22 Dekabr 2024, Bazar

Azərbaycan aşıq şeirinin tanınmış siması, ustad sənətkar Aşıq Ələsgər ədəbiyyat tariximizdə zəngin, maraqlı irsi, ibrətamiz fikirləri ilə yaşamaqdadır. Onun irsini öyrənən zaman görürük ki, xalq içərisindən çıxan ustad sənətkarın əsərlərində xalq deyim və duyumları özünəməxsus ifadə tərzi ilə diqqəti cəlb edir. “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 fevral tarixli və “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları el sənətkarına göstərilən hərtərəfli dövlət qayğısının əyani göstəricisidir. 

 

1821-ci ildə Azərbaycanın Göyçə mahalının Ağkilsə kəndində sənətkar ailəsində doğulan Aşıq Ələsgər uşaq yaşlarından nağılları, dastanları, dini söhbətləri maraqla dinləyir, güclü yaddaşına köçürürdü. Bütün bunlar isə onun gələcəkdə qüdrətli söz ustadı, xalq aşığı kimi formalaşmasına zəmin hazırlamışdır.Ustad sənətkarın müxtəlifməzmunlu şeirlərində qarşımıza çıxan xalq deyim və duyumları öz zənginliyi ilə maraq doğurur. Təsadüfi deyil ki, Aşıq Ələsgər yaradıcılığından süzülüb gələn bir çox ifadələr xalq arasında aforizmə, hikmətli deyimə çevrilməklə əsrlərdən bəri yaşamaqda və istifadə edilməkdədir.
Öz xalqına, onun tarixinə, mədəniyyətinə, ədəbiyyatına dərin məhəbbətlə bağlı olan Aşıq Ələsgər şeirlərində xalqımızın ən qədim tarixi və ədəbi-mədəni abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanları ilə səsləşən ibrətamiz deyimlərin maraqlı təzahürlərinə rast gəlirik. Aşığın “Üz ha üz” cığalı təcnisindən götürülmüş aşağıdakı parçaya diqqət yetirək:

Mərifət bəhrində qəvvasam deyən,
Gir dərin dəryaya, çalxan, üz ha üz.
Mən aşığam üz ha üz,
Sonam, göldə üz ha üz,
Bivəfadan yar olmaz,
Ömür üzsən, üz, ha üz.
Qarı düşmən bir də gəlib dost olmaz,

Əlin tutub yalvarasan, üz ha üz.

Nümunədə işlənən “Qarı düşmən bir də gəlib dost olmaz” deyimi “Kitabi-Dədə Qorqud” dastanının müqəddiməsində verilən “Qarı düşmən dost olmaz” qədim türk atalar sözünün obrazlı ifadə formasıdır. Məlumdur ki, XIII əsrdə yaşayan tanınmış xalq aşıqlarımızdan olan Xəstə Qasımın cığalı təcnislərindən birində də eyni atalar sözünün işlədilməsi ilə qarşılaşırıq.

Həqiqət bəhrində qəvvasam deyən,
Qəvvas isən gir dəryaya üz ha üz.
Aşıq deyər üz ha üz,
Sonam, göldə üz ha üz,
Qarı düşmən dost olmaz,
Yalvarsan da, yüz ha yüz.

Bu nümunə ilə tanışlıq onu deməyə əsas verir ki, Aşıq Ələsgər özündən əvvəl yaşamış el sənətkarlarının irsinə dərindən bələd olmuş, onları öyrənmiş və yeri gəldikcə onlardan bəhrələnmişdir.

Azərbaycan folklorunda igidlik, mərdlik, ərlik, sözübütövlük kimi anlayışları ifadə edən xeyli sayda atalar sözü və məsəllərimiz vardır ki, onlar xalq ədəbiyyatımıza yaxından bələd olan aşığın şeirlərində öz əksini tapmışdır. Belə ki, “İgid ölər, adı qalar”, “Mərd igid kəsdiyi çörəyi basmaz” kimi atalar sözlərimiz Aşıq Ələsgər yaradıcılığında özünəməxsus obrazlılıqla ifadə edilmişdir.

Ələsgər də eşq içində qaladı,
Şirin canın ataşına qaladı.
Ər iyidin canı getsə, qala adı,
Nakəslərin dəhr içində nə də adı!

...Ələsgər, dər bağdan yaxşıca nana,
Mərd iyid kəc baxmaz yaxşıca nana,
Yaxşı can yetişsə, yaxşı canana,
Həmi gün xoş keçər, həm ay-il eylə.

“Hər gecənin bir gündüzü var” xalq deyimi Aşıq Ələsgər poeziyasında maraqlı şəkildə öz əksini tapmışdır.
Ələsgər, axtarma qüdrətin sirrin,
Zülmətdə işıq var, acıda şirin.
Zikr eylə dilində mərdlərin pirin,
Qorxma, dar günündə yar olacaqdır.

Xalq arasında “Kişinin sözü bir olar”, “Kişi sözünə xilaf çıxmaz”, “Söz ağızdan çıxdı qurtardı”, “Kişi gərək sözü üzə deməyi bacarsın” kimi ibrətamiz deyimlər Aşıq Ələsgər şeirlərində orijinal bir dillə, maraqlı deyim tərzi ilə işlədilmişdir.

Arif olan, gəlin sizə söyləyim,
İyid sözü mərd-mərdana yaxşıdı.
Kişi gərək dediyindən dönməsin,
Biilqardan bir zənana yaxşıdı.

Azərbaycan folklorunda “Bədəsil əvvəl vəfa göstərər, sonra cəfa”, “Bədəsildən əsil olmaz, boyunca qızıl qala”, “Bədəsili başa çəkərsən, sürüşüb aşağı düşər”, “Bədəsilin başmağını cütlərsən, deyər geridə dur” kimi çoxlu sayda atalar sözləri vardır ki, onların da Aşıq Ələsgər yaradıcılığında olduqca maraqlı ifadə formasına rast gəlirik.

Bədəsildən hərgiz olmaz heç əsil,
Lənət sana gəlsin, pis soy, pis nəsil!
Firib-fəsad ondan qalxar müttəsil,
Ölüncə tərgitməz öz əməlini.

Bir qədər yuxarıda qeyd etdik ki, xalqının tarixi keçmişinə, ədəbiyyatına, mədəniyyətinə dərindən yiyələnən görkəmli el sənətkarının yaradıcılığında “Kitabi-Dədə Qorqud” dastanında işlənən atalar sözlərinin özünənməxsus obrazlı deyim tərzinə rast gəlirik. Belə ki, “Kitabi-Dədə Qorqud” dastanında “Qız anadan görməyincə öyüd almaz, oğul atadan görməyincə süfrə salmaz” deyiminin ikinci hissəsinin Aşıq Ələsgər şeirlərində aşağıdakı kimi işləndiyinin şahidi oluruq.

Kişi gərək zəhmət çəksin, dər salsın,
Süfrə açsın, ad qazansın, dər salsın.
Dərsi azlar Ələsgərdən dərs alsın,
Altı min altı yüz ayə məndədi.

“Gədadan bəy olmaz” atalar sözü Azərbaycan folklorunda maraqlı ifadələrdən biridir. Bu deyim Ələsgər yaradıcılığında da maraqlı bir dillə ifadə edilmişdir.

Görməmişəm öküz yeriyə yorğa.
Gədadan bəy olmaz, dəlidən darğa,
Suda çimmək ilə sağsağan qarğa,
Göldə silkələnib qaz olmaz, olmaz.

Aşıq Ələsgər şeirlərində dostluqla bağlı nümunələrin sayı olduqca çoxdur. Maraqlıdır ki, belə şeirlərində el sənətkarı diqqəti cəlb edən ifadələrdən çox istifadə etmişdir.

...Dedim, könül, içmə eşqin camını,
İçsən, dünya sana dar olacaqdı.
Ya dost olma, ya zəhmətdən incimə,
Dost yolunda boran, qar olacaqdı.

Bu tip şeirlərində xalq sənətkarının bəzən dostların vəfasızlığından şikayətləndiyini də görürük.

...On bir ayda mənim üzüm gülmədi,
Qəza qəhri məndən heç üzülmədi,
Yaxşı dostlar yaman gündə gəlmədi,
Dost sarıdan çox mükəddər olmuşam.

Ümumiyyətlə, Aşıq Ələsgər yaradıcılığı xalq deyimləri, atalar sözləri və məsəllərlə zəngindir. Onun irsinin bu istiqamətdə öyrənilməsi olduqca maraqlıdır. Düşünürük ki, el sənətkarının 200 illik yubileyinin qeyd edildiyi bu ildə onun ədəbi irsinin daha dərin araşdırılması bir çox yeni və orijinal faktların ortaya çıxarılmasına imkan verəcəkdir.

Rəşad ZÜLFÜQAROV
filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR