bu işin bir sirr olduğu qənaətindədir.
Və nəhayət, Nizaminin dedikləri maraq doğurur. Nizami də bir sıra şairlər və filosoflar kimi kainatın yaradılışının, dərkinin çətin bir iş olduğunu qeyd edir: “Nizami, bu qapı açar götürməz” – yəni yaradılışı dərk etmək çətindir. Cavid də “Peyğəmbər”də dərk etmədəki çətinliyi qeyd edirdi. Nəsimi də Allahı dərk etmək üçün qəlbin gözünü məqbul hesab edirdi: “Surəti-nəqşində hər kim görməsə nəqqaşini, Vahidi-surət onun gözsüz yaratmış başini” – yəni “Vahidi-surət”i – Allahı – insanın surətində (üzündə) dərk etmək üçün görən göz lazımdır.
Doğrudan da, materiya və ruh bir-birində üzvi surətdə mövcuddur. Ruh nə qədər ki, hərəkətdədir, materiyanı hərəkət elətdirir. Amma “Bir nəfəsdir bu sürəksizcə həyat, Bir nəfəs –getdimi gəlməz, heyhat” (H.Cavid).
Kainatda bütün flora və fauna canlıdır, özündə o ruhu yaşadır. Ağaclar, çiçəklər daxil, hamısına duyğular verilib. Fəlsəfənin bütün kateqoriyaları və qanunları təbiət və cəmiyyətə sirayətdir. Alov – közün ruhudur, alov (ruh) o közdən çıxandan sonra yerində kömür (çəsəd) qalır.
Nizami də “Böyük yaradıcı”nın əvvəlcə əqli yaratdığını deməklə tam idealist olmur. Lakin:

Hər nəqşə çəksə də qadir yaradan,
Əqlin nəzərindən etmədi nihan.
Yalnız ilk nəqşəni gizli nəqş etdi,
Əqlin gözündən də onu gizlətdi

–, deyir. Doğrudan da, insan ağlı müəyyən məsafəyə qədər kainatın sirlərinə bələd olur. Oradan o yana çətindir. Məsələn, kainatın sonu varmı? Ya bəlkə, bu da mübhəmdir. İnsan kəşf etdiyi maşına insanı dərk edən göz vermədiyi kimi, bəlkə “Böyük yaradıcı” da insana elə bir göz verməmişdir və buna görə də insan elminin qurtardığı yerdən din başlayır.

Nizami bəşəri ideyalara malik dünya şairidir. Onun fəlsəfi, ictimai, bədii fikirləri “Xəmsə”nin bütün varlığındadır. Ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi isə Prezident cənab İlham Əliyevin Azərbaycanın zəngin ədəbi irsi və mədəniyyətinin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması yüksək qayğının təzahürü olmaqla bu tükənməz bədii söz xəzinəmizin fəlsəfi-poetik çalarlarla yenidən araşdırılması və tədqiqini, habelə öyrədilməsini bir daha aktuallaşdırılmışdır. Heç şübhəsiz ki, “Nizami ili” nizamişünaslığa öz misilsiz töhfələrini verməklə ədəbiyyatşünaslıq tariximizə yazılacaq.

Seyfəddin Eyvazov
filologiya üzrə fəlsəfə doktoru,
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR