22 Dekabr 2024, Bazar

Bəşər sivilizasiyasının mədəniyyət ocağı olan Naxçıvanımızda rəssamlığın tarixi lap qədim zamanlardan, Gəmiqaya təsvirlərindən başlamış tarixin bütün dövrləri ilə səsləşən intibah mədəniyyətinin, memarlıq məktəbinin təsiri ilə inkişaf etmiş, diyarımızın təbiət gözəlliklərini öz fırçası ilə tariximizə həkk edən realist rəssamlığın banisi Bəhruz Kəngərli ilə özünün ən qüdrətli dövrünə çatmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  2021-ci il 2 mart tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuş, Ali Məclisin Sədri cənab Vasif Talıbov həmin tədbirdə çıxış edərək demişdir: “Naxçıvan rəssamlıq məktəbinin qədim və zəngin tarixi vardır. Bu məktəbin görkəmli nümayəndələri təsviri sənətin müxtəlif janrlarında tariximizi, abidələrimizi, milli-mənəvi dəyərlərimizi, təbiətimizi, xalqımızın həyatını əks etdirməklə böyük mədəniyyət salnaməsi yaratmışlar. Azərbaycan realist rəssamlığının əsasını qoymuş Bəhruz Kəngərlinin, teatr rəssamlığının inkişafında mühüm xidmətləri olan Şamil Qazıyevin və digər rəssamların əsərləri Naxçıvanın dünəni ilə bu günü arasında mədəni bağlardır”. 

 Elə budəfəki söhbətimizdə başdan-başa təbiət muzeyi olan Naxçıvanımızın gözoxşayan gözəlliklərini öz fırçası ilə kətan üzərinə köçürən rəssamlarızdan biri – Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov haqqındadır. 70 yaşının zirvə çağında olan sənətkarla söhbət etmək, rəssamlıq fəaliyyəti ilə yaxından tanış olmaq üçün onun emalatxanasının, öz dili ilə desək, kiçik sənət dünyasının qonağı olduq.

Telman Abdinov 1954-cü ildə Şahbuz rayonunun Külüs kəndində zəhmətkeş bir ailədə anadan olub. İnsan yaşadığı yerlə bütünləşir, – deyirlər, elə Külüs kəndinin saf havası, büllur kimi təmiz suyu, əsrarəngiz mənzərələri bu yaşlı sənətkara yaradıcılıq həvəsi verib. Lap kiçik yaşlarından rəsmə maraq göstərən sənətkar üçün televizorun ağ-qara ekranında Azərbaycanın görkəmli rəssamları Səttar Bəhlulzadəni, Tahir Salahovu izləmək bu sahəyə olan marağını daha da artırıb. Elə bu ülvi marağı onun əlindən tutaraq 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə aparır. 1978-ci ildə isə məktəbi fərqlənmə diplomu ilə bitirib Naxçıvana qayıdaraq yaradıcılıq fəaliyyətinə başlayır. Hələ tələbə ikən qobelen janrı əsasında çəkdiyi ilk rəsm əsəri olan “Abşeron ritmləri” və xalça texnikası üslubunda ərsəyə gətirdiyi “Qadın çantası” əsəri Səttar Bəhlulzadə adına şəkil qalereyasında işıq üzü görüb. Gənc rəssamın yaratdığı bu əsərlərdən təsirlənən Toğrul Nərimanbəyov “Ədəbiyyat və incəsənət” qəzetində yazmışdı: “Telman Abdinov tətbiqi sənətin qobelen üslubunda işlədiyi əsərlərlə Azərbaycan rəssamlığına yeni səsin, yeni nəfəsin gəldiyini xəbər verir. Bu tablolardakı rəng çalarlarının harmoniyası, müəllifin nəyi çatdırmaq istəyi, kövrək rəssam qəlbinin ağ kətan üzərinə köçürülmüş həzin pıçıltıları tamaşaçını düşünməyə sövq edir”.

Bu incəsənət adamının emalatxanasında ecazkar, fantastik bir dünyanın qonağı olursan. Burada duyğuların hələ açılmamış sirləri də var, dərin məna və məzmun kəsb edən, tamaşaçılarını heyran qoyan tablolar da. Rənglərin vəhdəti, ideyaların füsunkarlığı, rəsmlərin nizamla, ahənglə düzülüşü sənətin gözəlliyindən xəbər verir. Rəsm əsərləri ilə “söhbət edərkən” aydın olur ki, sənətkarın yaradıcılığında rəssamlığın bütün janrlarından məharətlə istifadə edilib. Əsərlərində isə vətənpərvərlik və mənzərə mövzularını ön plana çəkib. Bu sənət dünyası kiçik də olsa, ümman qədər incəsənət sevgisini özündə daşıyır. Rəssamlığın sirlərindən danışarkən Telman Abdinovun bu sahəyə olan sonsuz məhəbbəti hiss olunmaya bilməz. Rəssam incəsənətin sirlərindən söhbət açaraq deyir ki, Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Yurdumuzun bu gözoxşayan gözəlliyini istər mənim, istərsə də digər rəssam həmkarlarımın əsərlərində görmək mümkündür. Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətləri var. Ən əsası odur ki, onlar gözlə görünməyən məqamları görə bilirlər. Musiqi kimi, rəsm də duyğuların cilalanmış həm portreti, həm də mənzərəsidir… Rəssamlıq sənəti ilə yeni məşğul olan insanlar bilməlidir ki, bu sənətin əsas əlamətləri obrazlılıq, emosionallıqdır. Hər bir rəssam çalışmalıdır ki, işini sevsin, onun sirlərinə dərindən yiyələnsin. Onun emalatxanasına daxil olan hər kəs, sözün əsl mənasında, özünü fantastik bir dünyada hiss etsin. Necə ki, siz bura daxil olarkən divarlardan asılmış əsərlərin, sanki cazibəsinə düşdünüz, bax bu halı digər sənətsevərlərin timsalında görmək də bir rəssam üçün ən böyük uğur və sevincdir. Elə yaradıcılığın əsas məqsədi də budur, tamaşaçının sevgisini qazanmaq.
Rəssamın düşüncə tərzini inkişaf etdirən ilham qaynağı olur,– deyir Telman Abdinov. Qeyd edir ki, rəssamlıq da incəsənətin digər növləri kimi, daha geniş auditoriyanın marağını özünə çəkməli və öz auditoriyasını daha da genişləndirməlidir. Klassik sənət cərəyanının, rəssamlığın intibah dövründən başlayaraq bu günə qədər dəbdən düşməməsi, yeniliklərin əlavə edilməsi də məhz incəsənət adamlarının öz duyğu və düşüncələrindən əlavə tamaşaçı auditoriyasının marağını da ön plana çəkməsində gizlidir. İllərin qazandırdığı təcrübəyə söykənərək, deyə bilərəm ki, əgər doğrudan da, sənətkar arzuladığı obrazı yaradıbsa, demək, artıq o tükənib. Çünki bir rəssamın üfüqləri geniş olmalı, əsərində eyni anda bir yox, bir neçə obrazı yaratmağı bacarmalıdır. Elə bu səbəbdən yaradıcı insanların təbiəti sevmələri və daha çox gözəl, gözoxşayan mənzərələri vəsf etməsi təsadüfi deyil. Təbiət özü yaradıcılıq üçün geniş məkandır. O ki qaldı Naxçıvanın gözoxşayan mənzərələri ola...

Bu sənət adamının səmimi söhbətini dinləmək, sanki insana yaradıcılıq stimulu verir, ruhunu dincəldir. Həmsöhbətim qeyd edir ki, hər bir rəssamın daxili aləmi və məqsədi onun yaradıcılığındakı cərəyan xəttidir. Hər hansı əsərin yaranmasında ilham qaynağı olmalıdır. Rənglərin palitrada qarışdırılması belə, rəssam üçün ilham pərisinə çevrilə bilər. Rəssam olmaq üçün insan gərək böyük intellektə, mədəniyyətə və biliyə malik olasan. Ancaq bu halda öz düşüncələrini tamaşaçıya dolğun çatıra bilərsən… Rənglər dünyasının palitrasından həzin muğam, təsnif, eləcə də hər hansı musiqi janrı çərçivəsinə sığmayan melodiya da duymaq olur. Bəli, elə bu yerdə, 70 yaşın zirvə çağında deyə bilərəm ki, rənglərin də öz səsi, öz nəğməsi var. O məstedici səsi, insanın zövqünü oxşayan həzin melodiyanı isə çəkdiyi hər şəkli qəlbi ilə görüb, ruhu ilə duyan rəssamlar eşidə bilər. İnanıram ki, bundan sonra da sənət ocağı, yaradıcılıq məktəbi olan qədim diyarımız, Naxçıvanımız neçə-neçə rəssamlar yetirəcək dünyaya. Onlar da bizim kimi dövlətimizin incəsənət insanlarına göstərdiyi böyük diqqət və qayğı ilə fəxri adlara layiq görüləcək, öz əsərləri ilə ölkəsini hər yerdə tanıdacaq.
Son olaraq onu da qeyd edim ki, incəsənət adamı üçün dövlətin dəstəyi, onun yaradıcılığına verdiyi dəyər əsas şərtdir. Bunu da ölkəmizin hər yerində görmək mümkündür. Mən də 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar rəssamı” Fəxri adına layiq görülmüşəm. İllərin mənə qazandırdığı bu uğura görə başda cənab Prezidentimiz olmaqla, muxtar respublikada hər bir incəsənət adamını daim diqqətdə saxlayan Ali Məclisin Sədri cənab Vasif Talıbova öz dərin minnətdarlığımı bildirirəm. Artıq bir neçə ildir ki, diyarımızda təşkil edilən “Naxçıvan-Bəşəriyyətin Beşiyi” adlı rəsm festivallarının keçirilməsi, festivallarda yerli rəssamlarla yanaşı, əcnəbilərin də iştirakının təmin edilməsi, Rəssamlar Birliyinin 50 illik yubliyenin qeyd olunması naxçıvanlı rəssamların qurub-yaratmaq əzmini daha da gücləndirib.
Bu ecazkar sənət dünyasından ayrılarkən divarlardan asılmış, rənglərin əlvan çalarları ilə kətan üzərində yaradılmış kiçik möcüzələr olan şəkillərə tamaşa edirəm. Bir rəsmdə Türkün şanlı tarixini əks edən II Qarabağ müharibəsinin zəfər ətirli mənzərəsini görürəm, fərəhlənirəm. Digər yandan şəhidlərimizin qanı ilə suvardığı Şuşa torpağının yetirib-bitirdiyi o Zəfər gülünün – xarıbülbülün ətrini hiss edir, xanəndələrin dilindən düşməyən “Havalansın Xanın səsi, Qarabağın şikəstəsi” sədalarını eşidirəm. Çünki artıq bilirəm ki, rənglərin də öz səsi, öz nəğməsi var…

 Məcid RƏŞADƏTOĞLU

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR