Yarandığı gündən muxtar respublikamızın tarixini öz səhifələrində əks etdirən “Şərq qapısı” qəzeti İkinci Dünya müharibəsi illərində cəbhə qəhrəmanları ilə daim əlaqə saxlamış, onların qəhrəmanlıqlarından, muxtar respublika əməkçilərinin ön cəbhələrdə döyüşən oğul və qızlarımıza göndərdikləri hədiyyə və sovqatların müdafiə fonduna və faşist işğallarından azad edilmiş şəhər və vilayətlərin sakinlərinə edilən yardımlardan geniş bəhs etmişdir. “Şərq qapısı” qəzeti eləcə də həmyerlilərimizin göstərdikləri igidliklərə görə aldıqları dövlət mükafatları haqqında, həmyerlilərimizin və komandirlərinin onların valideynlərinə, Naxçıvan Vilayət Partiya Komitəsinə, işlədikləri idarə, müəssisə və təşkilat rəhbərlərinə göndərdikləri məktubları dərc etmiş və eyni zamanda bu illərdə muxtar respublikanın ictimai-siyasi həyatında baş verən məlumatları vaxtaşırı öz səhifələrində işıqlandırmışdır.
Müharibənin davam etdiyi 4 ilə yaxın bir dövr ərzində qəzetin səhifələrində gedən yazıların hamısından söhbət açmağa imkan olmadığı üçün qəzetin bu illərdə nəşr edilmiş bəzi nömrələri haqqında qısa da olsa, məlumat vermək istəyirik.
Müharibənin başlanması haqqında ilk məlumat “Şərq qapısı” qəzetinin 25 iyun tarixli sayında dərc olunmuşdur. Sovet Sosialist Respublikaları İttifaqı Xalq Komissarları Soveti Sədrinin müavini və Xarici İşlər Komissarı V.M. Molotovun 22 iyun 1941- ci ildə radio ilə çıxışının tam mətni verilmişdir.
Qəzetin 2 sentyabr 1941-ci il sayında Azərbaycan qadınlarının ölkəmizin müdafiə fondunun möhkəmləndirilməsi haqqında müraciəti dərc edilmişdir. Həmin müraciətə qoşulan Naxçıvan qadınlarından Rübabə Talıbova qızıl qol saatı, 300 manat pul, 800 manatlıq istiqraz vərəqəsi, evdar qadın Leylan Quliyeva 3,5 qram qızıl, 2 mis qazan və 300 manatlıq istiqraz vərəqəsi, Sidiqqə Abbasova bir qızıl üzük, 300 manat dəyərində istiqraz vərəqəsi, Qumru Həsənova 650 manat pul, 1000 manat istiqraz vərəqəsi, Züleyxa Abbasova qızıl üzük, Vəsilə Abbasova qızıl sırğa, Əqiyyə Fətullayeva bir qram qızıl, 1500 manatlıq istiqraz vərəqəsi, Pəri Səfiyeva 1 qızıl bacaxlı, 900 manatlıq istiqraz vərəqəsi, Simuzər Qədimova qızıl üzük, 2 gümüş qaşıq, 800 manat pul və 1000 manatlıq istiqraz vərəqəsi, Məryəm Aslanova 600 manat pul, 2000 manatlıq istiqraz vərəqəsi, Lida Qədimova 2 qızıl üzük, 1500 manatlıq istiqraz vərəqəsi, Təyyibə Xəlilova 8 qram qızıl, 300 manat pul, qızıl sırğa, Güllü Kazımova 1 qızıl üzük, 500 manatlıq istiqraz vərəqəsi, Xavər Əliyeva 300 manat pul, 500 manatlıq istiqraz vərəqəsi, Gülabə Behbudova 1 qızıl üzük, 1000 manatlıq istiqraz vərəqəsi, Səkinə Rzalı 6 qram qızıl, 300 manat pul, 500 manatlıq istiqraz vərəqəsi,10 kiloqram mis təhvil vermişlər.
Qəzet 22 oktyabr 1941-ci il tarixli nömrəsində faşist işğallarına qarşı qəhrəmanlıqla vuruşan döyüşçülərimizin ailələrinə yardım göstərmək məqsədilə yardım fondlarının təşkil edilməsi və ön cəbhədə Vətənimizin müdafiəsində qəhrəmanlıqla vuruşan əsgərlərə hədiyyələr göndərilməsindən bəhs edərək yazırdı ki, partiya və sovet təşkilatları tərəfindən ayrılmış komissiyaların və həmçinin zəhmətkeşlərin təşəbbüsü ilə cəmi 4 ay ərzində muxtar respublika üzrə müdafiə fonduna 120800 manat nağd pul, 1.727.000 manatlıq istiqraz vərəqəsi, 7 kiloqram 700 qram qızıl, gümüş toplanaraq dövlət bankına, 66 ton taxıl, 64 ton ət, 2155 kiloqram yun, 897 kiloqram yağ, 10,6 ton tərəvəz, 3634 cüt corab, 1461 cüt yun əlcək, xeyli alt-üst geyimləri toplanıb cəbhəyə göndərilməsi üçün tədarük məntəqələrinə göndərilmişdir.
Qəzetin 7 mart 1942-ci il tarixli nömrəsində dərc edilmiş “Gənclərin səsi” adlı yazıda Şərur royonunda keçirilən mitinqdə qabaqcıl kolxozçu Səkinə Mustafayevanın çıxışı verilmişdir. Həmin çıxışda Səkinə deyir: “Lazım gələrsə, biz traktorçu qızlar da öz traktorumuzu böyük tanklar ilə əvəz edərək düşmən üzərinə gedəcəyik... Mən sizi bol məhsul uğrunda mübarizəyə çağırıram. Çünki bol məhsul düşmən üzərində qələbəmiz deməkdir”.
Həmçinin qəzetdə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1942-ci il 26 iyun tarixli Fərmanından sonra Naxçıvan MSSR Xalq İctimai Təminat Komissarlığı üzrə qızıl əsgər ailələrinə 6 milyon 612 min 760 manat, cəbhədə döyüşən əsgərlərin ailə üzvlərinə 429 min 400 manat dövlət yardımı verilməsindən danışılır.
Qəzetin 17 iyul 1942-ci il tarixli nömrəsində bir qrup naxçıvanlı döyüşçünün məktubu dərc edilmişdir. Məktubda deyilir: “Hörmətli ata, ana, bacı və qardaşlarımız! Sizdən uzaq məsafədən, Vətən müharibəsi cəbhələrindən göndərdiyimiz səmimi döyüş salamlarımızı qəbul edin. Sizi inandıraq ki, biz Azərbaycan oğulları bu borcu sonadək namusla yerinə yetirəcəyik. Vətən yolunda öldü var, döndü yoxdur”.
Qəzetin 2 avqust və 12 sentyabr 1942-ci il tarixli nömrələrində Nehrəm və Ordubad rayon kənd məktəblərinin müəllimləri və şagirdləri tərəfindən taxıl yığımı və başqa təsərrüfat işlərində kolxozçulara yaxından kömək etmələri, Naxçıvan şəhər 1 nömrəli orta məktəbin müəllim və şargirdlərinin qəhrəman döyüşçülərə bayram sovqatı olaraq 1400 manat dəyərində 10 bağlama, bundan başqa, 7 dəri, 4 yun əlcək, 2 şarf, 1 şal, 2 portiyanka, 12 cüt yun corab və sairə göndərilməsi göstərilmişdir.
Muxtar respublika gənclərinin həmyerlimiz mayor Akim Abbasova göndərdikləri 4002 manat dəyərində sovqat və məktubu da maraqlıdır. Bu məktub qəzetin 7 noyabr 1942-ci il tarixli nömrəsində dərc olunub. Məktubda deyilir:
Hörmətli Abbasov yoldaş! Biz Naxçıvan gəncləri sənin adına yeni bayram sovqatları göndərməklə öz məhəbbət və hörmətimizi Sizə bildirir, Vətən uğrunda, Xalqımızın şərəfi və namusu uğrunda sonadək sönməz bir qüvvə ilə mübarizə aparmanızı arzu edirik. Bu yalnız bizim deyil, bütün ölkənin və xalqımızın arzusudur”.
Qəzetin 8 iyul 1943- cü il tarixli nömrəsində “Müəllimlərə fəxri ad” sərlövhəli yazıda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1943-cü il 1 iyul tarixli Fərmanı ilə xalq maarifi sahəsindəki xidmətlərinə və fədakarlıqla işlədiklərinə görə bir qrup müəllimə “Əməkdar müəllim” fəxri adı verilmişdir. Bu müəllimlərin sırasında Ordubad şəhərindəki Pedaqoji Texnikumun direktoru Əli Qənbərli və Naxçıvan şəhərindəki İkiillik Dövlət Müəllimlər İnstitutunun müəllimi Lətif Hüseynov da var idi.
12 avqust 1943- cü il tarixli nömrədə qəzetin fəal müxbirlərindən olan və ordu sıralarında xidmət edən kiçik leytenant Cəfər Məmmədov (Sirablı) redaksiyaya göndərdiyi məktubunda Naxçıvan zəhmətkeşlərinə salam yetirməyi xahiş etmiş və yeni yazdığı bayatılarını göndərmişdir:
Əzizim mərdanadır,
Mərd sözü mərdanadı.
Vətənə igid verən
Mərd ata, mərd anadı.
Həmçinin həmin nömrədə döyüşçü Əkbər Məmmədovun Naxçıvan Dövlət Dram Teatrının artistlərindən İbrahim Həmzəyev, Səməd Mövləvi və Əyyub Haqverdiyevin adlarına göndərdiyi məktubu dərc edilmişdir. Məktubda deyilirdi: “Bir gün istirahətdə ikən hissəmizə Azərbaycan qəzetləri çatdırıldı. “Kommunist” qəzetini oxuyarkən Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanına rast gəldim. Bu fərmanla Azərbaycanın bir qrup incəsənət işçilərinə Azərbaycan SSR-nin fəxri adları verilmişdir. Bunların arasında sizlər – İbrahim Həmizəyev, Səməd Mövləvi və Əyyub Haqverdiyev də var idiniz. Sizləri “Azərbaycan SSR-nin Əməkdar artisti” kimi fəxri ad almanız münasibətilə təbrik edirəm. Biz cəbhədə düşmənlə amansızcasına mübarizə apardığımız kimi siz də xalqımıza yüksək bədii tamaşalar göstərməklə əlinizdən gələni əsirgəməyin...”
Qəzetin 31 avqust 1943- cü il tarixli nömrəsində “Şərq qapısı” qəzetinin keçmiş əməkdaşı Hacı Əsgərovun ordu sıralarına yollandıqdan bir müddət sonra Vətən müharibəsi cəbhələrində düşmənə qarşı mübarizəyə başlamasına dair və yüksək vətənpərvərlik hissi, düşmənə qarşı hədsiz kin ilə dolu məktubu dərc olunmuşdur. H.Əsgərov məktubunda yazırdı:
“Arxada olarkən öz ürək duyğularımı, Vətənə məhəbbətimi söz inciləri ilə tərənnüm etdiyim kimi, indi əldə silah müqəddəs Vətəni düşməndən müdafiə edirəm. Düşmənə qarşı sonadək amansız vuruşaraq bir damcı qanımı belə, əsirgəməyəcəyimə and içmişəm.
Hörmətli əməkdaşlarım, düşməni tezliklə darmadağın etmək hamımızın vahid məqsədidir. Buna görə də arxada cəbhə üçün sizində bütün varlığınızla çalışmağınızı arzulayıram.
Hörmətlə: Sizin Hacı Əsgərov”.
Qəzetin 30 noyabr 1943- cü il tarixli nömrəsində SSRİ Ali Soveti Rəyasət Heyətinin 1943- cü il 22 noyabr tarixli Fərmanı ilə kənd təsərrufatını və heyvandarlığı inkişaf etdirmək haqqında hökumət tapşırıqlarını yerinə yetirdiklərinə görə Azərbaycan SSR-in 585 qabaqcıl kolxozçusunun SSRİ orden və medalları ilə təltif edildiyi bildirilirdi. Naxçıvan MSSR-dən Yusif Hüseynov, Allahverdi Hüseynov “Lenin”, Şəmil Rəsulzadə isə “Qırmızı Əmək Bayrağı” ordeni ilə, İmamalı Hacıyev, Heydər Qənbərov və Mirzəmməd Yaqubov “Əməkdar igidliyə görə” medalı ilə, Hüseynqulu Əliyev, Səhər Ələsgərova, Səfəralı Cəfərov, Qurbanəli Pənahov və Məmməd İbrahimov “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdurlar.
Qəzetin 1942-1944-cü illər nömrələrinin böyük əksəriyyətində Sovet İttifaqı qəhrəmanları Abbas Quliyev, Qəzənfər Əkbərov, Nəcəfqulu Rəfiyev, cəsur komandirlərdən Akim Abbasov, Əsgər Əhmədov, Neymət Kərimov, Əli Məmmədov, Allahverdi Kərimov, Mehdi Mahmudov, İsmayıl Sayılov, Əsgər Hüseynov, Cəfər Məmmədov və onlarla Naxçıvan vətənpərvərlərinin Böyük Vətən müharibəsindəki qəhrəmanlıqlarından danışılır.
Qəzetin 13 sentyabr 1943-cü il tarixli nömrəsində Şərur rayon zəhmətkeşlərinin, xüsusilə komsomolçu gənclərin daim vətənimizi yırtıcı düşməndən mərdliklə təmizləməkdə olan 416-cı Taqanroq diviziyasının qorxmaz döyüşçülərinə 1943-cü ilin sentyabr ayında 21 kiloqram yağ, 560 yumurta, 200 dəftər, 70 qələm, 53 paket, 275 iynə, 39 sap, 10 litr spirtli içki və başqa şeylər toplayıb göndərilməsindən danışılır.
Qəzetin 1 oktyabr 1943-cü il tarixli nömrəsində Naxçıvan şəhər və rayon müəllimlərinin 29 sentyabr 1943-cü il tarixdə keçirilmiş yığıncağı barədə danışılır. Həmin yığıncaqda müəllimlər Çərkəs vilayətinin bərpa edilməsində və alman faşist zülmündən azad edilmiş çərkəslilərə kömək göstərməkdə fəal iştirak edəcəklərini bildirmişlər.
Yığıncaqda iştirak edənlər muxtar respublikanın bütün müəllimlərinə məktub qəbul etmiş, onları da çərkəslərə yardım etməyə çağırmışlar.
Həmin məktubda deyilir: “Alman faşist quldurları qəhrəman ordumuzun zərbələrini Tvin, Moskva, Stalinqrad ətrafında və Oryol, Kursk, Belqorod, Xarkov istiqamətlərində yaxşıca dadmışlar. Hitlerin “məğlubedilməz” şərəfli diviziyaları Dnepr sahillərində dalbadal məhv edilir və sürətlə Qərbə doğru qaçırlar.
Hər gün yüzlərlə şəhər və kəndlərimiz azğın düşməndən təmizlənir. İndi bizim əsas vəzifəmiz alçaq faşist köpəklərinin müvəqqəti ağalıq etdikləri yerlərdə dağıdılmış, külə döndərilmiş kəndləri və şəhərləri bərpa etməkdən, əsarətdən qurtarmaq, zəhmətkeşlərə qardaşlıq köməyini göstərməkdən ibarətdir.
Biz bu vəzifələri yerinə yetirməyə başlayaraq, ikinci növbədə, 25000 manat pul, 500 dəftər, 500 ədəd müxtəlif kitab və sair verməyi öhdəmizə almışıq. Həmin yığıncaqda müəllimə Xanım İmanova yoldaş avqust ayı maaşını (480 manat), 1 çarpayı, 1 balış, Yevgeniya İbrahimova 450 manat pul, 1 yorğan, Fatma Məmmədova 300 manat pul, 1 adyal, müəllim Murad Tutayuk 690 manat, İdris Səlimov 594 manat, Hüseyn Mirzəyev (Şıxmahmud kəndindəki məktəbin müəllimi) 650 manat pul vermişlər”.
Həmçinin muxtar respublika zəhmətkeşləri müharibə illərində alman faşist işğalçılarından azad edilmiş Stavropol ölkəsinin əməkçilərinə 423840 manat pul, 8348 put buğda, 4168 pud arpa, 429 pud düyü, 700 pud noxud, 901 pud meyvə qurusu, 450 baş qaramal, 226 baş davar, çoxlu paltar və müxtəlif ev əşyaları göndərmişlər.
Qəzetin 10 yanvar 1944-cü il tarixli nömrəsində “Qızıl əsgər ailələrinə qayğı” sərlövhəli yazıda Naxçıvan (Babək) rayonundan ordu sıralarına alınmış döyüşçü ailələrinə 1943-cü il müddətində 2 milyon 465 min 600 manat dövlət təqaüdü, 17200 manat əlavə yardım, bundan başqa, rayonun kolxozları tərəfindən döyüşçü ailələrinə 25500 kiloqram buğda, 6500 kiloqram arpa, 35 kiloqram yağ, 585 kiloqram pendir, 3506 kiloqram ət verilməsi qeyd olunmuşdur.
Qəzetin 2 iyun 1944-cü il tarixli nömrəsində isə Əbrəqunus (Culfa) rayonundan 68 yaşlı Alı Bayramovun İkinci Vətən müharibəsi günlərində kolxozda böyük hünərlə çalışması göstərilir. “Vətənpərvər Alı kişi” başlıqlı yazıda oxuyuruq: “Alı kişi gözünün ağı-qarası olan öz oğlunu ordu sıralarına yola salarkən “Arxayn ol, oğlum, mən təsərrüfatda səni əvəz edəcəyəm. Ancaq sən də Vətən qarşısında və qoca atanın qarşısına üzü qara çıxma”, – deyə xeyir-dua verərək oğlundan ayrılmışdır.
Qoşunlarımızın düşmən üzərindəki qələbələri Alı kişidə böyük ruh yüksəkliyi doğurmuşdur. Onun cəbhədəki oğluna yazdığı məktubda deyilirdi: “Əziz balam, qoşunlarımızın düşmən üzərindəki qələbəsi bütün kolxozçularımızı sevindirir. Düşmən üzərində qazanılan tarixi qələbələrdə arxada çalışan zəhmətkeşlərin də böyük əməyi var. Ölkəyə və cəbhəyə tələb olunandan daha artıq məhsul vermək üçün var qüvvəmizi əsirgəmirik. Oğlum, sən də vuruşmalarda daha qoçaq və daha igid ol. Düşmənə vuracağınız qəti zərbədə yüksək qoçaqlıqlar göstərərək orden və medallar almağa nail ol”.
Qəzetin 7 fevral 1945-ci il tarixli nömrəsində muxtar respublikada tarlaçılıq və heyvandarlığı inkişaf etdirmək sahəsində yüksək göstəricilərə görə Şərur və Şahbuz rayonlarına Naxçıvan MSSR Xalq Komissarları Soveti və Azərbaycan KPMK Naxçıvan Vilayət Komitəsinin keçici Qırmızı bayraqlarının verilməsi qeyd olunmuşdur.
Müharibənin ilk günlərindən muxtar respublikamızdan Naxçıvandan 127 nəfər qadın iştirak etmişdir. Onlardan bir çoxu Naxçıvan Tibb Məktəbinin yetirməsi idi. Səfiyyə Sultanova, Zərifə Camalbəyova, Firuş Məmmədəliyeva, Xeyrənsə Axundova, Fövqiyyə Cəfərova, Xeyrənsə Abdullayeva, Səkinə Şəfiyeva, Zina Şirzadova, Lora Abdullayeva, Səkinə Quliyeva, Vera Abbasova, Gültac Zülfüqarova və digərlərinin feldşer ixtisasına yiyələnərək cəbhəyə getmələri, hərbi xəstəxanalarda, batalyonlarda, polklarda xidmət etmələri qəzet səhifələrində dərc edilmişdir.
Bu faktlar İkinci Dünya müharibəsi illərində Naxçıvan zəhmətkeşlərinin vətənə hədsiz sədaqətini parlaq şəkildə nümayiş etdirir və onu göstərir ki, cəbhə ilə arxanın birliyi alman faşizmi üzərində tarixi qələbəmizin həlledici amili olmuşdur.
“Şərq qapısı”, təxminən, 80 il sonra – müstəqil Azərbaycanın öz haqq işi uğrunda, ərazi bütövlüyünü bərpa etmək üçün apardığı Vətən müharibəsini, cəsur hərbçilərimizin qəhrəmanlıqlarını, şəhidlərimizin döyüş yolunu və nəhayət, tarixi Qələbəmizi eyni şövq və əzmkarlıqla, vətənpərvərliklə işıqlandırmışdır. Bu ilin noyabrında 100 yaşı tamam olacaq qəzetin bütün əməkdaşlarına yaradıcılıq uğurları arzulayırıq.
Fəxrəddin CƏFƏROV
tarix elmləri doktoru